20 Yanvar – azadlıq mübarizəsinin şərəfli səhifəsi

 

 

Respublikanın hər yerində olduğu kimi, Bakının Xətai rayonunda da 20 Yanvar faciəsi ilə bağlı silsilə tədbirlər həyata keçirilmişdir. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinin  bu qəhrəmanlıq səhifəsini yazanlar və bu zaman şəhid olmuş  insanların ailə üzvləri ilə görüş isə hər il olduğu kimi, bu dəfə də Xətai Rayon İcra Hakimiyyətində keçirildi.

Tədbiri açan Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bildirdi ki,  20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür. 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Onlar nəinki 20 il, yüz illər belə keçsə, xalqımızın yaddaşından silinməyəcək.

Çıxışının sonunda şəhid ailələrinə başsağlığı verən R.Məmmədov Azərbaycan dövlətinin bu insanların ailələrini, faciə zamanı əlil olanları heç zaman unutmayacağını bildirdi.

Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov da  çıxış edərək bildirdi ki, böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Vətən şəhidlərini heç vaxt unutmayacaq.Xalqımız 23 ildir ki, bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda onlarla qürur duyur. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır.

Tədbirdə daha sonra çıxış edən Xətai rayonundakı 20 Yanvar cəmiyyətinin sədri Şakir Azadəliyev və 20 Yanvar əlili Pakizə Hətəmova onların daim dövlətin diqqət və qayğısı ilə əhatə olunmalarından razılıqlarını bildirdilər və xalqın 20 Yanvar qəhrəmanlarını  qədirbilənliklə xatırlamasını yüksək qiymətləndirdilər.

Razim Məmmədov tədbirdə iştirak edənlərin qayğıları və problemləri ilə də yaxından maraqlandı və bildirdi ki, onlar ehtiyac hiss etdikləri zaman icra hakimiyyətinə müraciət edə bilərlər.

Sonda tədbirdə iştirak edən 20 şəhid ailəsinə və 10 əlilə yerindəcə maddi yardım göstərildi, digərlərinin isə yardımlarının ailələrinə çatdırılacağını bildirdilər.

İlqar RÜSTƏMOV,
Rafiq SALMANOV (foto),
 “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında