1990-cı ilin 20 Yanvarı Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənərək Bakının küçələrinə və meydanlarına çıxaraq öz etiraz səsini qaldıran geniş xalq kütləsinə sovet ordusunun döyüş hissələri tərəfindən amansız divan tutulmuşdur. Həmin faciəli günlərdə öz Vətəninin, xalqının azadlığını,müstəqilliyini, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd oğul və qızlarımız canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, cəsarətini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.
Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və suverenlik əldə etdik. Dünyada analoqu olmayan bu qanlı hadisədən 24 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir. 1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycan tarixinə qan yaddaşı kimi yazılmış yeni dəhşətli səhifədir. 1988- ci ildən başlanmış Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 1990-cı ilin əvvəllərində daha da qızışmağa başladı. Yanvarın 13-də Bakıda ermənilərin təxribatı nəticəsində guya Ermənistandan qaçqın düşən azərbaycanlıların erməniləri talan etmələri və qətlə yetirmələri barədə xəbərlər yayıldı. Moskvadan Bakıya gələn yüksək vəzifəli məmurlar guya bu hadisəni araşdırır və günahkarları müəyyənləşdirirdilər. Moskvanın Azərbaycana göndərdiyi Kreml rəsmiləri Bakıda Azərbaycan Kommunist Partiyası rəhbərliyi ilə görüşmüşdülər. Müzakirələr zamanı Moskvadan gələn məmurlar Bakıda fövqəladə vəziyyətin elan olunmayacağı və Bakıya ordu yeridilməyəcəyi barədə zəmanət verirdilər. Amma 4 gün sonra Bakıda fövqəladə vəziyyət elan olundu. Bakıya rus qoşunları yeridildi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq edilmədən şəhərə daxil olan sovet qoşun hissələri müstəqillik arzusu ilə küçələrə çıxan dinc əhalini pulemyotlardan və avtomatlardan atəşə tutdu. SSRİ Müdafiə Nazirliyinin, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi “Udar” adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı “ALFA” və SSRİ DTK-nın “A” təxribat qrupları oynayırdı. Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 137 insan qətlə yetirildi, 700-dən artıq vətəndaş yaralandı və ağır xəsarət aldı. Bu faciə zamanı azərbaycanlılarla yanaşı, Bakıda yaşayan 6 rus, 3 tatar, 3 yəhudi həlak olmuşdur. Həlak olanların arasında 4 polis , 1 həkim, 1 aspirant, 3 elmlər doktoru olub. 700-dən çox yaralının 25-i qadın, 20-si uşaq idi. Bu faciə əslində imperiya ordusunun, erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı idi. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi keçmiş SSRİ rəhbəri Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinin nəticəsi idi.
Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitlər, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi. Rəsmi məlumatlara görə, həmin şənbə gecəsində Bakıya 35 minlik Sovet ordusu daxil olub. Qorbaçovun əmri ilə SSRİ -nin müdafiə naziri D.Yazovun başçılığı ilə “UDAR” adlı bu əməliyyatda xüsusi təyinatlı “ALFA” və SSRİ DTK-sının “A” təxribat qrupundan istifadə edilməsi uzun müddət SSRİ xalqlarından gizlədilmişdir.
Bu qanlı gecədə Sovet qoşunları hez bir gunahı olmayan və sadəcə olaraq azad yaşamaq istəyən silahsız bir millətə qarşı müxtəlif cür silahlardan, beynəlxalq səviyyədə qadağan olunmuş 5.45 tipli güllələrdən və digər hərbi vasitələrdən istifadə etmişdilər.
20 Yanvar faciəsini doğuran əsas səbəblər, Kremli qorxuya salan nə idi?
1980-ci illərin axırlarında Azərbaycanda ictimai-siyasi vəziyyət xeyli kəskinləşmişdi. Keçmiş Sovet İttifaqında gedən proseslər, ölkə rəhbərliyinin uğursuz “yenidənqurma” siyasəti, dövlət idarəçiliyndəki naşılıq, iqtisadi islahatların düzgün aparılmaması, milli siyasət sahəsində buraxılan kobud səhvlər ictimai - siyasi sabitliyi daha da gərginləşdirirdi. Bütün bunlar respublikada milli-azadlıq hərəkatının geniş vüsət almasına gətirib çıxarmışdı. Azərbaycanda ictimai-siyasi vəziyyətin kəskinləşməsinin əsas səbəblərindən biri də Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını qabarıq şəkildə irəli sürməsi və ən başlıcası SSRİ rəhbərliyindən böyük dəstək alması idi. İnsanların hiddətinə səbəb olmuş digər məsələ isə qondarma “Dağlıq Qarabağ problemi”nin ortaya atılması idi. Mixail Qorbaçova və SSRİ rəhbərliyindəki digər havadarlarına arxalanan ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və dinc əhaliyə qarşı terror aktları nəhayət xalqın səbr kasasını daşdırdı . “Torpaqdan pay olmaz” tələbi ilə ayağa qalxan xalqın etiraz dalğaları Kremlin rəhbərini ciddi təşvişə saldı. Xalqın azadlıq və müstəqillik uğrunda mübarizəsi və etiraz səsini qaldırması SSRİ rəhbərliyini qorxuya salmaya bilməzdi. Ona görə də Azərbaycanda baş qaldırmış etiraz dalğasının qarşısını almaq üçün M.Qorbaçovun tapşırığı ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən plan hazırlandı. Bakıda, Sumqayıtda, Lənkəranda, Cəlil-
abadda, Neftçalada və digər bölgələrdə ermənilərə və ruslara qarşı düşünülmüş şəkildə təxribatlar törədildi. Digər tərəfdən, Azərbaycana rəhbərlik edən Əbdürrəhman Vəzirovun yarıtmaz dövlət idarəçiliyi, imperiyanın tapşırıqlarına can- başla əməl etməsi, milli adət-ənənələrimizə, azərbaycançılığa zidd hərəkətləri xalqı daha da qəzəbləndirmişdi.
Ölkədə yaranmış qarışıqlıqdan və özbaşınalıqdan istifadə edərək hakimiyyəti ələ keçirməyə çalışan, özlərini xalq hərəkatının lideri hesab edənlər vəziyyəti daha da kəskinləşdirirdilər. Belə antimilli dairələr sovet qoşunlarına müqavimət göstərmək üçün xalqı küçələrə çıxmağa çağırırdılar. “Meydan liderləri” kimi tanınan vəzifə hərisləri imperiya ordusunun şəhərə yaxınlaşdığını bilsələr də, bunu küçələrə çıxmış əliyalın insanlardan gizli saxlayırdılar. O dövrdə ölkəyə rəhbərlik edən Ə.Vəzirovun və respublika DTK-sının sədri V.Hüseynovun imzası ilə Moskvaya göndərilmiş şifroqramlar sovet ordusunun Bakıya yeridilməsi üçün Mixail Qorbaçovun əlində əsas olmuşdu. Sonra baş verən dəhşətli faciənin ağır nəticələri indi də hər birimizin ürəyini ağrıdır.
20 Yanvar cinayəti bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan Haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdu. Bu məqamlar 20 Yanvar hadisələri ilə bağlı aparılmış ən səthi təhqiqatlarda da təsdiqlənir.
20 Yanvar faciəsinin günahkarları uzun müddət xalqdan gizli saxlanıldı. AXC - Müsavat cütlüyü bu faciənin törədilməsinin əsl mahiyyətini açmaqda maraqlı olmadı. Bunun əsas səbəblərindən biri bu facənin törədilməsində həmin hakimiyyətdə yüksək vəzifədə təmsil olunanlardan bəzilərinin bilavasitə iştirakçı olması idi. Yalnız ulu öndər Heydər Əliyevin cəsarəti, xalqına, millətinə, Vətəninə olan sonsuz sevgisi sayəsində bu dəhşətli soyqırımı barəsində dünya ictimaiyyətinə dəqiq məlumat verildi. M.Qorbaçovun qısqanclığı və ermənilərin fitvası ilə 1987-ci ildə Sovet İttifaqının rəhbərliyindən uzaqlaşdırılan, lakin bundan sonra da Moskvanın təqib və təzyiqlərinə məruz qalan qüdrətli şəxsiyyət Heydər Əliyev özünün və övladlarının həyatını təhlükə qarşısında qoyaraq qanlı faciənin ertəsi günü – Yanvarın 21-də Azərbaycanın sovet imperiyasının paytaxtı Moskvada yerləşən nümayəndəliyinə gəlmiş, burada mətbuat konfransı keçirmişdi. Ulu öndər Heydər Əliyev mətbuat konfransında bu qanlı aksiyanı qətiyyətlə pisləmiş və günahkarların öz vəhşi əməllərinə görə mütləq cavab verəcəklərini bəyan etmişdir. Azərbaycan xalqının ümummilli lideri öz bəyanatında Kremlin və Azərbaycan rəhbərliyinin hüquqa, demokratiyaya və humanzimə zidd olan əməllərini ifşa etdi. O, bu hadisələrə fikrini belə ifadə etmişdi:“Ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və Sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə həyata keçirilmiş 20 Yanvar faciəsi totalitar kommunist rejiminin Azərbaycan xalqına qarşı hərbi təcavüzü və cinayəti idi”.
Heydər Əliyevin bu tarixi nitqinin mətni təklənmiş, heç yerdən köməyi olmayan xalqın qəlbində ümid çırağı yandırdı.
20 Yanvar faciəsindən sonra Azərbaycan rəhbərliyinin atdığı addımlar cəsarətsizlik və siyasi təslimçilik nümayişi idi. Ölkə rəhbəri Ə.Vəzirov gecə ikən qaçıb aradan çıxdı. Ondan sonra respublikaya rəhbərlik edənlər də tarixdə analoqu olmayan bu qanlı faciənin təşkilatçılarını və icraçılarını xalqdan gizlətməyə çalışır, əsl günahkarların “bir qrup ekstremistin” olduğunu iddia edirdilər. Yalnız ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verildi. Heydər Əliyev hələ hakimiyyətə gəlməmişdən qabaq demişdir: “Mən belə hesab edirəm ki, 19-20 Yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanətinin və cinayətinin nəticəsidir”.
Ulu öndərin hakimiyyətə yenidən qayıdışından sonra -1994-cü ildə 20 Yanvar faciəsinə hüquqi- siyasi qiymət verildi. Bu faciə Azərbaycan xalqına qarşı törədilmiş hərbi təcavüz və cinayət kimi dəyərləndirildi. Müstəqil Azərbaycanın tarixinə xalqımıza qarşı törədilmiş dəhşətli soyqırımı kimi həkk olundu. 20 Yanvar faciəsi sonralar da ulu öndər Heydər Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanıldı və həmin günün “Azərbaycan tarixində, ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq rəmzi kimi müstəsna əhəmiyyəti” qeyd edildi.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin “20 Yanvar faciəsinin on birinci, on ikinci və on üçüncü ildönümünün keçirilməsi haqqında 5 yanvar 2001-ci il, 5 yanvar 2002-ci il və 28 dekabr 2002-ci il tarixli sərəncamları da həm 20 Yanvar faciəsinə diqqətinin, həm də həmin faciə qurbanlarının xatirəsinə ehtiramının böyük ifadəsi kimi təqdirəlayiqdir.
Ulu öndər Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev şəhid ailələrinin, əlillərin və torpaqlarımızın azadlığı uğrunda sağlamlıqlarını itirən Vətən övladlarının sosial müdafiəsinin gücləndirililməsini daim diqqət mərkəzində saxlayır.
Ölkə başçısının 19 yanvar 2006-cı il tarixli digər fərmanı ilə “20 Yanvar” şəhidlərinin ailələrinə prezident təqaüdü verilir. Bu kateqoriyadan olan şəhidlərin ailələrinə aylıq olaraq 300 manat məbləğində prezident təqaüdü təsis edilib. Ümumilikdə 140 nəfər “20 Yanvar” şəhidinin ailəsinə hər ay prezident təqaüdü verilir.
2007 - ci il aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycanda monumental heykəltəraşlıq abidələri haqqında” sərəncama uyğun olaraq, Şəhidlər Xiyabanı vahid kompleks kimi yenidən qurulmuşdur. Nəticədə, Şəhidlər Xiyabanının ərazisi xeyli genişləndirilmiş, məzarların üstü yenidən mərmərlə götürülmüşdür. Yenidənqurma zamanı milli və şərq memarlığının zəngin elementlərindən istifadə olunmuşdur. Prezidentin göstərişinə uyğun olaraq, həmçinin Bakının ən yüksək nöqtəsində yerləşən bu müqəddəs məkana çəmən döşənilmiş, on mindən çox ağac və gül kolları əkilmişdir. Bununla yanaşı, xiyabanda müasir işıqlandırma sistemi quraşdırılmışdır. Eyni zamanda, Şəhidlər Xiyabanının girişindəki yazı, buranın əsaslı təmirini və yenidən qurulmasını əks etdirən lövhə, “Əbədi məşəl” abidəsindəki səkkizguşəli ulduz və səkkizguşəli güzgünün məsamələri qızılla işlənmişdir.
20 Yanvar və Azərbaycan tarixində ondan əvvəlki faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Azərbaycan xalqına qarşı soyqırımı, sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən ilhaq olunması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.
20 Yanvar faciəsi mahiyyətinə görə dövlətin öz xalqına qarşı tarixdə misli görünməmiş təcavüzü, qətliamı idi. Keçmiş SSRİ, Azərbaycan SSR Konstitusiyalarının kobudcasına pozulması, ayaqlar altına atılması idi. O gecə keçmiş SSRİ dövləti dinc əhalinin üstünə qoşun yeritməklə BMT Nizamnaməsinə, beynəlxalq hüquq normalarına məhəl qoymamış, iştirakçısı olduğu 1966-cı il tarixli Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın bir sıra müddəalarını pozmuşdur.
Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il 20 Yanvarda onların əziz xatirəsini dərin ehtiramla yad edir.
20 Yanvar faciəsində şəhid olanların xatirəsini bu gün hörmətlə yad edərkən fəxrlə deyə bilərik ki, onların uğrunda canlarını qurban verdikləri müstəqilliyin əldə olunmasından artıq 23 il keçmişdir. Bu müddət ərzində müstəqil Azərbaycan Respublikası dünya dövlətlər-
arası münasibətlər sistemində öz yerini tutmuş və bütün dünyaya sübut etmişdir ki, müstəqilliyimiz əbədidir, dönməzdir.
Havva MƏMMƏDOVA,
tarix elmləri doktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.