Həmin günlərdə ulu öndər Heydər Əliyevin səsinə səs verən qan qardaşlarımız yumruq kimi birləşərək ayağa qalxmışdı
Yeraltı və yerüstü sərvətlərlə zəngin olan, mühüm geostarteji məkanda yerləşən Azərbaycanın tarix boyu başı bəlalar çəkib. Bu torpağa göz tikən yadelli qüvvələr daim ölkəmizi müstəmləkəyə çevirərək, onun maddi-mənəvi sərvətlərini talamağa çalışmışlar. Sovet imperiyası isə daha qəddar vasitələrdən istifadə edərək, Azərbaycanın təbii sərvətləriylə yanaşı ziyalı potensialına, insan resurslarına da zərbə vurmağa, cəmiyyətimizdə xof yaratmaqla, onu özünə tabe etdirməyə çalışmışdır. Bunun ən bariz nümunəsi 1937-ci il represiyası və 1990-cı il yanvar hadisələridir. Hər iki halda əsas qayə bu millətin, bu xalqın azadlıq arzularına son qoymaq, onu köləyə çevirməkdi.
Müəyyən vaxt ərzində buna nail olsalar da, nəhayətdə yalanlar üzərində qurulan Sovetlər Birliyinin imperiya ideologiyasının çökməyə doğru üz tutduğu 1980-ci illərin sonundan etibarən Azərbaycan türklərinin azadlıq arzularına “zəncir vurmaq” mümkün olmadı. Erməni hiyləsinin girovuna çevrilən ittifaqın son rəhbəri Mixail Sergeyeviç Qorbaçov və onun Azərbaycandakı üzdəniraq “kadrları” xalqımızı, həmçinin bizdən güc alaraq müstəqillik arzusunda olan digər millətləri qorxutmaq üçün imperiya tarixinin ən dəhşətli qırğınını törətməkdən çəkinmədilər.
Həqiqətən də, XX əsrə nəzər salanda görürük ki, Sovet rejimi ölkə ərazisində ən çox qətliamlar törədən erməni daşnak birləşmələrindən sonra ikinci yeri tutur. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə toplu-tüfəngli Sovet ordusu heç bir xəbərdarlıq etmədən əli silahsız dinc əhalinin üstünə yeridi, qırğın törətdi. Nəticədə bir gecədə 137 nəfər həlak oldu, 700-dək insan yaralandı, onlarca azərbaycanlı itkin düşdü. Həmin dəhşətli gecədən sonra bütün Azərbaycan yasa qərq oldu. Xatırlayanlar bilir ki, 20 Yanvardan sonra çoxları bu hadisənin heç kəs tərəfindən qınanmayacağını, bizim tək və köməksiz olduğumuzu deyirdilər. Ancaq belə olmadı. Ulu öndər Heydər Əliyev heç bir təhdidə məhəl qoymadan Moskvada mətbuat konfransı keçirərək faciə barədə dünya ictimaiyyətini məlumatlandırdı. Öz vətəndaşlarını qətlə yetirdiyinə görə Sovet hakimiyyətini və onun səriştəsiz, bacarıqsız, ermənipərəst, qəddar rəhbərliyini qınadı. Onların tarix qarşısında, Azərbaycan xalqı qarşısında cavab verəcəklərinə əminliyini bildirdi.
Türk dünyasının böyük oğlu Heydər Əliyevin kəskin bəyanatları, qətiyyətli mövqe nümayiş etdirərək, Sovetlər Birliyinin çirkin siyasətini ifşa etməsi dünyada böyük əks-səda doğurdu. Təbii ki, ulu öndərin beynəlxalq ictimaiyyətə müraciətinə ən ciddi reaksiyanı qanımız bir, canımız bir olan Türkiyə xalqı verdi. Heydər Əliyevin açıqlamalarını qardaş ölkənin bütün kütləvi informasiya agentlikləri, televiziyaları, qəzetləri geniş ictimaiyyətə çatdırdı. Və türk dünyasının böyük oğlunun səsinə səs verən türk xalqı yumruq kimi birləşərək ayağa qalxdı. Onlar Azərbaycan türklərinin kütləvi şəkildə qətlə yetirilməsinə etiraz əlaməti olaraq küçələrə, meydanlara axışır, rəsmi Ankaradan Azərbaycana hərbi kömək göndərilməsini, bu mümkün deyilsə, sərhədləri açıb könüllülərin oraya getməsinə şərait yaradılmasını tələb edirdilər. Biz məhz o günlərdə bir daha anladıq ki, Azərbaycan xalqının ən böyük dayağı ulu öndər Heydər Əliyev və türk xalqı idi.
Qeyd etdiyimiz kimi, Azərbaycanda baş verən faciə Türkiyə ictimaiyyətini yumruq kimi birləşməyə vadar etmişdi. Deyilənlərə görə, ölkədə sağ və sol partiyaların nümayəndələri heç vaxt bu şəkildə bir araya gələrək birgə aksiya keçirməmişdilər. Ölkənin ictimai-siyasi münasibətlər sistemini yaxşı bilənlər də qeyd edirdilər ki, bu aksiyalarda Türkiyənin sağ və sol partiyalarının nümayəndələrinin birgə iştirakı həmin vaxtlar sensasiya idi. Ancaq Azərbaycanın dərdi ürəkləri elə yandırmışdı ki, heç buna fikir verən də yox idi. Hamının məqsədi, məramı “Odlar yurdu”nda törədilən faciəyə etiraz etmək, nə yolla olursa-olsun qan qardaşlarına kömək etməyə çalışmaqdı. Onları birləşdirən yeganə amil də ictimaiyyətin Azərbaycana, Azərbaycan xalqına olan dərin məhəbbəti idi. Həmin vaxt Türkiyə xalqı Bakıda törədilən qətllərdən dəhşətə gəlmişdi. Ölkə hər an partlamağa hazır bombaya bənzəyirdi. Heç bir tədbir görə bilmədiyi üçün günahlandırılan Türkiyənin həmin dövrdəki hökumətini istefaya çağıranların sayı gündən-günə artırdı. Bundan təşvişə düşən hökumət nümayəndələri ictimaiyyət qarşısına çıxaraq açıqlamalar verir, kütləni sakitləşdirməyə çalışırdılar. Ancaq bu fayda vermirdi. Xalq kütlələri 1918-ci ildə olduğu kimi, indi də türk ordusunun Azərbaycana köməyə göndərilməsini tələb edirdi.
Türkiyə arxivlərində apardığımız araşdırmalardan belə qənaətə gəlmək olar ki, 1990-cı ilin yanvarında Türkiyənin Naxçıvan Muxtar Respublikası ilə sərhəd bölgələrində vəziyyət daha da gərginləşmişdi. Həmin illərdə İğdır hələ vilayət statusu almamışdı, Qars vilayətinin tərkibində idi. Həm Qarsda, həm də İğdırda əhali kütləvi şəkildə küçələrə axışır, hər gün mitinqlər keçirilirdi. Mitinqlərdə alovlu çıxışlar edən qan qardaşlarımız Azərbaycandakı dəhşətli hadisələr barədə danışır, Azərbaycanın dərdinə şərik olduqlarını bildirirdilər. Türkiyə mətbuatının yazdığına görə, həmin günlərdə qar yağsa da, hava çox soyuq olsa da, heç kəs meydanı tərk etmirdi. Dərc olunan məqalələrdən belə anlaşılır ki, kütlə arasında formalaşan əhval-ruhiyyə artıq təhlükəli həddə çatmışdı. Belə ki, əgər bir nəfər sərhədi keçərək Naxçıvana getmək barədə təklif irəli sürsəydi, hamı bunu qəbul edərdi və həmin an bu təklifi yerinə yetirməyə çalışardı. Hər kəs Azərbaycan uğrunda ölümə getməyə hazır idi. Və gözlənilən baş verib. Mitinqçilər etiraz əlaməti olaraq Türkiyənin Naxçıvan ilə sərhədinə doğru yürüş etmək barədə çıxışlar etməyə başlayıblar. Bu təklif alqışlarla qarşılanıb. Bu, türk polisini xüsusi rejimdə işləməyə vadar edib. Çünki insanlar sərhədə yürüş etsəydilər və Naxçıvana keçməyə çalışsaydılar, Bakıda soydaşlarımızı qətlə yetirən sovet əsgərləri tərəfindən gülləboran edilə bilərdilər. Görünür qardaş sevgisinin, qardaş yanğısının ürəklərə hakim olduğu yerdə hamı ölümü, təhlükəni unutmuşdu.
Qarsdan, İğdırdan gələn mitinqçilər bir neçə dəfə sərhədi keçməyə cəhd göstəriblər. Amma türk polisi və hərbçilər vətəndaşların təhlükəsizliyi naminə onların qarşısını alıb. Buna baxmayaraq, bir qrup türkiyəli qardaşımız sərhədi gizli şəkildə keçərək Naxçıvana gəlmişdi. Həmin günlərdə Azərbaycanın ürəyi olan Bakıda baş vermiş qırğını fürsət bilən və Azərbaycandan Naxçıvana kömək gəlməsinin mümkün olmadığını hesablayan ermənilər qədim diyarı ələ keçirməyə, onu işğal etməyə çalışırdılar. Ancaq naxçıvanlıların Vətən uğrunda döyüşlərə inamla atıldıqlarını görən düşmənlər bunun asan olmayacağını anladılar. Sərhədə toplaşan türk tanklarının nəriltisi və əhalinin tez-tez sərhədi keçməyə çalışması, bəzən buna nail olması da erməniləri təşvişə salmışdı.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Sovetlər Birliyinin tərkibindən ayrılması barədə xəbər Türkiyədə ildırım sürətilə yayılıb. Mitinqlərdə də məhz bu məqam vurğulanaraq bildirilirdi ki, Qars müqaviləsinin şərtlərinə əsasən Türkiyə artıq Naxçıvana hərbi kömək göstərə bilər. Təbii ki, həmin dövrdə bu, o qədər də real görünmürdü. Ancaq qardaş ölkənin hökuməti xalq kütlələrinin “Sizin cəsarətiniz çatmırsa, imkan verin biz qardaşlarımıza köməyə gedək” kimi kəskin etirazları qarşısında çıxılmaz vəziyyətdə qalırdı.
Həmin günlərdə Türkiyənin İstanbul, Ankara, İzmir kimi böyük şəhərlərində də kütləvi etiraz aksiyaları baş tutub. İstanbuldakı Taksim meydanında toplaşan türk qardaşlarımız alovlu çıxışlar edərək Azərbaycandakı dəhşətli hadisələr barədə danışır, dərdimizə şərik olduqlarını bildirirdilər. Belə məqamlarda hər kəs bir nəfər kimi “Can, can Azərbaycan!”, “Sovet Ordusuna ölüm!”, “Qardaşlarımıza qıyanlara biz də qıyarız!”, “Sovetlər Birliyi, Azərbaycandan əlini çək!” və sair şüarlar səsləndiriblər. Türkiyə mətbuatının yazdığına görə, həmin günlərdə Taksim meydanında yer olmadığına görə, artıq insanlar yaxınlıqdakı İstiqlal prospektinə toplaşmalı olubar. Lakin qısa zamanda bura da insan axını ilə dolub.
Mitinqdəki bir hadisə isə şirin xatirə kimi yaddaşlarda bu gün də yaşayır. Bu, 30 metrədək olan möhtəşəm üçrəngli Azərbaycan bayrağının meydana gətirilməsi idi. Hamı bu bayrağı öpür, başının üzərinə qaldırırdı. Uzaqdan baxanda insana elə gəlirmiş ki, Azərbaycan bayrağı heç bir dəstək olmadan havada dayanıb. Onu yüksəklərə qaldıran isə türk xalqının Azərbaycana olan sonsuz sevgisi idi.
Bakıda baş verən faciədən sonra Azərbaycan ilə birlikdə Türkiyə də yasa bürünmüşdü. Bütün bunlar bizə böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir!” və əbədi lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətik!” — müdrik kəlamlarını xatırladır. Həqiqətən də 1990-cı il yanvar hadisələri XX əsrdə iki türk yurdunu — Türkiyəni və Azərbaycanı xilas etmiş iki böyük türk oğlunun kəlamlarının təsdiqi kimi diqqəti cəlb edir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan - Türkiyə qardaşlığı, dostluğu, birliyi tarixi köklərə söykənir. Bu birlik, bu həmrəylik bu gün də var, sabah da olacaq, bundan 300 il sonra da var olacaqdır.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.