Şəhidlərimizin əziz xatirəsi əbədi olaraq xalqımızın yaddaşına həkk olunmuşdur

 

 

 

20 Yanvar günü xalqımızın milli müstəqillik, azadlıq uğrunda şəhidliyə ucalmaq ruhunun və yenilməz iradəsinin rəmzinə çevrilmişdir. Həmin gün təpədən dırnağadək silahlanmış sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, azadlıq arzularını daha ucadan bəyan etmişdir. 1990-cı ilin 20 Yanvar günü şəhidlərimiz öz qanları ilə Azərbaycanın yeni tarixini yazmışlar. Onların əziz xatirəsi əbədi olaraq xalqımızın yaddaşına həkk olunmuşdur.

Xalqımızın yaddaşına Qara Yanvar gecəsi kimi həkk olunmuş bu tarix həm şəhidlərimizin xatirəsinin anma günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birliyi, bərabərliyi günüdür.

Şübhəsiz ki, bütün cinayət hadisələri kimi, bu qanlı aksiyanın da sifarişçiləri və icraçıları vardı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələri və zirehli texnikası heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin bir çox şəhər və rayonlarına yeridilmişdi. Nəticədə beynəlxalq hüquq normaları, keçmiş SSRİ-nin və Azərbaycan SSR-in konstitusiyalarının müvafiq müddəaları kobudcasına pozulmuş, millətçi ermənilərin respublikamıza qarşı təcavüzünə etiraz əlaməti olaraq öz torpaqlarının, milli mənliyinin, qürurunun müdafiəsinə qalxmış xalqımıza vəhşicəsinə divan tutulmuşdur.

Keçmiş SSRİ rəhbərlərinin göstərişinə əsasən həyata keçirilmiş xüsusi hərbi əməliyyat nəticəsində bir neçə istiqamətdən Bakıya daxil olan silahlı qüvvələr milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 nəfər silahsız mülki şəxsi amansızcasına qətlə yetirmiş, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 700-dən çox dinc, günahsız insan yaralanmış, yüzlərlə adam itkin düşmüş, 800 nəfərdən çox adam qanunsuz həbs edilmişdi. Cəbhə xəttini xatırladan, blokadaya alınmış, səmasında hərbi vertolyotlar fırlanan Bakıda ölçüyəgəlməz dağıntılar törədilmiş, televiziyanın enerji bloku partladılmış, inzibati və yaşayış binalarına, nəqliyyat vasitələrinə ciddi ziyan vurulmuşdu. İnsanlıq simasını itirmiş hərbi canilər törətdikləri vəhşilikləri ört-basdır etmək, həlak olanların dəqiq sayını gizlətmək üçün cəsədləri belə məhv edirdilər. Hücum zamanı qadağan edilmiş silah və sursatdan istifadə olunmuşdu. Azğınlaşmış hərbçilər bu fəlakətli gecədə mərhəmət hissini unudaraq, ağır yaralıları yerindəcə öldürürdü. Yaralıları çıxaran təcili tibbi yardım maşınlarına və həkimlərə də atəş açılmış, tibb işçiləri də şəhid olmuşdur.

2014-cü il yanvarın 20-də səhər tezdən Şəhidlər Xiyabanı yenə də insan selinə bürünmüşdü. Yaşlılar, gənclər, uşaqlar, qadınlar, qızlar şəhidlərimizin xatirəsinə öz ehtiramlarını bildirmək üçün bu müqəddəs məkana gəlmişlər.

Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurov deyir:

– Biz 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd edirik, o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq. Məhz xalqımızın yenilməzliyi, Vətənə, torpağa sədaqəti, azadlıq uğrunda mübarizə əzmi sayəsində müqəddəs arzumuza çatdıq – azadlığımıza qovuşduq.

Bu fikirləri Şəhidlər Xiyabanına ziyarətə gələn insanların çoxunun dilindən eşitmək olardı.

Şəhidlərimiz tariximizin ən parlaq səhifəsini yazdılar. Sovet İmperiyasının Azərbaycana qarşı məkrli niyyəti baş tutmadı.  Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Məhərrəm Xəlilov deyir:

- İmperiya qüvvələrinin 1990-cı il yanvarın 20-də xalqımıza qarşı törətdiyi qanlı terror müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan Azərbaycan xalqının iradəsini, əzmini qırmaq məqsədi daşıyırdı. Lakin onların məkrli niyyətləri baş tutmadı. Həmin gecə Vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimiz ölümləri ilə ölməzliyə qovuşaraq, tariximizin ən parlaq səhifəsini yazdılar. Bu faciəli tarix xalqın yaddaşında daim qalmalı və gələcək nəsillər üçün mərdlik dərsi olmalıdır. 20 Yanvar hadisəsindən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir. 

20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə ağrı-acı ilə xatırlanacaq gün deyildir. Bu həm də Azərbaycan xalqının şərəf və ləyaqət günüdür. Xalqımız həmin gün üzərinə şığıyan dəhşətli kabusa, sovet hərb maşınının qorxunc qaragüruhuna qarşı sinəsini sipər etməyi, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. Məhz həmin hadisələr bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı pozulan hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir.

20 Yanvar şəhidi Əli Həsənovun qızı Cəmilə Həsənli üçün 20 Yanvar hadisələrindən danışmaq nə qədər çətin olsa da, bir o qədər də şərəflidir. O deyir:

– Mənfur düşmən igid oğul və qızlarımızın qanlarını tökərək Azərbaycanı xəritədən silməyə çalışırdı. Ancaq onlar insanlığa yaraşmayan üsullardan istifadə etsələr də, buna nail ola bilmədilər. Azadlığımızın, müstəqilliyimizin əldə edilməsində bu xiyabanda uyuyan şəhidlərimizin əvəzsiz payı vardır.

Təəssüf ki, həm SSRİ, həm də o vaxtkı Azərbaycan rəhbərliyi bu qanlı cinayətin bilavasitə təşkilatçıları və iştirakçıları olduqlarından nəinki onun üstünün açılması və cinayətkarların məsuliyyətə cəlb olunmasından ötrü tədbirlər görmədi, əksinə, bu cinayəti ört-basdır etmək üçün əllərindən gələni etdilər.

20 Yanvar faciəsindən bir gün sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək xalqımızın kədərini bölüşməsi və kommunist rejiminin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı ifşa etməsi o dövrdə xalqımıza bir dayaq, təsəlli oldu. Xalq o ağır günlərdə köməksiz olmadığını hiss etdi.

Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) sədri Ramin Həkimov deyir:

– Qara Yanvarda çoxlu günahsız qanlar axıdılmışdır. Yalnız ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə Azərbaycan rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verildi. Şəhidlərimizin xatirəsi bizim üçün həmişə əzizdir.

Onun fikirlərinin davamı olaraq xatırlatmaq lazımdır ki, 1990-cı il noyabrın 21-də ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verdi. Muxtar Respublika Ali Məclisinin həmin tarixi bəyanatında Azərbaycan xalqına qarşı törədilən bu siyasi və hərbi qəsdin cavabdehləri və günahkarlarının adları açıqlandı. Sovet hakimiyyətinin süqutundan və Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra bir müddət başları hakimiyyət uğrunda mübarizəyə qarışan Azərbaycanın o vaxtkı rəhbərləri xalqımıza qarşı törədilən bu ağır cinayətin səbəblərinin araşdırılması, ona siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Yalnız ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları bir daha ictimaiyyətə çatdırıldı.

Şəhidlər Xiyabanına ziyarətə gələnlərin ardı-arası kəsilmir. Böyükdən kiçiyədək hər kəs Vətən övladlarının uyuduqları bu məkanı ziyarət etməyi özlərinin müqəddəs borcu bilirlər. 

İyirmi dörd il bundan əvvəl törədilmiş bu faciəni insanlığa qarşı yönələn ən qatı cinayət adlandıran “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda” Cəmiyyətin beynəlxalq əlaqələr üzrə katibi Cavid Rəhimov deyir:

– Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın əyilməzliyini, mübarizliyini bir daha nümayiş etdirdi. 20 Yanvar hadisələri istiqlal mübarizəmizin zirvələrindən biridir.

Şəhidlərimiz yüksək ehtirama, dərin hörmətə layiqdirlər. Azərbaycanın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvləri, əzizləri də hər zaman dövlət qayğısı ilə əhatə olunmuşdur. Eləcə də 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı hər zaman dövlətimizin başçısının diqqətindədir. 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirilmişdir. Əvvəlcə şəhid ailələrinin pensiya təminatı, mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış səviyyəsinin yüksəldilməsi ilə bağlı qanunvericilik bazası yaradılmışdır. Dövlətimizin başçısı bu istiqamətdə sərəncam və fərmanlar imzalamışdır. Əlillərin reabilitasiyası üçün respublikada yeni sağlamlıq mərkəzləri açılmışdır. Əlil və şəhid ailələrinə yeni mənzillər verilmişdir. 20 Yanvar faciəsində şəhid olan şəxslərin ailələrinə Prezident təqaüdü verilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Ölkənin iqtisadi durumunun yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində daha qabarıq göstərir.

Şəhidlər Xiyabanı həm Qanlı Yanvar qırğınında, həm də torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə həyatını qurban vermiş insanların əbədi uyuduğu müqəddəs məkandır. Azərbaycan xalqı yaşadıqca bir-birini əvəzləyəcək gələcək nəsillərimiz bu məkana gələrək “Əbədi məşəl” abidəsi önündə həmişə ehtiramla baş əyəcəklər. Həyatını təhlükəyə ataraq faciəni bütün dünyaya bəyan edən ümummilli liderimiz Heydər Əliyevin cəsarəti isə günahkarların mühakimə olunması yolunda hər bir azərbaycanlıya nümunə olacaqdır.

Ümumxalq Hüzn Günündə Şəhidlər Xiyabanının ziyarəti səhər tezdən axşamdan xeyli keçənədək davam etmişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında