Naxçıvanda şəhidlərin xatirəsi ehtiramla yad edilmişdir

 

Hər il 20 Yanvar faciəsi ölkəmizin bütün güşələrində olduğu kimi Naxçıvan Muxtar Respublikasında da yad olunur, Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanı ümumxalq ziyarətgahına çevrilir. Yanvarın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanına gəlmişdir. 

Ali Məclisin sədri Şəhidlər Xiyabanındakı “Ana abidəsi”nin önünə əklil qoymuş, şəhidlərin xatirəsinə ehtiramını bildirmişdir. Vasif Talıbov Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə  canlarından keçərək şəhidlik zirvəsinə ucalanların məzarlarını ziyarət etmiş, 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş Türk ordusunun bu torpaqlarda şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidə önünə tər güllər qoymuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, nazirlik, komitə və mərkəzi təşkilatların, məhkəmə, hüquq-mühafizə orqanlarının, hərbi hissələrin, elm və təhsil müəssisələrinin, bankların, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və onun yerli qurumlarının, ictimai təşkilatların və yaradıcılıq birliklərinin, kütləvi informasiya vasitələrinin, mədəniyyət, səhiyyə və sağlamlıq müəssisələrinin kollektivləri, şəhər sakinləri və ictimaiyyətin nümayəndələri şəhid məzarları önündən keçərək onların əziz xatirəsini ehtiramla yad etmişlər.

 Xatırladaq ki, 20 Yanvar faciəsinə ilk dəfə  ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Resrublikasının Ali Məclisində siyasi qiymət vermişdir. Ümummilli liderimizin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-ci il 21 noyabr tarixli sessiyasında “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar qəbul olunmuşdur. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu bu tarixi sənəddə 20 Yanvarın hər il Naxçıvan Muxtar Respublikasında milli matəm günü kimi qeyd olunması öz əksini tapmışdır. Ümummilli liderimizin rəhbərliyi ilə 1992-ci il yanvarın 13-də “1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin bəyanatı” qəbul olunmuşdur.

1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdikləri qanlı cinayətlər, eyni zamanda, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının sərhəd kəndlərinə erməni silahlı dəstələrinin hücumları ilə müşayiət olunmuşdu. Onların Sədərəyə və digər sərhəd kəndlərinə hücumu qanlı yanvarın ilk səhifəsini yazmışdı. Ancaq naxçıvanlılar düşmənin önündə mərdliklə dayandılar, şəhidlər verərək qədim Azərbaycan torpağı - Naxçıvanı qoruyub saxladılar.

Saat 12.00-da Naxçıvan şəhərində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində də 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər keçirilmişdir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında