20 Yanvar faciəsi barədə ən dəqiq və rəsmi sənədlərlə hamının tanış olması mümkündür

Bu cinayət hadisəsi bütün dünyaya tarixi faktlar və həqiqətlər əsasında çatdırılır. Azərbaycan gənc müstəqil dövlət olduğuna görə ötən əsrin 90-cı illərində bizim səsimizi bir çox dairələrdə bilərəkdən, əksər ünvanlarda isə müxtəlif səbəblərdən “eşitmirdilər”.

 

Bu cinayət hadisəsi bütün dünyaya tarixi faktlar və həqiqətlər  əsasında çatdırılır. Azərbaycan gənc müstəqil dövlət olduğuna görə  ötən əsrin 90-cı illərində bizim səsimizi bir çox dairələrdə bilərəkdən, əksər ünvanlarda isə müxtəlif səbəblərdən “eşitmirdilər”.

Heydər Əliyev siyasəti və  xüsusən, ulu öndərin maneə tanımayan diplomatik fəaliyyəti nəticəsində Azərbaycanın səsi dünyanın ən müxtəlif guşələrində eşidilməyə başladı.  Bizim beynəlxalq aləmdə daha çox eşitdirməli olduğumuz  Dağlıq Qarabağ münaqişəsi,

20 Yanvar faciəsi, Xocalı soyqırımı, tarixi ərazilərimizin böyük əksəriyyətinə sahib çıxa bilməməyimiz və bu kimi digər məsələlər artıq planetimizin bütün guşələrində hamı üçün eşidilən olub.

Ulu öndər Heydər Əliyevin bütün xarici səfərlərində və beynəlxaq tədbirlərdəki çıxışlarında  olduğu kimi  Prezident İlham  Əliyevin  də istənilən dostumuz və  bədxahımız olan  siyasətçilərlə görüşlərində bu məsələlər çox böyük ustalıqla gündəliyə gətirilir və Azərbaycanın mənafeyi baxımından müzakirəsinə nail olunur. Bu sahədə Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan layihələrin əhəmiyyətini xüsusilə qeyd etmək zərurəti var. Bununla belə, bütün yaradıcı qurumlar və dövlət orqanları Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə məhz olduğu kimi çatdırılmasında özünəməxsus uğurlara imza atırlar.  Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının  (preslib.az ) işləyib hazırladığı elektron layihələr də  bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Kitabxananın 20 Yanvar faciəsinin növbəti ildönümü ərəfəsində daha da təkmilləşdirilmiş variantda oxuculara təqdim etdiyi “Təcavüz: 20 Yanvar. Bakı, 1990” adlı elektron layihə tariximizin qanlı və şanlı səhifələrindən olan həmin qara gün barədə nəyisə öyrənmək və ya dəqiqləşdirmək istəyən hər kəs üçün çox dəyərli vəsaitdir. Bəlkə də hansısa oxucu belə düşünə bilər ki, 23 il əvvəl baş vermiş bir faciə barədə nəyin dəqiqləşdirilməsi mümkündür? Bu suala cavab olaraq bir məsələni yada salmaq lazımdır. Belə ki, 20 Yanvar faciəsi ilə bağlı son 15 ildə dünyanın müxtəlif ölkələrində keçirilən anım tədbirlərinin, az qala, hərəsində bu faciə zamanı həlak olan insanların sayı fərqli göstərilir. 122-dən (Rusiya) 177-yə qədər olan (ABŞ)  bu rəqəmlərin heç biri imperiya ordusunun Azərbaycan azadlıqsevərlərinin başına gətirdiyi müsibətin miqyasını kiçiltmək iqtidarında deyil. Ancaq ulu öndər Heydər Əliyevin bizə tövsiyə etdiyi kimi biz bütün hadisələri adıyla qeyd etməli, bütün faktların ən həqiqi variantını tapmalı, rəqəmlərin isə ən dəqiqini göstərməliyik. Prezident kitabxanasının qeyd etdiyimiz elektron layihəsində hadisələr, faktlar və rəqəmlər, sanki, mikroskopla öyrənilmiş kimi dəqiqləşdirilib. Aşağıda həmin faktları və rəqəmləri oxuculara təqdim edəcəyik.

“ Azərbaycana qarşı cinayət”, “Rəsmi sənədlər”, “Elektron resurslar” və “Fotoarxiv” adlı  Azərbaycan, ingilis və rus dillərində tərtib olunmuş bu layihənin sənədləri arasında  akademik Ramiz Mehdiyevin  2000-ci ildə işıq üzü görmüş “Azərbaycana qarşı soyqırımı gerçəkləri” adlı kitabının 20 Yanvar faciəsinə həsr olunmuş fəsli  (“Facıənin analitik təhlili” ) verilib.  Bu sənəddə qanlı faciədə dini amil, Qafqaz amili, milli amil, 20 Yanvarın geosiyasi aspekti, 20 Yanvar və Dağlıq Qarabağ münaqişəsi tarixi gerçəkliklərlə üz-üzə qoyulur, Qanlı yanvarın ibrət dərsləri və bu kimi məsələlər analitik şəkildə təhlil olunur.  “Xronologiya – 20. Yanvara aparan yol” adlı bölmədə isə ermənilərin  hələ 1987-ci il oktyabrın 18-də İrəvan şəhərinin ekoloji cəhətdən çirklənməsinə etiraz bəhanəsiylə təşkil etdikləri mitinqdə Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqındakı çağırışlarından başlayaraq, bu faciə ilə bilavasitə bağlı olan bütün məqamlar öz əksini tapıb.

Bu yazının qələmə alınması zərurətini yaradan bəzi məqamları xüsusilə yada salaq. Əvvəla, 20 Yanvar şəhidlərinin sayı barədə. Adını çəkdiyimiz internet materialında oxuyuruq ki,  Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 17 yanvar 2000-ci il (137 nəfər), 28 yanvar 2002-ci il (2 nəfər), 27 sentyabr 2003-cü il (2 nəfər) və Prezident İlham Əliyevin 6 fevral 2008-ci il tarixli (6 nəfər) fərman və sərəncamları ilə “20 Yanvar şəhidi” fəxri adı verilmiş soydaşlarımızla birlikdə  faciənin qurbanları 147 nəfərdir.  Yəni bu barədə  indiyə kimi səsləndirilən rəqəmlər faciədən sonrakı illərdə komissiyalar tərəfindən göstərilən  ilkin rəqəmlər idi. İnternet materialındakı “Rəsmi sənədlər” bölməsində faciə ilə bağlı parlament qərarları ( 14 sənəd), fərman, sərəncam və tədbirlər planları (34 sənəd) və eləcə də görüşlər, qəbullar, çıxışlar, müsahibələr, bəyanatlar (22 sənəd) öz əksini tapır. Həmin sənədlərin hər biri müasir tariximizin daha dəqiq öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Yaxud bir məqama diqqət yetirək.  Faciədən  on ay sonra – 1990-cı il dekabrın 5-də  ölkə Prezidentinin fərmanıyla  20 Yanvar Azərbaycanda  ümumxalq hüzn günü elan edilib. Cəmi 47 gün sonra isə məhz həmin prezidentin başqa bir fərmanı ilə Azərbaycanda hüzn günü elan edilməsi ilə bağlı fərman ləğv olunub. Nə üçün? Bəhanə belə olub ki, ölkədə “Şəhidlər Günü” elan olunduğuna görə hüzn gününə ehtiyac yoxdur. Əslində isə söhbət Moskvanın diqtəsi ilə  atılan addımlardan – 20 Yanvar faciəsinin yaddaşlardan silinməsi üçün edilən cəhdlərdən  gedirdi.  Yeri gəlmişkən, adı çəkilən internet materialında  20 Yanvar faciəsindən sonra ölkədə mövcud olmuş hər üç iqtidarın bu ümumxalq hüznünə olan münasibəti çox aydın şəkildə, konkret sənədlərin dili ilə öz əksini tapır.  Bircə məqamı yada salaq. Ulu öndər Heydər Əliyevin 1994-cü il yanvarın 5-də imzaladığı fərmanla yaradılmış Dövlət Komissiyasına qədər bu istiqamətdə heç bir ciddi addım atılmamışdı. Doğrudur, bir neçə xüsusi komissiya formalaşdırılmışdı. Ancaq onların da adı xüsusi idi. Özləri isə ümumi söhbətlərlə fəaliyyətlərini bitmiş hesab etmişdilər.

Bir sözlə, ötən əsrin sonlarında özünün tarixi haqqı olan dövlət müstəqilliyinə qovuşmaq üçün mübarizəyə qalxmış Azərbaycan xalqı bu yolda ilk böyük zərbəni 1990-cı ilin yanvar ayında almışdı. Həmin faciənin milli  yaddaşımızda əbədiləşdirilməsi üçün atılan istənilən addım yüksək qiymətləndirilir və  dəstəklənir. Ən başlıcası, bu qanlı və şanlı səhifə hər bir soydaşımızın yaddaşına əbədi yazılıb.

 

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında