20 Yanvar: qanlı Bakı faciəsinin pərdəarxası, yaxud Naxçıvanın işğalı ssenarisi

20 Yanvar faciəsinin salnaməsi XX əsr Azərbaycan tarixinin qara, eyni zamanda, şərəfli səhifələrindən biri kimi zaman keçdikcə yeni, əlavə təfərrüat və mülahizələrlə zənginləşir. Qanlı qırğının ilk günlərində, aylarında, illərində misilsiz bir cinayət aksiyası göz önündə idisə, sonrakı dövrdə arxa planda görünməyən, iç qatlarda gizli qalan məsələlər də aşkarlandı, tarixi məntiq də öz qənaətlərini ortaya qoydu.

 Faciənin üzdə görünən tərəfi mərkəzdən Dağlıq Qarabağ münaqişəsinə ədalətsiz münasibətə etiraz edən Azərbaycan xalqının iradəsini qırmaq, onu qorxutmaq idisə, içdən gələn səbəb sovet sisteminin laxlaması, onun zorakı təbiətinin korşalması idi. Bakıda törədilmiş qanlı qırğının kəsərsizliyi şəhərə yeridilmiş başkəsən hərbi kontingentin xalq qəzəbinin dalğalarında oyuncağa dönməsi, yalnız gecələr boşalmış küçələrdəki tək-tük adamın qabağını kəsməsi ilə bir daha aşkar oldu.

Sistemin ədalətsiz qayda-qanunları ilə 70 ildə adamları tək-tək, qrup halında əzən sovet güc orqanları seçmə qoşunları ilə Bakıda xalqla üz-üzə dayana bilmədi. Qanlı aksiyanın özü isə yanvarın 19-dan 20-nə keçən gecə adamların əksəriyyətinin evlərdə olduğu, yatdığı saatlarda törədilmişdi.

Faciənin arxa planında qalan, gizli niyyət isə ermənipərəst Qorbaçov siyasi güruhunun Ermənistanın Dağlıq Qarabağ və Naxçıvan Muxtar Respublikası ilə bağlı iddialarında və oyunlarında qəti irəliləyiş yaratmaq olmuşdu. Ermənilərin mərkəzdən hərtərəfli havadarlığı 2 il ərzində Azərbaycan xalqının güzəştsiz dirənişinə ilişib qalanda qəfil “başa zərbə” taktikasına əl atılmışdı.

Bu qəddar və xain qəsdin açımı belədir: Dağlıq Qarabağı Ermənistana vermirsinizsə başınıza vurub sizi huşsuz və iflic vəziyyətə salırıq, üstəlik, Naxçıvan da əldən gedər. Ən yaxşı halda Naxçıvanı geri qaytarmaq üçün Dağlıq Qarabağdan könüllü əl çəkərsiniz. Həmin axşam heç bir ciddi səbəb olmadan sərhəd və münaqişə zonasının tamamilə əks qütbündə olan, milyon yarımadək əhali yaşayan Bakını “başdan zərbə” ilə iflic hala salmağı, Dağlıq Qarabağ münaqişəsi ilə birbaşa əlaqəsi olmayan Naxçıvana Ermənistanın genişmiqyaslı hücumuna start verməyi başqa necə anlamaq olar? Bu, Azərbaycanı “Naxçıvan kartı” ilə vurmaq planı idi.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xəyanət və gizlinlərin çevrəsini, mahiyyətini hamıdan yaxşı bilən ümummilli lider Heydər Əliyev faciədən 6 il sonra Naxçıvan şəhərində Hüseyn Cavid məqbərəsinin açılış mərasimində o müdhiş gecədə naxçıvanlıların müstəsna bir ayıqlıq və iradə ilə atdıqları addımı yada salaraq demişdi:

“Mən Moskvada olarkən, Azərbaycana qarşı edilən bu cinayətə etiraz səsimi qaldırdım, xalqıma, millətimə həmrəy olduğumu bildirdim və orada olan imkanlarla Azərbaycan xalqının müdafiəsinə çalışdım. Orada eşitdim ki, naxçıvanlılar bu dəhşətli faciə ilə əlaqədar qalxıblar, hətta o vaxt cəsarətli bir qərar qəbul ediblər. Azərbaycana qarşı edilən cinayətə, təcavüzə görə Naxçıvan Muxtar Respublikasının Sovet İttifaqının tərkibindən çıxması haqqında qərar qəbul ediblər.

İndi Sovet İttifaqı dağıdılıb. O vaxtdan çox illər keçib, çox şeylər unudulub. Sovet İttifaqına mənsub olmuş ölkələr öz müstəqilliklərini əldə ediblər. Ancaq naxçıvanlıların bu cəsarətli addımı o vaxt Sovet İttifaqında yeganə bir addım idi. Bu xəbər bütün dünyaya yayıldı ki, Naxçıvan Muxtar Respublikası Sovet İttifaqından çıxmaq barədə qərar qəbul edib. Bu, naxçıvanlıların nə qədər cəsarətli, qeyrətli, nə qədər azadlıqsevər və müstəqilliyinə nə qədər bağlı olduqlarını dünyaya sübut etdi, nümayiş etdirdi”.

Həmin axşam Bakıda və Naxçıvanda baş verən hadisələrin məntiqi tutuşdurulması sübut edir ki, o vaxtkı Naxçıvan MSSR Ali Sovetinin, Azərbaycan SSR paytaxtının amansız bir hərbi təcavüzlə xarici aləmdən təcrid edildiyi saatlarda, qəbul etdiyi qərar olmasaydı, köməksiz qalmış muxtar respublika erməni-sovet hərbi qüvvələrinin nəzarətinə keçəcəkdi. Ermənistan SSR-dən sonra soydaşlarımız Naxçıvandan da qaçqın düşəcəkdilər. Bu taktiki qərar o gecə və sonrakı günlərdə dünyanın nəzərlərini Kremlin xalqımıza qarşı törətdiyi hərbi-siyasi cinayətə, qan dəryasına çevrilən Bakıya, Ermənistandan Naxçıvanın üstünə yeriyən genişmiqyaslı təcavüzkar hücuma yönəltmişdi.

Naxçıvan MSSR Ali Sovetinin gözlənilməz qərarı ildırım sürəti ilə dünyaya yayılıb, Kremldə əks-səda verməklə, Ermənistan SSR-dən Naxçıvana hərbi basqın dayandırılmışdı. Sovet İttifaqının mövcudluğunun 68 ilində ikinci belə dəhşətli siyasi hadisə baş verməmişdi. SSRİ-nin dağılmasının əsasını qoymuş Dağlıq Qarabağ münaqişəsi ittifaqın bağlı qazanının qapağının azacıq qalxması olmuşdusa, SSRİ-nin, İranın və Azərbaycanın qovşağındakı muxtar qurumun “ümumi evi” tərk etmək qərarı Qorbaçov rejimini dayanmağa və düşünməyə məcbur etmişdi: bu nədir Azərbaycanın başına vurulan zərbənin əks-təsiri xəncərə dəyib SSRİ-nin ürəyinə sancılır!

Bu, artıq itaətin, hər zərbəyə mütiliklə dözməyin son gecəsi olmuşdu. Artıq xalqlar və ittifaq subyektləri gördülər ki, SSRİ dövləti onların maraq və təhlükəsizliklərinə deyil, “dostluq və qardaşlığa” xəyanət edənlərin mənafeyinə xidmət edir, günahsız insanların üstünə basqınlar edir. Dağlıq Qarabağdakı separatçı hərəkatın Yerevandan və Moskvadan dövlət siyasəti səviyyəsində dəstəklənməsi, əslində, SSRİ-nin təməl prinsiplərini sarsıdır, imperiyanı qoruyan qüvvələrin iqtidarsızlığını sürətlə şiddətləndirirdi. Bəli, Naxçıvanda tarixi sükut pozulmuş, “cin şüşədən ” çıxmış, “milçək filin qulağına girmişdi”.

Necə olmuşdu ki, kiçik və ucqar əyalət muxtariyyatında “SSRİ-nin tərkibindən çıxmaq” barədə ilk qərar qəbul olunmuşdu? Həmin qərarı imzalamış Naxçıvan MSSR Ali Sovetinin o vaxtkı sədri Səkinə Əliyevanın bu hadisədən 8 il sonra verdiyi cavabı (“Xalq qəzeti”, 20 yanvar 1998-ci il) yada salırıq:

“O günlər biz Naxçıvanı itirmək təhlükəsi ilə üz-üzə qalmışdıq. Ermənilər Ermənistandan sonuncu azərbaycanlını da qovandan sonra bütün təhdid və təxribatları Naxçıvana yönəltmişdilər. Azərbaycanla yerüstü yollar kəsilmiş, bütün sərhədlərdə erməni silahlıları və texnika cəmlənmişdi. Həmin gecə Bakıda nə baş verdiyindən xəbərimiz yox idi. Naxçıvan öz hayında idi. Ermənilərin Sədərəyə güclü hücumu nəticəsində 8 nəfər ölmüş, 30 nəfər yaralanmış, əhali çöllərə tökülmüş, xeyli ev dağıdılmışdı.

Sədərəkdə həlak olmuş 2 uşağın meyiti Naxçıvanın mərkəzi meydanına gətirilmiş, on minlərlə adam hiddətlə tədbir görülməsini, ermənilərin əliyalın naxçıvanlıları qovub İran və Türkiyəyə keçirməsi təhlükəsinin sovuşdurulmasını tələb edirdi. Bakı susurdu, rəhbərlərdən heç birini tapmaq mümkün olmadı”.

Bu yerdə bir daha düşünməli olursan ki, Ermənistandan Naxçıvana hücumun qarşısını almalı olan sovet qoşunları nə üçün dinc Bakının üstünə yeridilirdi? Naxçıvandan Bakıya və Moskvaya edilən müraciətlərsə cavabsız qoyulurdu.

Səkinə xanım daha sonra bildirirdi:

“Axşam sərhəd məntəqələrindən həyəcanlı xəbərlər gələndə, vəziyyət gərginləşib son həddə çatanda vilayət partiya komitəsində işıqlar söndürüldü. Öz taleyinə sahiblik etməli olan xalq Ali Sovetin binasına doluşdu...”

Naxçıvan MSSR Ali Sovetinin sədri Bakıdan heç kəslə əlaqə yarada bilmir. Moskvadan isə onu Qorbaçovun köməkçisi dinləsə də, əlavə heç bir cavab verilmir. Xalq nümayəndələri ilə məsləhətləşmədən sonra qərara alınır:

“Hamı bildirdi ki, məhv olma təhlükəsi qarşısında səsimizə hay verməyən, ermənilərin Naxçıvanı tutmasına, əslində, göz yuman bir ölkənin tərkibində qalmaq ölümə bərabərdir. Səsimizi dünyaya çatdırmaq, dolayı yolla SSRİ rəhbərliyini də silkələmək üçün, Qars müqaviləsinin şərtlərinə istinadən, bütün naxçıvanlıların iradəsini ifadə edən bir qərar hazırladıq. İki saata muxtar respublika Ali Sovetinin əlimiz yetən deputatlarını topladıq. SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin Naxçıvandan olan deputatları da iştirak etməklə, gecəyarısı fövqəladə sessiya keçirdik. Yekdilliklə Naxçıvan MSSR-in SSRİ-nin tərkibindən çıxması barədə qərar qəbul etdik.

Sessiya qurtaran kimi, gecə saat 4-də yerli teleradio ilə çıxış edib bu qərarı bəyan etdim. Həyəcanlanmış əhali nisbətən sakitləşib evlərinə getdi. Kişilər, rayon rəhbərləri, qeyrətli adamlar isə sərhədlərin möhkəmləndirilməsinə yollandılar... Bu o dəqiqələr imiş ki, Bakı od tutub yanırmış... Biz bunlardan səhərisi gün Türkiyə radiosu ilə xəbər tutmuşduq.

Həmin gecə teleradio ilə çıxışım qonşu dövlətlərdə tutulmuş, səsimiz dünyaya çatmışdı”.

Səkinə Əliyeva xatırlayırdı ki, yanvarın 19-da onun Moskvaya Baş katib M.Qorbaçovun telefonuna vurduğu zəngin xəbəri aprelin 20-də çıxdı. Oradan kimsə zəng vurub soruşdu ki, “hə, indi Naxçıvanda vəziyyət necədir?”

Bu arada isə Naxçıvan əhalisi də daxil olmaqla Azərbaycan xalqı 40 gün şəhidlərə yas saxlamış, qanlı imperiyaya olan “son inam”ın dəfninin də qırxı çıxmışdı. Azərbaycan rəhbərliyinə oturdulmuş xalqdan uzaq “liderlər” isə az sonra Moskvanın tələbi ilə “Naxçıvan MSSR-in SSRİ-dən çıxmaq” barədə qərarını “Azərbaycan SSR və SSRİ Konstitusiyalarına zidd sənəd” elan edərək qüvvədən salmışdılar.

Bu qərarın ürəklərə yazılmış mahiyyətini və hökmünü isə sonrakı 2 ildə heç kəs ləğv edə bilmədi. Əksinə, 20 Yanvar qətliamını Moskvada kəskin bəyanatla pisləyən ümummilli lider Heydər Əliyev bu addımı atıb Qorbaçov güruhu ilə qəti toqquşmadan sonra Azərbaycana dönüb, yerli “dönüklər”dən üz çevirib doğma Naxçıvana gedəndən sonra onun rəhbərliyi ilə Naxçıvanın SSRİ-dən çıxması barədə qərar mahiyyətcə gerçəkləşdirildi. Tezliklə “Naxçıvan MSSR” ifadəsindən “sovet sosialist” sözləri çıxarıldı. Azərbaycan sovet bayrağının yerini üçrəngli milli bayrağımız tutdu. Naxçıvan MR SSRİ-nin saxlanması barədə saxta referendumda iştirak etmədi. Ulu öndərin iradəsi ilə Naxçıvan bu qədim torpağın zəruri mənafeyinə uyğun olaraq qəyyumsuz idarə olundu. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Naxçıvanın sovuşdurulmuş işğalı sonrakı dövrdə də mümkün olmadı. Çünki Naxçıvanda SSRİ rəhbərliyinin riyakar siyasətinin yerini həmin gecə həyata vəsiqə almış müstəqillik məramının gerçəkləşdirilməsi prosesi tutmuşdu.

20 Yanvar faciəsinin arxa planında baş vermiş bu hadisələri ulu öndər Heydər Əliyev bir də 1998-ci il yanvarın 14-də Azərbaycan Respublikası Konstitusiya Komissiyasının iclasında çıxışı zamanı Naxçıvan Muxtar Respublikasının konstitusiya statusuna münasibət bildirərkən xatırlamalı olmuşdu:

“1990-cı il yanvarın 19-da Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Naxçıvanın Sovetlər İttifaqının tərkibindən çıxması haqqında qərarı, mən hesab edirəm ki, tarixi bir əhəmiyyət kəsb edibdir. Doğrudur, Azərbaycanın Ali Soveti yanvarın 29-da bu qərarı ləğv edibdir. Amma bu, tarixdə qalan bir hadisədir. Naxçıvan Muxtar Respublikasının insanları və Ali Sovetdə təmsil olunan adamlar öz iradələrini ifadə ediblər. Nəyə görə? — Azərbaycana qarşı edilən ədalətsizliyə görə.

O vaxt sovet qoşunları Bakıya hələ daxil olmamışdı, amma Naxçıvana hücumlar edilmişdi. Naxçıvana Ermənistan tərəfindən hücumlar edilmişdi. O vaxt Gərki kəndi əldən getmişdi, başqa kəndlərə hücumlar edilmişdi. Hələ Ermənistanda, həm də Naxçıvanda olan sovet qoşunları da naxçıvanlıları müdafiə etməmişdilər–baxmayaraq ki, orada həddindən çox sovet qoşunları var idi. Ona görə də naxçıvanlıların başqa əlacı olmamışdı, qərar qəbul etmişdilər”.

20 Yanvarın qara və qanlı tərəfləri xain və riyakar sistemin, eyni zamanda, M.Qorbaçov başda olmaqla cinayətkar sovet rəhbərliyinin adına yazılmışdır. Faciənin şanlı və şərəfli tarixçəsi isə qəhrəmanlıq ruhunu dirçəltmiş xalqımızın o gecə göstərdiyi zəka və hünərlə yazılmışdır. O gecə birləşmiş düşmənlərimiz Bakıda odlu yağış yağdırsa da, milli iradəni qıra bilmədilər. Bakı tamaşasının arxa hissəsində hazırlanmış Naxçıvanın işğalı ssenarisi də o gecə oynanılmamış qaldı.

20 Yanvardan sonra ərazilərimizin bütövlüyü uğrunda ümumxalq mübarizəsi milli azadlıq hərəkatına çevrildi. 20 Yanvar nəticə etibarilə sovet imperiyasını süngü ilə yaşatmaq epoxasının sona yetdiyindən də soraq gətirdi.

20 Yanvar milli tariximizə Həqiqətin Xəyanət üzərində qələbəsi kimi yazıldı.

 

 

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında