Cinayət var, cəza isə yoxdur

 

 

 

 

“Kiyevski teleqraf” qəzetində Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq kafedrasının professoru Arif Cəmil oğlu Quliyevin məqaləsi dərc edilmişdir. AzərTAc həmin məqaləni təqdim edir.

Monteskyö yazırdı: “Qanunilik pərdəsi və ədalət bayrağı altında çıxış edən müstəbidlik ən qəddar müstəbidlikdir”. 20 Yanvar bütün Azərbaycan xalqı üçün hüzn günüdür. Bu gün həmin xalqın tarixinə “Qara Yanvar” və ya “Qanlı Yanvar” adı ilə daxil olmuşdur. Keçmiş Sovet İttifaqının işğalçı totalitar rejimi tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş dəhşətli cinayət, insanlığa və humanizmə qarşı ən ağır cinayətlərdən biridir. Əhaliyə kütləvi şəkildə divan tutulması nəticəsində müxtəlif millətlərə və məzhəblərə mənsub olan yüzlərlə günahsız adam öldürülmüş və yaralanmışdır.

Hərbiləşdirilmiş sovet ordu hissələrinin Bakıya daxil olması görünməmiş cinayətlərlə müşayiət olunmuş, dinc əhaliyə xüsusi  qəddarlıq və etinasızlıqla divan tutulmuşdur. Bu məqalənin müəllifi Bakıda törədilmiş Qanlı Yanvar hadisələrinin şahidi və iştirakçısı olmuşdur...

... Bakı küçələrində tanklar və zirehli transportyorlar qarşısına çıxan hər kəsi və hər şeyi süpürüb keçir, özündən sonra qanlı iz qoyurdu. Projektorların işığı adamı kor edir, hər yerdə avtomat səsləri eşidilir, insanlara yaxın məsafədən atəş açılır, yaralıları tankların tırtılları altında əzir, onları süngülərlə qətlə yetirirdilər. Güllələr vıyıltı ilə uçur, ətrafda odlu qığılcımlar görünürdü. İnsanları nəinki küçədə, həm də ictimai nəqliyyatda, hətta xəstəxanalarda və öz mənzillərində öldürürlər. “Təcili yardım” maşınlarına, ağ xalatlı tibb işçilərinə atəş açılırdı. Qocalara, qadınlara, uşaqlara da rəhm etmirdilər... İnsanlar vahimə içində qaçırlar... 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə bakılıların yaddaşına belə həkk olunmuşdur. Mən də o gecəni belə xatırlayıram.

SSRİ öz bioqrafiyasının son səhifəsini öz vətəndaşlarına qarşı ağır cinayətlə ləkələmişdir. Qanlı Sovet rejimi Azərbaycan əhalisinə qabaqcadan planlaşdırılmış divan tutmaq aktını həyata keçirdi. Bu əhalinin yeganə “təqsiri” öz ərazisinin bir hissəsi olan Dağlıq Qarabağın zorla onun əlindən alınmasına qarşı dinc etirazını bildirməsi idi. Cinayət qabaqcadan düşünülmüş və hərtərəfli planlaşdırılmışdı, çünki bu hadisələrin törədilməsindən bir neçə gün əvvəl rus zabitlərinin ailələri Azərbaycandan çıxarılmış, süni şəkildə “rus qaçqınlar” problemi yaradılmışdı. Eyni zamanda, kütləvi informasiya vasitələrində vəd edilmişdir ki, Bakıya heç bir hərbi hissə daxil olmayacaq, şəhərdə fövqəladə vəziyyət tətbiq edilməyəcəkdir. Lakin yanvarın 19-dan 20-nə keçən gecə SSRİ-nin birinci və axırıncı prezidenti, Ali Baş komandan Mixail Qorbaçovun göstərişi ilə ümumi sayı 40 min nəfər olan sovet qoşun hissələri, güc nazirləri Dmitri Yazovun, Vadim Bakatinin və Vladimir Kryuçkovun bilavasitə rəhbərliyi ilə heç  bir xəbərdarlıq edilmədən Azərbaycan paytaxtına soxuldu. Qoşunların kütləvi şəkildə müxtəlif istiqamətlərdən yeridilməsi Bakı qarnizonunun hərbi hissələrinin və müvəqqəti dislokasiya yerlərində olan hissələrin hərəkətə gətirilməsi, habelə hərbi gəmilərdən desant qoşunları çıxarılması ilə başlandı. Bundan bir neçə saat əvvəl Azərbaycan televiziyasının enerji bloku partladılmış, nəticədə həm ölkə daxilində, həm də ətraf aləmlə informasiya əlaqə kəsilmişdi. Bütün əsas magistrallar, aeroportlar, vağzallar və dəniz limanı bağlanmışdı.

Lakin Bakıda fövqəladə vəziyyət yalnız ertəsi gün, cəza dəstələri artıq öz qanlı əməllərini törədərək şəhəri tərk edəndən sonra elan olundu. O vaxta qədər artıq 82 nəfər öldürülmüş, daha 20 nəfər ölümcül yaralanmışdı. Bakıya nizami ordunun yeni hissələri daxil oldu, lakin vəhşiliklər davam edirdi. Əhalini vahimə içində saxlayırdılar, insanların küçəyə çıxması qadağan edilmişdi, özlərinin həlak olmuş və ya yaralanmış qohumlarını tapmağa çalışanları isə orduya tabe olmamaq və ona müqavimət göstərmək bəhanəsi ilə günün günorta çağı küçələrdə güllələyirdilər. İşğalçılar çoxsaylı təhrikçi hərəkətlər edir, dinc əhalinin müqavimət göstərməsi mənzərəsi yaradılırdı.

Bakı şəhərinin hərbi komendantı general-leytenant Vladimir Dubinyak bakılılara müraciət hazırlamışdı. Helikopterlərdən vərəqələr şəklində yayılan bu müraciətdə deyilirdi: “SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Bakıda vəziyyəti normallaşdırmaq məqsədilə yanvarın 20-dən fövqəladə vəziyyət tətbiq edilmişdir. Bu qərar yalnız yaranmış mürəkkəb şəraitlə bağlıdır. Vəziyyətin daha da kəskinləşməsi bizim hamımız fəlakətə gətirib çıxara bilər... Hərbi komendanta hər hansı təşkilatların, özfəaliyyət birliklərinin bağlanması və buraxılması da daxil olmaqla onların fəaliyyətini dayandırmaq; nəqliyyat vasitələrinə baxış keçirmək və vətəndaşların mənzillərində pasport rejiminə nəzarət etmək; fövqəladə vəziyyət rejimini pozan və ya onun yerinə yetirilməsinə mane olan şəxslərin 30 günə qədər müddətə inzibati həbs etmək hüququ verilir. Əmrlərə tabe olmamaq və ya onların yerinə yetirilməməsi  cinayət məsuliyyəti doğurur. Fövqəladə vəziyyət rejimi ordu, donanma və DİN bölmələrinə hücum ediləcəyi halda silah tətbiq edilməsini nəzərdə tutur”.

Bundan bir neçə saat sonra Dubinyak azərbaycanlıları orduya və ruslara qarşı yönəlmiş əhval-ruhiyyədə, naməlum şəxslər tərəfindən hərbi naryadlara atəş açılması, xəstəxanaların pəncərələrindən atəş açılması kimi hallarda ittiham edən məlumat yaymışdı. Bu cür təhrikçi məlumat vasitəsilə guya azərbaycanlı ekstremistlərdən özlərini müdafiə etməyə məcbur olan əsgərlərin hərəkətlərinə bəraət qazandırılırdı. Eyni zamanda, hərbçilər silahlı azərbaycanlıları aradan qaldırmaq bəhanəsi ilə evlərə atəş açır, Bakı sakinlərinin əmlakını qarət edir və oğurlayırdı. Bu cür özbaşınalıqlar nəticəsində sovet hərbi qulluqçuları 200 evi və mənzili, 80 avtomaşını, o cümlədən 7 “təcili yardım” maşınını yandırmışdılar.

Bütün bu faciəli hadisələr zamanı mən Bakıda olmuşam, yaralıların küçələrdən yığılmasına və onların xəstəxanalara çatdırılmasına kömək etmişəm. Onların çoxu yolda ölürdü. Yaralılar arasında elələri vardır ki, onlara 20-dən çox güllə dəymişdi. İnsanlara avtomat silahlardan, dəzgahlı Kalaşnikov pulemyotlarından atəş açılır, qadağan olunmuş və xüsusi dağıdıcı qüvvəyə malik güllələrdən istifadə edilirdi.

Atəşə tutulanlar küçələrdə tankların öz projektorlarının işığı ilə adamların gözünü qamaşdıraraq hərəkət etməsini, bu tankların hərəsində əllərində avtomat silahlar olan 6-7 nəfərin olmasını söyləyirdilər. Adamlara çatmağa təxminən 150 metr qalanda atəş açmağa başlayır, qaçanları arxadan vurur, sığınacaqlarda gizlənmiş vətəndaşları döyüş texnikası üzərində quraşdırılmış projektorların köməyi ilə axtarıb tapır və onlara yenidən atəş açılırdı. Tanklar onların yanından keçən “təcili yardım” maşınlarını, yol kənarında dayanan avtomobilləri əzib keçirdi, onlar öz yolunda hər hansı hərəkətə şiddətli atəşlə mane olurdu.

Sonradan məlum oldu ki, paytaxta yaxın rayonlarda da insan tələfatı olmuşdur. Bu qanlı qırğın 147 nəfəri həyatdan məhrum etmiş, 800-dən çox adam yaralanmış, 841 nəfər qanunsuz həbs edilmiş, yüzlərlə adam itkin düşmüşdür.

O faciəli hadisələri xatırlayanda daim bir neçə sual qarşıya çıxır. Bu cür geniş miqyaslı və qəddar qanlı qırğını törədənlər öz əməllərinə nə ilə haqq qazandıra bilər? Ölkədə fövqəladə vəziyyət tətbiq edilməsinə razılıq vermiş və öz vətəndaşlarının mənafelərini müdafiə etmək və qorumaq əvəzinə Moskvanın bütün göstərişlərini danışıqsız yerinə yetirən Azərbaycanın o vaxtkı kommunist rəhbərliyi öz xalqına qarşı xəyanətə nə ilə haqq qazandıra bilər? Ölkədə vəziyyəti normallaşdırmaq və sabitləşdirmək üçün tədbirlər görməyin zəruri olması ilə? Məgər cinayətə hər hansı zərurətlə haqq qazandırmaq olarmı? Eyni zamanda, həm dövlətdə hüquqi qaydanı müdafiə etmək, həm də onun heç bir günahı olmayan vətəndaşlarının qanını tökmək olmaz.

Tarixdə bundan əvvəl Alma-Atada (1986), Tbilisidə (1989), daha sonra Düşənbədə (1990), Vilnüsdə və Riqada (1991) analoji hadisələr olmuş, həmin hadisələr zamanı da dinc əhali arasında kommunist rejiminin hərbi təcavüzünün qurbanları olmuşdur. Lakin Azərbaycan xalqına qarşı törədilmiş cinayət özünün qəddarlığına görə kommunist diktaturasının bütün əvvəlki cinayətlərindən daha ağırdır. Gürcüstanda və Litvada qanlı qırğınların əsas cəlladı olmuş Qorbaçov sonradan həmin ölkələrin xalqlarından üzr istəmiş, ən qanlı cinayətin qurbanı olmuş Azərbaycan xalqından isə üzr də istəməmişdir.

Bəs, əlləri yüzlərlə bakılının qanına bulaşmış keçmiş Sovet İttifaqı rəhbərlərinin əsl niyyəti nə idi? Aşkardır ki, Qorbaçov və onun ətrafındakılar Azərbaycanın ərazi bütövlüyünün pozulması bahasına ermənilərin ərazi iddialarını təmin etmək istəyir, Azərbaycana qarşı ilk növbədə din amilinə əsaslanan qərəzli siyasət yeridilirdi. Ermənilərin ərazi iddialarının Qorbaçov tərəfindən dəstəklənməsinin əsas səbəblərindən biri məhz azərbaycanlıların İslam dininə etiqad etməsi idi. Mən Azərbaycan dövlət aparatında rəhbər vəzifədə işləyərkən dəfələrlə yəqin etmişəm ki, sovet sistemi din amilindən həmişə təhrikçilik məqsədləri üçün istifadə etmiş, mərkəzin siyasəti islam dininə etiqad bəsləyən əhaliyə qarşı ayrı-seçkilik üzərində qurulmuşdur. Bir sözlə, Azərbaycanda xalq hərəkatının boğulmasında misli görünməmiş qəddarlıq, ilk növbədə onun vətəndaşlarının dini mənsubiyyəti ilə şərtlənmişdi.

20 Yanvar hadisələri öz hakimiyyətini nəyin bahasına olur-olsun möhkəmlətməyə və əldə saxlamağa çalışan Kreml rəhbərlərinin cinayətkar mahiyyətini ifşa etməklə bərabər həm də Azərbaycan xalqı ilə Azərbaycanın sovetpərəst, öz vətəndaşlarına qarşı cinayətin birbaşa iştirakçılarına çevrilmiş hakimiyyət orqanları arasında böyük bir uçurum olmasını göstərdi. Azərbaycan KP MK-nın birinci katibi Əbdülrəhman Vəzirov başda olmaqla respublikanın Viktor Polyaniçko, Ayaz Mütəllibov, Vaqif Hüseynov kimi iradəsiz rəhbərləri quruculuğa və birliyə can atan xalqın iradəsinə rəğmən hərəkət edirdilər. Respublika üçün həlledici anda öz iradəsini və qüvvəsini yumruq kimi toplayaraq öz xalqının şərəf və ləyaqətini müdafiə etmək lazım gələndə isə onlar sadəcə olaraq Azərbaycandan qaçdılar, bununla da ikiqat satqınlıq etdilər. İstər yanvarın 20-də dinc vətəndaşlara atəş açmaq barədə əmr verənlərə, istərsə də dinməzcə razılaşaraq buna şərait yaradanlara heç cür haqq qazandırmaq olmaz.

Azərbaycan SSR Ali Sovetinin 1990-cı il yanvar hadisələrinin təhqiqatı üzrə komissiyası bu faciəni Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparanları qorxutmaq məqsədilə həyasızcasına həyata keçirilmiş, qabaqcadan planlaşdırılmış cəza aksiyası kimi qiymətləndirmişdi: “Azərbaycan SSR Ali Soveti sovet qoşun hissələri və bölmələrinin yeganə məqsədini SSRİ Konstitusiyasının 81-ci maddəsinə uyğun olaraq Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində vəziyyəti normal hala salmaqdan və Azərbaycan SSR-in suveren hüquqlarını təmin etməkdən ibarət olmalı olduğunu qeyd edərək, SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Komitəsi qoşunlarının respublikanın paytaxtı Bakı şəhərində dinc əhaliyə qanlı divan tutması, yüzlərlə adamın öldürülməsi və yaralanması ilə əlaqədar Azərbaycan xalqının qəzəb və hiddətini ifadə edərək, SSRİ-nin təşkili haqqında müqavilənin şərtlərinin və SSRİ Konstitusiyasının kobud surətdə pozulduğunu, suveren Azərbaycan Sovet Sosialist Respublikasının razılığı olmadan Bakı şəhərində fövqəladə vəziyyət elan olunması və buraya qoşun yeridilməsi haqqında qərar qəbul etmiş SSRİ-nin hakimiyyət və idarə orqanları tərəfindən Azərbaycan SSR-in suveren hüquqlarının açıq-aşkar tapdalandığını təsdiq edərək qərara alır ...”.

Yanvarın 22-də, şəhidlərin dəfn günündə Azərbaycan xalqının birləşməsi parlaq şəkildə təzahür etdi. Fövqəladə vəziyyət rejiminə baxmayaraq, minlərlə insan qətlə yetirilmiş soydaşlarının dəfn mərasimində iştirak etdi. Bu insanlar bir-biri ilə qabaqcadan razılaşmadan meydana, sonra isə günahsız qətlə yetirilmiş şəhidləri son mənzilə ləyaqətlə yola salmaq üçün qəbiristana yollandılar. İnsanlar həlak olanların cəsədləri olan tabutları əllərində aparır, onları həmin gündən Şəhidlər Xiyabanı adlanan dağüstü parkda dəfn edirdilər.

Kommunist rejiminin Azərbaycan xalqına qarşı bu cinayəti hüquqda soyqırımı və dövlət terrorizmi kimi tövsif edilir. Sovet İttifaqının rəhbərləri İnsan Hüquqları Haqqında 1966-cı il Paktının, 1975-ci il Helsinki Yekun Aktının, 1899-cu və 1907-ci illərin Haaqa konfranslarının, 1949-cu il Cenevrə Konvensiyasının və nəhayət, soyqırımının qadağan edilməsi və ona görə cəza haqqında 1948-ci il konvensiyasının silahlı qüvvələrdən dinc əhaliyə qarşı cəza tədbirləri tətbiq edilməklə istifadə olunmasının qadağan edilməsini nəzərdə tutan əsas müddəalarını pozmuşlar.

Lakin o vaxt Qərbin aparıcı dövlətləri Bakıda baş verən faciəli hadisələrə heç bir münasibət bildirməmiş, bu işlərə əsla müdaxilə etməməkdə “ikili standartlar” mövqeyi tutaraq Qorbaçovun dağıdıcı siyasətini dəstəkləmişdilər. Həmin dövrdə ayrılıqda götürülmüş Azərbaycan bu dövlətlər üçün geosiyasi baxımdan maraqlı deyildi. Soyuq müharibədə SSRİ-nin düşmənlərinin əsas strateji hədəfi Sovet İttifaqının tamamilə dağılması idi və Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan xalqına qanlı divan tutulması  onların yalnız xeyrinə idi. Qərb mətbuatı qeyri-obyektiv mövqe tuturdu, onun dərc etdiyi xəbərlər və məqalələr ümumiləşdirici xarakter daşıyır, bütün sovetlər ölkəsində vəziyyət, SSRİ-də o vaxt həyata keçirilməkdə olan yenidənqurmanın, demokratik proseslərin gedişinə təsir baxımından təhlil edilirdi.

Bəzi qəzetlər Qorbaçovu açıq-aşkar dəstəkləyir, ona rəğbət bildirir və hesab edirdilər ki, onun respublikaya qoşun yeritməkdən qeyri çıxış yolu yox idi. “Nyu-York Tayms” (ABŞ) qəzeti 22 yanvar nömrəsində yazır: “...Bu respublikada etnik üsyanın hərbi qüvvə ilə yatırılması ölkə daxilində alqışlanmasa da, geniş dəstəklənir və qərb hökumətlərinin təmkinli rəğbətinə səbəb olur...”. “Sandi ekspress” qəzetində isə belə bir fikir söylənilir: “Açığını desək, Qorbaçovun oraya qoşun göndərməkdən başqa çıxış yolu yox idi”.

Lakin Bakıdakı dramatik hadisələri əsasən SSRİ-nin daxili problemi hesab edirdilər. Qərbin kütləvi informasiya vasitələrinin əksəriyyəti, eləcə də Avropa və ABŞ-ın bir sıra siyasi xadimləri və təşkilatları həmin hadisələri bu cür qiymətləndirirdi. ABŞ dövlət departamentinin nümayəndəsi Marqaret Tatuayler Amerika hökuməti adından çıxış edərək bildirmişdi ki, ABŞ Azərbaycanı dəstəkləmir, buna görə də Bakıdakı hadisələri şərh etməyə lüzum görmür. ABŞ dövlət departamenti Qorbaçovu açıq-aşkar dəstəkləyir, belə hesab edirdi ki, onun səyləri iki düşmən xalq arasında sülhün qorunub saxlanmasına yönəlmişdir. Böyük Britaniya XİN də Azərbaycandakı vəziyyəti “SSRİ-nin daxili işi”  kimi qiymətləndirmişdi, İtaliyanın xarici işlər naziri Canni de Mikeris də buna oxşar fikir söyləmişdi. Aşkardır ki, SSRİ rəhbərliyi Qərbi Bakıda baş verən hadisələri qərəzli şəkildə qiymətləndirməyə hazırlamışdı, çünki o vaxt sovet  mətbuatında Azərbaycanda “İslam ekstremizminin yayılması” barədə sərsəm fikirlər səylə yayılırdı.

Qarabağ probleminin sülh yolu ilə həll edilməsinin tərəfdarı olan Azərbaycan xalqı əmin olduğunu bildirir ki, dünya dövlətlərinin, parlamentlərin, beynəlxalq təşkilatların birgə səyləri sayəsində Azərbaycan respublikasının ərazi bütövlüyü təmin ediləcək, qaçqınlar və məcburi köçkünlər öz doğma evlərinə qayıdacaqlar.

İlk baxışda bu faciənin bütün mənzərəsi bərpa edildiyinə, müvafiq nəticələr çıxarıldığına, təqsirkarların adları elan edildiyinə baxmayaraq, hər dəfə fikrən 90-cı illərə qayıdanda Bakıdakı o faciəli yanvar hadisələrinin tarixi dərslərini dərk etməyə tükənməz tələbat duyulur. Yanvar hadisələrinin dərsləri siyasi baxımdan çox qiymətli və həmişə aktualdır.

Həmin yanvar günlərində Moskvada gözdən salınmış siyasi xadim vəziyyətində olan Heydər Əliyev Azərbaycanın daimi nümayəndəliyində çıxış edərək birinci olaraq bu dərslərdən birini belə ifadə etmişdi: “Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm... Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı... Bunlar üçün ilk növbədə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin artıq sabiq birinci katibi Vəzirov müqəssirdir. Bu yüksək vəzifədə olduğu müddətdə o, Azərbaycandakı vəziyyəti sabitləşdirmək üçün heç nə etməmişdir. Əksinə, özünün səhv addımları, yaramaz iş üslubu, yanlış siyasi manevrləri ilə xalqla öz arasında uçurum yaratmışdır... Hesab edirəm ki, Azərbaycandakı vəziyyəti öz axarına salmaq, siyasi həyatdakı qeyri-sabitliyi nizamlamaq üçün kifayət qədər imkan olmuşdur. Təəssüf ki, Azərbaycan rəhbərliyi, həmçinin ölkənin ali siyasi rəhbərliyi bu imkanlardan istifadə edə bilməmişdir...”.

Kreml tərəfindən dövlətin idarə edilməsindən kənarlaşdırılmış Heydər Əliyev öz xalqının faciəsindən kənarda qalmadı. Onun Azərbaycanın Moskvadakı nümayəndəliyində çıxışı o dövrdə hakimiyyətə görünməmiş meydan oxumaq idi və şəxsən onun üçün, onun ailə üzvləri üçün böyük xoşagəlməzliklərə səbəb ola bilərdi. 1993-cü ildə Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyev respublikada sabitliyin və demokratiyanın bərpa olunmasına çox qüvvə sərf etmiş, 1994-cü ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasında döyüş əməliyyatlarının dayandırılmasına nail olmuşdu. Buna görə Azərbaycan xalqı onu öz xilaskarı adlandırmışdı, 1993-cü il iyunun 15-də xalqın iradəsi ilə Heydər Əliyev Bakıya gəldi və Milli Məclisə rəhbərlik etməyə başladı. O vaxtdan həmin gün Milli Qurtuluş Günü kimi hər gün qeyd edilir.

Faciənin ibrət dərsləri göz qabağındadır. İdeoloji ziddiyyətlərə, mövqelərin fərqli olmasına, mənafe və ambisiyaların toqquşmasına baxmayaraq onlar zorakılıq yolu ilə həll edilməməlidir. İcrası günahsız insanların həlak olmasına gətirib çıxaran qərarlar humanist və qanuni qərarlar hesab edilə bilməz. Ayrıca şəxsin həyatı, ləyaqəti və təhlükəsizliyi bütövlükdə bəşəriyyətin təhlükəsizliyinin təmin edilməsində prioritet olmalıdır. Bu, hər hansı siyasətdən, hər hansı ideyalardan daha vacibdir, çünki insan hüquqlarına diqqət yetirilmədikdə, belə siyasətin, belə ideyaların heç bir əhəmiyyəti yoxdur. Siyasətçilər bunu dərk etməsələr cəmiyyət dözümsüzlüyün məşum nəticələrindən, xalqın həyati mənafelərinə etinasız yanaşan hakimiyyətin siyasi ambisiyalarından sığortalana bilməz.

Mən əminəm ki, Mixail Qorbaçovun və onun ətrafındakıların azərbaycanlıları məruz qoyduğu iztirablara, qanın su yerinə axmasına yol verməmək olardı. Əgər Kremlin qərəzli, cinayətkar siyasəti olmasaydı, əgər Azərbaycanın o vaxtkı rəhbərləri qorxaqcasına razılıq verməsəydi, hər şey başqa cür ola bilərdi. Təəssüf ki, 90-cı il Bakı faciəsinin təqsirkarları hələ də layiqli cəzalarını almamışlar. Axı, heç bir təqsiri olmayan insanların qətlə yetirilməsinə görə, hələ də heç kəs cavab verməmişdir.

Arif Cəmil oğlu QULİYEV,
Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq Münasibətlər
İnstitutunun beynəlxalq hüquq kafedrasının professoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında