20 Yanvar tariximizin qanlı və şanlı səhifələrindən biri

 

 

 

 

 

 

Azərbaycan xalqı çox əzablar və  zülmlər görmüş xalqdır. Tarix boyu daim  xarici ölkələrin təcavüzünə məruz qalan bu xalqın çox böyük itkiləri olub. Torpaqlarımızın bir çox hissəsi zaman-zaman işğalçılar  tərəfindən zəbt olunub. İndi də müstəqil respublikamızın ərazisinin 20 faizi düşmən  tapdağı  altındadır. Bu gün Azərbaycanın ən gözəl,  ən dilbər güşələrindən biri olan  Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonumuz ermənilərin əlindədir.  Ancaq biz əminik ki, dövlətimizin iradəsi  və dövlət baçımızın qətiyyəti nəticəsində  həmin torpaqlarımızı mütləq düşməndən  geri alacağıq.

Dəfələrlə deyildiyi kimi , bizim xalq çox səbrli xalqdır və  həmişə öz iradəsini qoruyub saxlamaqdadır. Ancaq elə anlar,  elə məqamlar olur ki,  daha susmaq, danışmamaq mümkün olmur. Saysız - hesabsız itkilərdən başı açılmayan Azərbaycan xalqının  daha bir qanlı səhifəsi də var ki,  onu tarixdən silmək qəti mümkün deyil. Bu,  20 Yanvar faciəsidir.  1990-cı il 20 Yanvar hadisələrindən 24 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qanlı divan tutulması, kütləvi terror nəticəsində minlərlə günahsız insanın qətlə yetirilməsi  sovet hakimiyyətinin siyasi mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edilirdi. Həmin vaxt Azərbaycan Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq, sülh yolu ilə bunu həll etmək üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə müxtəlif respublikalardan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi. Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda “rus və erməni kartından” namərdliklə istifadə etdi.  Bakıya qoşun yeridilərkən belə bir bəhanə uydurmuşdular ki, guya bu addım  hərbi qulluqçuların ailələrini qorumaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün atılmışdır. Əslində isə bu cəfəngiyat idi. Çünki sovet rəhbərliyinin “dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri, Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.

Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Hətta,  yanvarın 19-da Azərbaycan televiziyasının enerji bloku da   partladıldı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Yanvarın 20-də saat 00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı. Halbuki, Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır. Əli yüzlərlə insanın qanına batmış, sonralar Nobel sülh mükafatı almış Mixail Qorbaçov başda olmaqla sovet imperiyası rəhbərliyinin alçaq siması bu idi.

Günahsız insanları öldürməklə o nəyə nail oldu, nəyi sübut etmək istədi? Dinc  sakinləri öldürməklə o elə bilirdi ki, hər şeyi qaydasına qoyub,  hər şey onun istədiyi kimi olacaq.  Onun çirkli əlləri minlərlə insanın qanına batmışdı. Amma o qatil bununla da sakitləşmədi. O, öz planını qəddarcasına davam etdirdi. Tanklar və sovet qoşunları Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzib dağıdırdılar, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta, avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Maşınlar, avtobuslar, binalar və müxtəlif müəssisələr atəşə tutulub məhv edilmişdi. Hər yer od-alov içində idi. Atəş səsi hər yeri bürümüşdü. Yaralıları aparmağa gələn “təcili yardım” maşınlarını və tibb işçilərini də güllələyirdilər.

Bir neçə gün ərzində 137 nəfər öldürüldü, 700-dək insan yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi. Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişdilər. 200 ev və mənzil, 80 maşın, təcili yardım maşınları əsgərlər tərəfindən darmadağın edilmişdi. Dövlət və özəl mülkiyyət məhv olunmuşdu. Qətlə yetirilmiş insanların arasında təcili yardım və polis işçiləri də var idi. Onların içində ən cavanları - 13 yaşlı məktəbli İlqar İbrahimov və Larisa Məmmədova, ən yaşlıları isə 75 yaşlı Sura Babayeva və 76 yaşlı Yunus Rəhimov idi. Bəziləri itkin düşdü, çox sayda insan əlil oldu. Valideynlərini, övladlarını itirənlər,  yetim qalanlar onlarla idi. Sovet hərbçiləri kimi görürdülərsə,  hamını atəşə tuturdular. Silahsız, günahsız  və dinc əhaliyə divan tuturdular. Sanki, bundan həzz alırdılar. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi.

1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin dəhşətli gecədə həlak olan vətən oğul və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi və firavan həyatı üçün yol açdılar. Bu dəhşətli gecənin səhəri hər şey artıq külə dönmüşdü, şəhər qan içində idi, analar fəryad qoparıb, göz yaşı töküb  tanrıdan kömək istəyirdilər. Yüzlərlə insan küçələrə axışıb tabutları aparmağa kömək edirdilər, onlar şəhid  tabutlarını  çiyinlərində apararkən göz yaşlarını saxlaya bilmirdilər. Qırmızı qərənfillər hər yeri bürümüşdü, bütün  tabutların üstü qərənfillərlə örtülmüşdü.  Şəhər dəhşət və qorxu içində idi. Hər bir ananın, bacının, övladın üzündə o dəhşət, qorxu və  kədər əks olunmuşdu.  Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Ancaq  Azərbaycanın öz  dövlət müstəqilliyini əldə etməsindən sonrakı ilk illərdə başları hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri 20 Yanvar qırğınına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Daha doğrusu, apara bilmədilər. Çünki  başları  hakimiyyəti bölüşdürməyə qarışmışdı.

 Xatırladaq ki, ulu öndər Heydər Əliyev hələ Moskvada yaşayarkən, həyatını böyük təhlükə altında qoyaraq, hadisənin səbəbkarlarına kəskin etirazını bildirmiş, onlara cinayət işi qaldırılması tələbini irəli sürmüşdü. Həmçinin imperiyanın başında oturanların əleyhinə Rusiyanın paytaxtında bəyanat verməklə Azərbaycan xalqının haqq səsini bütün dünyaya çatdırmağa nail olmuşdu. Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə  qayıdandan sonra 20 Yanvar faciəsinə siyasi qiymət verildi.

Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir ünvan  var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanıdır.  Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edib, məzarları önünə əkil və gül-çiçək qoyurlar. Burda ucaldılmış əbədi məşəl Bakının hər yerindən görünür. Bu məşəl artıq Şəhidlər Xiyabanının  simvolu olaraq tanınır. Ümummilli liderimiz  bu xiyabana hər il  gəlirdi və şəhid olan oğul-qızlarımızın xatirəsini yad edirdi.

 Ulu öndər daim şəhidlərin ailələri ilə görüşüb onlara mənəvi dəstək olurdu. Prezidentimiz  cənab İlham Əliyev  də  20 Yanvar Şəhidlərinin ailələrinə həmişə qayğı göstərir, onların xatirəsinin unudulmaması üçün dövlətin görə biləcəyi bütün tədbirlərin reallaşdırılmasına nail olur.

 Bu gün Şəhidlər Xiyabanı gənclərin müqəddəs and yerinə çevrilmişdir.

Azərbaycanın bütün şəhər və rayonlarındada şəhidlərin əziz xatirəsi uca tutulur və dərin hörmətlə yad olunur. Ölkəmizin bütün şəhər və rayonlarında Şəhidlər Xiyabanı mövcuddur. Hər ildönümündə yerli sakinlər həmin xiyabana gedib şəhidlərin məzarlarını ziyarət edir, tər gül-çiçək düzüb öz ehtiramlarını bildirirlər. 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar olaraq, hər il bu faciənin qurbanları bütün dünyada yad edilir. Azərbaycan diaspor təşkilatları və səfirliklər bu matəm gününə həsr olunmuş tədbirlər təşkil edirlər. 

Bütün bunlar öz müsbət nəticələrini verməkdədir. Dünya artıq Azərbaycanın haqq səsini eşidir. Biz inanırıq ki, möhtərəm Prezidentimiz İlham Əliyevin qətiyyəti və daim onu dəstəkləyən xalqımızın iradəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və müstəqil dövlətimiz daha da qüdrətlənəcəkdir.

Leyla NAMAZOVA

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında