20 Yanvar faciəsindən doğan məfkurəvi düşüncə milli müstəqilliyin mənəvi, hüquqi əsasını yaratmışdır. Eyni zamanda, bu faciəvi qəhrəmanlıq hadisəsi, dövlət- millət epoxasına keçidlə bağlı kardinal dəyişiklikləri, geosiyasi arealda dalğa-dalğa yayılan milli özünəməxsusluq hissini gücləndirmişdir.
Azərbaycanın ideologiya tarixində fövqəladə önəmli bir prosesin, milli özünüdərkin və milli iftixar hissinin mərhələ-mərhələ inkişafı və milli özünəməxsusluğun ümumxalq obrazında ifadəsi, nəhayət, 1988-ci ildən başlayan və 1990-cı il 20 Yanvar hadisələri də daxil olmaqla milyonlarla insanın, müstəqillik ideyaları ətrafında sıx birləşməsi, Azərbaycanda milli müstəqillik ideyalarının əsasını qoymuşdur. Bu tarixi prosesin yayılma arealı isə indi də davam edir. Hazırda böyük bir regionda geosiyasi imkanlarının böyüklüyü ilə özünü təsdiq edən gənc respublika bu prosesin daha geniş coğrafi areala yayılmasını təşkil etməkdədir. Milli özünüdərk və mədəni üstünlük hissi Azərbaycan türklərini yenidən tarixin səhnəsinə qaytarmışdır. Bu fövqəladə tarixi prosesdir.
Şübhəsiz, 20 Yanvar faciəsi Azərbaycan xalqının qəhrəmanlıq tarixidir. Bu tarixi faciə, milli iftixar hissinin və milli müstəqillik ideylarının formalaşmasına tarixi şərait baxımından güclü zəmin yaratmışdır. Çünki 20 Yanvar faciəsindən sonra ölkənin milli müstəqilliyinin dönməzliyi birmənalı şəkildə dərk olunmuşdur. Bu tarixi proses xalqın qarşısında taleyüklü məsələləri müəyyən etmiş, ağıllı geosiyasi nəzəriyyələrin həyata keçirilməsini şərtləndirmişdir.
Sadə insanlar üçün 20 Yanvar daha çox milli hissləri alovlandıran faciəvi qəhrəmanlıq hadisəsidirsə, şübhəsiz, böyük siyasətdə bu faciə yeni tarixi prosesin başlanğıcı kimi xarakterizə edilir. Azərbycanın siyasi müstəqilliyi isə bütün hallarda ölkənin gələcək taleyinə həssaslığı gücləndirmişdir. Mürəkkəb geosiyasi şərait və daxili təhlükəsizlik mühitinin təşkili məsələləri praqmatik təfəkkürlə dərk edilir. Bu cür geosiyasət daxili təhlükəsizlik mühitinin təşkilinə də öz töhfəsini verməkdədir. Belə bir şəraitdə daxili və xarici vasitələrin harmoniyasını yaratmaq, milli təhlükəsizlik mühitini təşkil etmək mühüm amillərdəndir.
Bütün bunlarla bərabər, xarici aləmlə münasibətlərdə ölkənin müstəqilliyinin realizəsini təmin etmək əsas vəzifə hesab edilir.
Müstəqil xarici siyasət həyata keçirən Azərbaycan son illərdə beynəlxalq sistemdə nüfuzlu siyasi subyekt kimi qiymətləndirilir. Deməli, 20 Yanvar faciəsi həm də milli ideologiya tarixinin təkanverici amili kimi dərk edilməlidir.
Müasir Azərbaycanın daxili və xarici siyasi vasitələrinin dinamikliyi və geosiyasi proseslərə təsir etmək imkanları onun milli müstəqilliyinin dönməzliyini xarakterizə edir. Demək olar ki, böyük bir regionda yayılan, mərkəzləşən və lokal geosiyasi amillərə təsir edən etnobirlik və ya tarixi epoxaya qayıdış hissi imkanlarımızı genişləndirmişdir. Bütün bunların əsası, etiraf edilməlidir ki, məhz 20 Yanvar tarixində qoyulmuşdur.
Biz bu tarixi qəhrəmanlıq səhifəsinə çoxmənalı paradiqmalarla baxmalıyıq. Bununla da milli mədəniyyətin, bütövlüyün pasionarlıq mərhələsinə qədəm qoya bilərik. Politologiyada belə tarixi proseslərin mənbəyi həddindən çox önəmlidir. Hər halda, sadə insanlar bu böyük prosesin fərqində olmasa da dövlət siyasəti ilə əlaqəli olan hər bir milli subyekt 20 Yanvar faciəsini dövlətçiliyin əsasının qoyulduğu tarixi-siyasi proses çevrəsində qiymətləndrməkdədir.
Nəhayət, 20 Yanvar fenomeni qəhrəmanlıq tarixinin bir səhifəsi kimi sistemli şəkildə öyrənilməli və gələcək nəsillər üçün istiqamətlər müəyyən edilməlidir. Bizim imkanlarımızın böyüklüyü bu imkanların mərkəzləşdirilməsi və koordinasiyası zamanı mümkün olacaqdır. Bu prosesi düzgün dərk etməyin yeganə yolu millətin tarixini dərindən öyrənməklə mümkün ola bilər. Üfüqdə aydın gələcəyi görmək üçün 20 Yanvar hadisəsinə faciəvi qəhrəmanlıq nöqtəsi kimi baxmalıyıq.
Bu tarixi fonda işğal altında olan torpaqları azad etmək dövlətin qarşısında duran əsas vəzifədir. Çünki taleyüklü məsələləri həll etmədən, ölkənin iqtisadi-siyasi və inzibati sistemində davamlı islahatlar həyata keçirmədən, hüquq sistemini milli maraqlar və demokratiya konteksində qurmadan milli ideologiyanı coğrafi areala yaymaq mümkün olmaz. Hazırda bu istiqamətdə aparılan dövlət siyasəti milli maraqlarımızı ifadə edir.
Zamin AXUNDOV
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.