O məşum gecəni düşünərkən

 

İstifadə etdiyimiz təqvimlərdə 20 Yanvar qara rəngli çərçivədə verilir.  Səbəbi aydındır: 137 soydaşımızın həlak olduğu, 744 nəfərin yaralandığı 1990-cı ilin Qanlı Yanvarının bu gününün qara rəngdə göstərilməsi təbiidir. Ancaq mən bu tarixin qələbə günlərimizdən biri kimi nə vaxtsa qırmızı rənglə əvəzlənəcəyinə  ümid bəsləyirəm. Çünki məhz o gün Azərbaycan torpağı şəhidlərimizin  qanı ilə “suvarılmasaydı”,  bugünkü müstəqilliyimizin mövcudluğu şübhə altında qalardı.

Bu fikirləri təsadüfən yazmadım. Qanuni azadlığı, müstəqilliyi uğrunda  mübarizə aparmaq hər bir xalqın mənəvi haqqıdır. Necə ki, 20 Yanvar günü xalqımızın igid oğul və qızları ayağa qalxdı, sovet  zülmünə etiraz səsini ucaltdı, əliyalın, heç bir müdafiəsi olmadan zirehli tankların üstünə getdi və şəhid olmaqla qələbə haqqını qazandılar. Onlar  xalqımızın azadlıq aşiqi, ulu qəhrəmanımız Babəkin “ bir gün azad yaşamaq, qırx il boyunduruq altında sürünməkdən daha üstündür” fikrini amala çevirərək ölümə getdilər.

“Azadlıq hədiyyə verilmir, qanla alınır”, – demişdir müdriklərimiz. Bu fikir 20 Yanvar kimi günlər üçün deyilmişdir. “Xalqlar həbsxanası”nı xatırladan Sovet İttifaqından qopmaq, azadlığa çıxmaq, yenidən üçrəngli bayrağımızla dünyaya tanınmaq kimin ağlına gələrdi. Kim deyə bilərdi ki, dünyanın super gücü sayılan bu imperiyaya qarşı etirazlar milyonların iştirakı səviyyəsinə qalxacaq. Soydaşlarımız haqqın bərqərar olması üçün canlarından keçəcək.

Ara-sıra 20 Yanvar dairəsindən keçərkən şəhidlərimizin fədakarlığını anladan, gənc nəslə vətənpərvərlik nümunəsini aşılayan abidəyə tamaşa edirəm. Təbii ki, o məşum gecəni uşaqlıq xatirələrində yaşadan birisi üçün abidədəki rəmzi obrazları yenidən canlandırmaq heç də çətin deyil. Çünki o həyəcanı, o nifrət hissini keçirən, eyni zamanda milli özünədərk, təəssübkeşlik və bir də haqsızlığa üsyankar ruhu yenidən dirilən bir Azərbaycan övladı kimi belə də olmalıdır. Tanklar, sovet əsgərlərinin qəzəbli keçidi, atılan güllələrin qırmızı işartısı, susmayan atəş səsləri, insanların vahiməli hay-küyü, o gecənin üzüntüləri  yaddaşımın kədərli xatirələridir. “Uşaqların yaddaşı ağ lövhədir, nə yazarsan, o da qalar”,– deyənlər, sözsüz ki, yanılmırlar. Amma əlavə olaraq deyim ki, lövhəni pozmaq və yenidən yazmaq mümkündür. Lakin insanda uşaqlıq illərinin fenomen yaddaşını heç nə ilə əvəzləmək mümkün deyil. Ürəyimizdə və hafizəmizdə şırımabənzər dərin iz buraxan bu hadisə artıq hər bir soydaşımız üçün ruhi-mənəvi istinadgaha çevrilmişdir.

O qanlı gecədən 9 ay sonra Azərbaycan öz müstəqilliyinin bərpasını elan etdi. Bu istiqlal şərəfli bir günün məntiqi sonu idi. Üsyankar ruhlu azərbaycanlıların sivil mübarizəsini atəşlə susdurmağı zənn edənlər yanıldılar. Bu mücadilə şəhidlik zirvəsini fəth edərək istiqlala çevrildi.  Azərbaycan xalqı deyəndə, onun şəhidlik sözü ilə sanki “sinonim” təşkil etdiyini düşünürəm.

Bu əzəmətli torpaq həmişə cəlbedici olduğundan, onun uğrunda dünyanın böyük gücləri vuruşmuş və təbii ki, şəhidlərimiz də çox olmuşdur. Bu Vətənin qeyrətli oğulları heç zaman xoşniyyətlə gəlməyən yadellinin qarşısında özünü aciz hiss etməmişlər. Qalib və ya məğlub fərq etməz. Əsas odur ki, azərbaycanlı üçün Vətən, Xalq, Ailə — bu üç dəyər həmişə ali olmuş, uğurlu və ya uğursuz mübarizədən asılı olmayaraq düşmən qarşısında durmağı bacarmışdır. Təkcə son iki yüz ildə xalqımız böyük bir şəhidlik məktəbi yarada bilmişdir. Əvvəlcə, çar Rusiyasına, daha sonra bolşevik işğalına “yox” deyən bu xalq yüz minlərlə şəhid vermişdir. Qəhrəman Cavad xandan üzü bəri, Quba, Şəki, Bakı, Zaqatala üsyanları,  Difai hərəkatı, bolşevik işğalına qarşı Gəncə üsyanı, 1920-1930-cu illərdə bəyzadələrin silahlı müqavimət hərəkatı, repressiyanın qurbanları və nəhayət, 1990-cı ilin 20 Yanvarı. Bütün bu ardıcıllıq indiki azad, müstəqil Azərbaycanın qurulması üçün deyildimi? Məgər, bu tarixi mübarizələrdə həlak olan Vətən övladları şəhid deyildimi? Şübhəsiz ki, şəhid idi. Qanlı Yanvarda həlak olan soydaşlarımız da öz şəhid babalarının yolu ilə getdilər. Onlar uğrunda canlarından keçdiyi bu Vətəni bizə əmanət etdilər. Biz bu əmanəti qorumaq üçün toplum olaraq şəhidlik fəlsəfəsinin mahiyyətinə nüfuz etməli, şüurumuza bu məqamın ucalığını yeritməliyik. 

İndi “şəhid qanı ilə suvarılan torpaqda” yaşamağın nə qədər gözəl və dəyərli olduğunun fərqinə vardınızmı? Bunu düşünməyin özü belə gözəldir. Müasir milli mübarizə tariximizin hələ ki, 20 Yanvar gününü xatırladıqca bu torpaq üzərində yeriməkdən, qürur duymaq hissini hazırda hər bir soydaşımız yaşayır. Gəlin bu gözəlliyə sahib çıxmağı bacaraq  ki, gələcək nəsillərimiz də bizi xatırladıqca minnətdarlıq hissi onları tərk etməsin. Öz sələflərini hörmət və ehtiramla anmaq duyğusu onlardan  da yan keçməsin.

 

 Anar TURAN
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında