20 Yanvar faciəsi qurbanlarının xatirəsi xarici ölkələrdə də anılmışdır

 

İstanbul

Azərbaycanın İstanbuldakı baş konsulluğunda xalqımızın ən böyük faciələrindən biri, eyni zamanda, şərəf günü olan 20 Yanvar qətliamının ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir.

Mərasimə toplaşan diaspor təmsilçilərimiz, qardaş ölkədə yaşayan soydaşlarımız, tələbə və müdavimlər, kütləvi informasiya vasitələrinin nümayəndələri şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənmişdir.

Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov 20 Yanvar qətliamının səbəbləri, həmin ağır dövrdə xalqımızın azadlıq mübarizəsindən və M.Qorbaçov başda olmaqla SSRİ rəhbərliyinin ermənipərəst siyasətindən ətraflı bəhs etmişdir. O bildirmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda dinc əhaliyə divan tutan sovet qoşunları 150-yə yaxın insanı amansızlıqla qətlə yetirmiş, 700-dən çox şəhər sakini yaralanmışdır. Həmin faciəli günlərdə xalqımızın ümummilli lideri Heydər Əliyev Moskvadakı daimi nümayəndəliyə gəlmiş, bu qətliamın günahkarlarını pisləyən bəyanat vermişdir. Qanlı Yanvar faciəsinə hüquqi və siyasi qiymət də məhz ulu öndərin səyləri ilə verilmişdir.

Mərasimdə çıxış edən Yıldız Texniki Universitetinin professoru Adil Allahverdiyev, diplomat Mikayıl Yusifov, hərbçi Elçin Məmmədov, tələbə Rəşad Abdullayev və İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Qaraqoyunlu bildirmişlər ki, 20 Yanvar faciəsi, Xocalı soyqırımı və digər qətliamlar bütün türk dünyasına qarşı törədilmiş cinayətlərdir. Qanlı Yanvar, eyni zamanda, Azərbaycanın tarixində milli azadlıq mübarizəsinin şanlı səhifəsi kimi qalacaqdır.

Sonra mərasim iştirakçıları 20 Yanvar qətliamını əks etdirən fotosərgi ilə tanış olmuş, sənədli filmə baxmışlar.

London

Böyük Britaniyanın gündəlik “Avropa Times” qəzetində Qanlı Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı “Azərbaycan Qara Yanvar faciəsini xatırlayır” sərlövhəli məqalə dərc edilmişdir.

Məqalədə 1990-cı il yanvarın 20-də sovet qoşunları tərəfindən Bakıda aralarında uşaqların, qadınların və qocaların olduğu dinc, silahsız insanların amansızlıqla qətlə yetirilməsi sovet imperiyasının son çırpıntıları və vəhşilik aktı kimi göstərilmişdir. Qeyd edilmişdir ki, azadlıq və müstəqillik uğrunda mübarizə aparan insanlara qarşı törədilən bu qətliam zamanı 147 nəfər qətlə yetirilmiş, 700-dən artıq insan yaralanmışdır. Həmin tarixdən etibarən bu hadisə Qara Yanvar kimi bütün dünyada matəm günü olaraq qeyd edilir.

Məqalədə vurğulanmışdır ki, bu hadisə həm də Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsində dönüş nöqtəsi olmuş və ölkəmiz 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etmişdir.

Müəllif 20 Yanvar faciəsinin Böyük Britaniyadakı Azərbaycan icması tərəfindən hər il matəm günü kimi qeyd edildiyini bildirmiş, Azərbaycanın bu ölkədəki səfiri Fəxrəddin Qurbanovun qətliamın qurbanlarının anım mərasimində səsləndirdiyi fikirlərə yer verilmişdir.

Berlin

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı (AFR) səfirliyində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

Almaniya Bundestaqı deputatlarının, bu ölkənin siyasi və mədəniyyət xadimlərinin, mətbuat nümayəndələrinin, xarici ölkə diplomatlarının və Azərbaycan diasporu üzvlərinin qatıldıqları tədbiri Azərbaycanın AFR-dəki səfiri Pərviz Şahbazov açmışdır.

Hadisələr zamanı həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra səfir tədbir iştirakçılarına 20 Yanvar faciəsi  haqqında geniş məlumat vermişdir.

P.Şahbazov bildirmişdir ki, sovet hakimiyyəti tərəfindən Azərbaycan xalqının azadlıq ideallarını beşiyindəcə boğmaq məqsədilə törədilmiş bu qanlı cinayət xalqımızı müstəqillik yolundan döndərməyi bacarmamışdır. Səfir ümummilli liderimiz Heydər Əliyevin qanlı qırğından dərhal sonra Moskvada 20 Yanvar faciəsi üçün məsuliyyət daşıyan sovet dövlətinin rəhbərlərini ifşa etdiyini və müstəqil Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra faciəyə hüquqi-siyasi qiymətin verilməsinə nail olduğunu diqqətə çatdırmışdır.

Səfir, eyni zamanda, təəssüflə qeyd etmişdir ki, hadisələr baş verən zaman Azərbaycan informasiya blokadasında olduğu üçün dünya, o cümlədən Almaniya KİV-lərində 20 Yanvar faciəsi barədə təqdim olunmuş məlumatlar hadisələrin tam obyektiv təsvirini verməmişdir.

Daha sonra Berlin Humbolt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva Maria Aux 20 Yanvar hadisələrinin tarixi haqqında məruzə ilə çıxış etmişdir. O zamankı hadisələri dərindən təhlil edən professor Eva Maria Aux Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə və qətliamlara da toxunmuş, 20 Yanvar faciəsini törətmiş sovet hökuməti və onun rəhbəri Mixail Qorbaçovu erməni separatçılığına şərait yaratmaqda ittiham etmişdir.

Tədbirin rəsmi hissəsindən sonra Almaniyada yaşayan azərbaycanlı musiqiçilər Tamilla Quliyeva və Anar İbrahimovun ifasında Azərbaycan və Qərb bəstəkarlarının əsərlərindən ibarət anma konserti səsləndirilmişdir. Eyni zamanda, 20 Yanvar faciəsindən bəhs edən tarixi fotoşəkillərdən ibarət sərgi, həmçinin müxtəlif əyani vəsaitlər tədbir iştirakçılarına təqdim olunmuşdur.

Paris

Azərbaycan xalqının azadlıq salnaməsində əbədi iz buraxan

20 Yanvar şəhidlərinin xatirəsi  ölkəmizdə və dünyanın müxtəlif guşələrində olduğu kimi, Parisdə də anılmışdır.

Qanlı Yanvar faciəsi ilə bağlı keçirilən tədbirdən əvvəl Parisin Sən Klu qəbiristanlığında uyuyan Azərbaycan Demokratik Cümhuriyyətinin ilk parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun və “Azərbaycan” qəzetinin redaktoru Ceyhun Hacıbəylinin məzarları önünə Azərbaycan səfirliyi adından əklillər qoyulmuş və xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edən səfir Elçin Əmirbəyov çıxışında Əlimərdan bəy Topçubaşovun  məzarı qarşısında 20 Yanvar şəhidlərinin xatirəsinin anılmasının heç də təsadüf olmadığını demişdir. Şərqdə ilk demokratik quruluşlu Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, ilk parlamentin sədri Əlimərdan bəy Topçubaşovun  və digərlərinin o dövrdə Azərbaycanın müstəqillik əldə etməsi arzusu  ilə yaşadıqlarını və bu yolda yorulmadan mübarizə apardıqlarını xatırlatmışdır.

İstiqlal yolunun çətinliyini, AXC-nin 23 ay yaşadığını və bolşeviklərin Azərbaycanı zəbt  etmələri nəticəsində  qanlar bahasına əldə edilən müstəqilliyə son qoyulduğunu diqqətə çatdıran səfir  yalnız 70 ildən sonra ölkəmizin müstəqilliyinin bərpa edildiyini bildirmişdir.

E.Əmirbəyov keçmiş sovet məkanında Azərbaycanın nadir respublikalardan biri kimi müstəqilliyini qanı bahasına yenidən əldə etdiyini vurğulayaraq qeyd etmişdir ki, xalqımız əzmkarlığını itirməmiş, illər boyu müstəqillik arzusu ilə yaşamışdır.

Səfir qeyd etmişdir ki,  20 Yanvar  faciəsi Azərbaycan xalqının  öz müstəqilliyindən heç zaman geri çəkilməməsinin bariz nümunəsidir.  Bir tərəfdən 20 Yanvar faciəli hadisədirsə, digər tərəfdən bu, xalqımızın qəhrəmanlıq səhifəsidir. Azərbaycanın azadlığı naminə həyatlarını qurban verərək şəhidlik zirvəsinə yüksələn insanlar əmin idilər ki, ölkəmiz öz müstəqilliyini bərpa edəcəkdir. Qanlı 20 Yanvardan 24 il keçəndən sonra Azərbaycan nəinki öz müstəqilliyini qoruyub saxlaya bilmiş, hətta qüdrətli bir dövlət olmuşdur.

Azərbaycan tarixinin qanlı səhifələrindən birini təşkil edən 20 Yanvar hadisəsinə beynəlxalq aləmdə birmənalı qiymət verilməməsini xatırladan səfir ölkəmizə qarşı ikili standartlara yol verildiyini, müdhiş hadisə zamanı ümummilli liderimiz Heydər Əliyevin çətinliklərə və təhlükələrə baxmayaraq, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək faciəyə mövqeyini bildirdiyini, bu qətliamı törədən sovet rəhbərlərinin hərəkətini kəskin şəkildə pislədiyini diqqətə çatdırmışdır. 

E.Əmirbəyov vurğulamışdır ki, məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin fevral ayında Milli Məclis tərəfindən 20 Yanvar hadisələrinə siyasi qiymət verilmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan səfir hələlik həllini tapmayan bu məsələnin xalqımız üçün ən ağrılı problem olduğunu qeyd etmişdir. O, işğal altındakı torpaqlarımızın ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində yaxın vaxtlarda azad olunacağına əminliyini bildirmişdir.

Tədbirdə səfirliyin və Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin əməkdaşları, diasporun təmsilçiləri iştirak etmişlər.

Sonda səfirlikdə şəhidlərin xatirəsinə ehsan verilmişdir.

Brüssel

Azərbaycanın Belçikadakı səfirliyinin və Belçika-Cənubi Qafqaz Tədris və Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə

20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.

Mərasimdə əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Sonra Azərbaycanın dövlət himni səsləndirilmiş və Qanlı Yanvar hadisələrindən bəhs edən film nümayiş etdirilmişdir. 

Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov və NATO yanında nümayəndəliyinin rəhbəri Xəzər İbrahim mərasimdə çıxış edərək, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda törətdiyi qanlı faciənin səbəbləri, bu hadisənin Azərbaycan tarixində yeri və nəticələri barədə ətraflı məlumat vermişlər. Bildirilmişdir ki, sovet ordusunun törətdiyi bu qanlı cinayət keçmiş SSRİ-nin süqutunu daha da sürətləndirmiş, Azərbaycanda müstəqillik hərəkatının daha geniş vüsət almasına şərait yaratmışdır. Doğma Vətənin bugünkü inkişafında o günlərin tarixi təcrübəsinin nəzərə alınmasının xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanmışdır.

Tədbirdə digər çıxış edənlər, o cümlədən Brüsseldə fəaliyyət göstərən “CeCeForma” qeyri-hökumət təşkilatının rəhbəri Mişel İvor 20 Yanvar şəhidlərinin Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçdiklərini qeyd etmiş, həmin hadisələrin müasir Azərbaycan tarixində dönüş nöqtəsi olduğunu bildirmişlər.

Mərasimdə Belçikada yaşayan Azərbaycan və türk diaspor təşkilatlarının təmsilçiləri, KİV nümayəndələri, azərbaycanlı tələbələr, səfirliyin və nümayəndəliyin əməkdaşlarının ailə üzvləri iştirak etmişlər.

Mərasim Brüsseldə fəaliyyət göstərən türkdilli media orqanları tərəfindən işıqlandırılmışdır.

Strasburq

Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyi 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar anım mərasimi təşkil etmişdir.

Tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri, səfir Emin Eyyubov xalqımızın qan yaddaşına həkk olunmuş 20 Yanvar faciəsi barədə məlumat vermiş, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayətin əsl mahiyyətindən danışmış, bu günü tariximizin qəhrəmanlıq səhifəsi kimi səciyyələndirmişdir. Diplomat o müdhiş gecədə 147 nəfərin şəhid olduğunu, yüzlərlə insanın yaralandığını və həbs edildiyini diqqətə çatdırmışdır.

Səfir qeyd etmişdir ki, bu qırğına baxmayaraq, sovet rejimi Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. İyirmi Yanvar hadisələri müstəqilliyə gedən yolun başlanğıcı oldu.

Qanlı Yanvar faciəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini vurğulayan E.Eyyubov həmin günlərdə ümummilli lider Heydər Əliyevin Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək xalqımıza ən çətin zamanda mənəvi dəstək olduğunu və bu qırğını törədənlərə kəskin etiraz etdiyini vurğulamış, məhz ulu öndərin sərəncamı ilə 20 Yanvarın ümumxalq hüzn günü elan edildiyini diqqətə çatdırmışdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə böyük uğurlar qazandığını söyləyən diplomat bu gün dünyada demokratik, güclü və inkişaf etmiş müstəqil Azərbaycan dövlətinin  mövcud olduğunu vurğulamışdır. O, həmçinin ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə, sağlamlığını itirmiş insanların sosial şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət göstərildiyini, onların sosial təminatının gücləndirildiyini bildirmişdir.

Azərbaycanla Mədəni Əlaqələr Cəmiyyətinin sədri Mustafa Əlincə  20 Yanvarın həm də Azərbaycan tarixində qürur və qəhrəmanlıq səhifəsi olduğunu bildirmiş, qətliamın xalqın azadlıq arzusunu söndürə bilmədiyini demişdir.

Tədbirdə nümayəndəliyin əməkdaşları, Azərbaycan və türk diaspor təşkilatlarının təmsilçiləri, Strasburqda təhsil alan azərbaycanlı və xarici tələbələr iştirak etmişlər.

Sonra Vətənimizin müstəqilliyi uğrunda şəhid olmuş faciə qurbanlarının xatirəsinə ehsan süfrəsi açılmışdır.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında