O dəhşətli gecədən bizi 24 il ayırsa da, xalqımız 20 Yanvar faciəsinin ağrılarını hələ də yaşamaqdadır. Azərbaycan xalqı 1990-cı ilin qanlı 20 Yanvar gecəsinin müdhiş hadisələrini heç zaman unutmayacaq. 20 Yanvar faciəsi təkcə Azərbaycan tarixinin deyil, bəşər tarixinin ən qanlı səhifələrindən biri, insanlığa qarşı həyata keçirilmiş qanlı aksiya idi. SSRİ Silahlı Qüvvələri bölmələrinin Bakıda törətdiyi bu qırğın xalqımızın azadlıq gzmini qıra bilmədi.
Bu hadisə Azərbaycan xalqının iradəsini, yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Yaxşı ki, bu qanlı aksiyanı yaşadan qiymətli təsviri sənət, musiqi, kino, xalça, memarlıq nümunələri yaradılmışdır. Bu hadisələrə kəskin münasibət bildirən ulu öndər haqqında kinoreojissor Vaqif Mustafayevin “Tale” və “Bir həsədin tarixi” filmlərini qeyd etmək yerinə düşərdi. V. Mustafayev ulu öndərin Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək bu hadisələrə münasibətini bildirməsini sənədli ekranın dili ilə ustalıqla əks etdirmişdir. Eyni zamanda, müəllifin hadisələrin əsas səbəbkarı Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovla telefon söhbəti də 20 Yanvar faciəsini daha dərindən anlamağa imkan yaradır.
Hələ 20 Yanvar gecəsi kinematoqrafçılarımız öz həyatlarını ölüm təhlükəsi qarşısına ataraq xalqımızın tarixi üçun çox qiymətli olan kinoxronika yarada bildilər. Həmin kadrlar bu gün neçə-neçə sənədli və bədii filmlərimiz üçün zəngin material verir. Kinorejissor Xamis Muradov “Azadlığa gedən yollar” sənədli filmini çəkdi. Bu film 20 Yanvar faciəsinə aparan yolların konkret mənzərəsini yaratmaqla, bu faciənin də ilkin görüntülərini əks etdirirdi. Sonralar yaradılan “Qanlı Yanvar”, “Şəhidlərdən Şəhidlərə” kimi filmlərimizdə 20 Yanvar faciəsi ilə bağlı nadir kadrlar vardır. Bu filmlər 20 Yanvar faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynamışdır.
Həmin dəhşətli gündə faciənin hər detalını fotoaparatı ilə şəkillərə çevirən fotoqraf Tahir Cəfərov da bir vətəndaş, azərbaycanlı kimi həm öz millətinə, həm də peşəsinə sadiqliyini göstərmişdir. Sənətkar həmin vaxtlarda həyatını təhlükəyə ataraq öz vətəndaşlıq borcundan və məsuliyyətindən qaçmamışdır. Onun çəkdiyi fotolar 20 Yanvar faciəsini illər keçsə də hər kəsin gözü önündə canlandırmağa imkan verir. 1990-cı ildən bu günə qədər bu fotoşəkillərdən 20 Yanvar faciəsini başqa ölkələrə tanıtmaq üçün sübut kimi istifadə olunmuşdur.
20 Yanvar faciəsi təsviri sənət əsərlərimizdə də öz əksini tapmışdır. Görkəmli fırça ustası Rasim Babayevin “Təcavüz”, rəngkar Hacırza Fərzəliyevin “Ağlı-qaralı dünya”, Fikrət İbrahimovun “Gələcək naminə”, Həmzə Abdullayevin “Çərxi-fələk”, İsmayıl İsmayılovun “Həqq tərəzisi”, Qafar Seyfullayevin “Öncə vətəndir...”, Asim Səmədovun “Ruhlar” və s. tablolarında qanlı gecənin acılı-ağrılı yaşantıları yaddaqalan bədii ifadəsini tapıb. Qrafika ustası Arif Hüseynovun “Qara tağlı natürmort”, Fəxrəddin Məmmədvəliyevin “Qara Yanvar” və Arif Ələsgərovun “20 Yanvar” qrafik əsərləri də Azərbaycan xalqının məruz qaldığı qanlı təcavüzə münasibəti təcəssüm etdirir.
Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov deyir ki, 20 Yanvar faciəsi Azərbaycan təsviri sənətinin əbədi mövzularından biridnir: “Bu tarix yaddaşlardan silinməyəcək və indiyədək olduğu kimi, bundan sonra da 20 Yanvar Azərbaycan rəssamlarınnın vətəndaşlıq mövqeyindən daima müraciət etdiyi mövzu olaraq qalacaq. İndiyədək xalq rəssamları Mikayıl Abdullayev, Kamil Nəcəfzadə, Xanlar Əhmədov və başqaları bu mövzuda yaddaqalan sənət əsərləri yaradıblar. Düşünürəm ki, rəssamlarımız, heykəltəraşlarımız və incəsənətin digər növləri ilə məşnğul olan büntün yarandıncı insanlnar hər zanman bu mövzuya müraciət edəcəklər”.
Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının müəllimi, rəssam İlqar Əkbərov 20 Yanvar faciəsinə həsr olunmuş ilk əsərini hadısənin baş verdiyi 1990-cı ildə çəkib. Sonralar yaradıcılığında bu mövzuya bir neçə dəfə müraciət edib. “Şəhidlər” əsəri Rüstəm Mustafayev adına Dövlət İncəsənət Muzeyində nümayiş olunan sərgilərdə yer alıb. Rəssam deyir ki, hər bir kəs tarixini bilməli və onu unutmamalıdır. Rəssamlıqla məşğul olan yaradıcı uşaqlara bu mövzu təbliğ olunmalıdır.
Nazim Məmmədov 1994-cü ildə “20 Yanvar” qırğınlarına həsr olunmuş rəngkarlıq əsəri yaradır. Bu əsəri müşahidə edəndə gözlərimiz önünə öz azadlığı uğrunda həlak olmuş oğul və qızlarımız düşür. Bəzilərinə görə, 20 yanvar faciə, bəzilərinə görə isə qəhrəmanlıq tarixidir. Amma o, hamı üçün qəbulolunandır ki, o gecəyə nə ad verilməsindən asılı olmayaraq, bu xalq o tarixi yaşayıb, yaşadır və yaşayacaq. Əslində, həmin məşəqqətli tarix zaman etibarilə cəmi 24 saat çəkdi. Amma özünə min illərə sığacaq bir tarixi yerləşdirdi. Azadlıq, müstəqillik tarixi. Bu tarixi rəssam Nazim Məmmədov öz əsərində məharətlə təsvir edə bilmişdir.
Rəssamlar İttifaqının heykəltəraşlıq bölməsinin rəhbəri, xalq rəssamı Xanlar Əhmədov 20 Yanvar mövzusunda “Ana harayı”, “Bir güllə vurulmuş ata və oğul” və digər əsərlərin müəllifidir. Rəssam deyir ki, bu mövzuda əsər yaradıb-yaratmamasından asılı olmayaraq 20 Yanvar mövzusu hər bir rəssamın, yaradıcı insanın qəlbində yaşayır.
Azərbaycanın müxtəlif bölgələrində 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş xatirə kompleksləri ucaldılıb. Hər il yanvar ayında bütün mədəniyyət ocaqlarında bu təqvim qeyd olunur, sərgilər, tədbirlər keçirilir.
Bakının Yasamal rayonunda 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış memorial kompleksin maraqlı kompozisiyası var. Ümumi sahəsi 1500 kvadratmetrdir. Ədalət Məmmədov sözügedən abidə kompleksinin memarıdır. Memar deyir ki, memorial kompleks 20 Yanvar şəhidlərinin ruhuna ümumxalq hörmətinin ifadəsidir: “Abidənin heykəltəraşları Cavanşir Dadaşov və Azad Əliyevdir. 2009-cu ildə biz layihə çərçivəsində görülən işləri yekunlaşdırdıq və faciənin 20-ci ildönümü münasibətilə abidə kompleksinin açılışı oldu. Bu, dövlətimiz tərəfindən faciə qurbanlarının xatirəsinə verilən qiymət idi”.
Kompleksin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və soyadı, habelə ümummilli lider Heydər Əliyevin Qanlı Yanvar hadisələri ilə bağlı dediyi “1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur” sözləri qızılı hərflərlə həkk olunub. Postament üzərində isə “20 Yanvar şəhidlərinin əziz xatirəsinə” sözləri yazılıb.
Musiqimiz də bizə daim faciələrimizdən ibrətdərsi öyrədir. Musiqi qədər insanın ruhunu qanadlandıran, yaşadan möcüzə yoxdur. Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Ramiz Zöhrabov bir millət olaraq başımıza gələn fəlakətlərin, xüsusən 20 Yanvar faciəsinin musiqimizdə nə dərəcədə ifadə olunmasını belə ifadə etmişdir: “Bu faciə hər bir soydaşımızı dərindən sarsıtdı, düşündürdü. Bəstəkarlarımız da bu mövzuda əsərlər yaratdılar. Ötən illər ərzində Azərbaycan bəstəkarları həm simfonik vokal instrumental əsərlər, kantatalar, həm də mahnılar, fortepiano üçün əsərlər yazıblar, indi də yazırlar. Bəstəkarlarımız 20 Yanvar faciəsinə həsr olunmuş 100-dən çox əsər yaradıblar. Görkəmli bəstəkarımız Cövdət Hacıyevin “Şəhidlər simfoniyası” var. Həmçinin Oqtay Kazımi da bu adda sinfoniya yazıb. Azər Rzayevin simfoniyası “Bakı-90” adlanır. 20 Yanvar faciəsi A.Rzayevə o qədər təsir edib ki, 60 yaşında belə bir əsər yaradıb. Ramiz Mustafayev “Bu qan yerdə qalan deyil”, Mobil Babayev kantata, Aydın Əzim Kərimoğlu orkestr üçün “Qətl günü”, Sərdar Fərəcov simfonik poema, Sevda İbrahimova bariton səs və orkestr üçün vokal simfonik “Vətən şəhidləri”, Arif Mirzəyev orqan üçün “Yanvar mərsiyələri” yazdılar".
Eyni zamanda, bəstəkar Faiq Nağıyev “Şəhidlərdən şəhidlərə” filminə musiqi yazıb. Cavanşir Quliyevin xor üçün “Şəhidlər”i gözəl alınıb. 20 Yanvar faciəsi mövzu kimi mahnı yaradıcılığına da təsir edib. Emin Sabitoğlu Bəxtiyar Vahabzadənin sözlərinə “Şəhidlər ağısı” yazdı. Bu mahnını çoxları ifa edirlər, amma bunun ilk ifası Zeynəb Xanlarovaya məxsusdur. 1991-ci ildə Vasif Adıgözəlov Fikrət Qocanın sözlərinə “Bir şərqi de” yazıb. Faiq Sücəddinov fortepiano üçün xüsusi bir əsər yaradıb. O, həm də gözəl pianoçu kimi “Şəhidlər Xiyabanı” adlı əsərdə bəstəkar duyğularını ifadə edib. Ruhəngiz Qasımovanın “Şəhid oğullara” mahnısı da yaxşı alındı, indi də ifa olunur. Mərhum bəstəkar Hacı Xanməmmədov mərhum yazıçı Əzizə Cəfərzadənin sözlərinə “Əlimdə sazım ağlar” adlı əsər yazıb.
Yuxarıda sadalananlarla 20 Yanvar mövzusuna həsr edilmiş musiqi əsərlərinin siyahısı bitmir. Bir çox gənc bəstəkarlar indi də bu mövzuda əsərlər yazırlar. Amma bu əsərlərin yalnız milli matəm günlərində ifa edilməsi doğru deyil. Yaxşı olar ki, radio-televiziyaların musiqi redaksiyaları belə əsərləri tez-tez səsləndirsinlər. Qoy gənclərimiz bir xalq olaraq başımıza gələn faciələri daha yaxşı anlasınlar. Sözsüz ki, Azərbaycan xalqının sənət adamları “20 Yanvar” mövzusuna həmişə müraciət edəcək və tarixi həqiqətləri özündə yaşadan yeni- yeni əsərlər yaradacaqlar.
M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.