20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş dəhşətli soyqırımıdır
Şriftin ölçüsü:
11.01.2013 10:30 | Oxunma sayı: 4577
20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. O gündən keçən müddət ərzində Azərbaycan demək olar ki, tamamilə yeni mərhələyə qədəm qoydu. Bu gün ölkəmiz dünyada ən sürətlə inkişaf edən ölkədir. Azərbaycan sübut etdi ki, xalqının iradəsinə əsaslanaraq müstəqil, azad ölkə kimi uğurla inkişaf edir. 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
O faciəli, dəhşətli, qanlı hadisələrdən 23 il keçir. Həmin müdhiş gecədə ayaqdan başa qədər silahlanmış imperiya ordusunun əliyalın dinc əhaliyə, azadlıq, müstəqillik arzusunda olan insanlara qanlı divan tutmasından 23 il ötür. Həmin gün dinc əhali gülləbaran edilsə də xalqımızın polad iradəsini sındıra bilmədi, insanları müstəqillik, istiqlaliyyət istəyindən döndərməyi bacarmadı. Azərbaycan xalqının bu əzmi, azadlıq eşqi imperiyanı dəhşətə gətirdi. Respublikamızda ehtiyac olmadığı halda qeyri - qanuni fövqəladə vəziyyət elan olunsa da, xalq imperiyanın qarşısından çəkilmədi, qorxmadı və azadlıq, müstəqillik uğrunda mübarizəsini sona qədər davam etdirdi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq edilmədən şəhərə daxil olan sovet qoşun hissələri müstəqillik arzusu ilə küçələrə çıxan dinc əhalini pulemyotlardan və avtomatlardan atəşə tutdu. SSRİ Müdafiə Nazirliyinin, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi “Udar” adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı “ALFA” və SSRİ DTK-nın “A” təxribat qrupları oynayırdı. Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 121 insan qətlə yetirildi, 700-dən artıq vətəndaş yaralandı və ağır xəsarət aldı. Sonrakı günlər də daxil olmaqla 132 nəfər həlak oldu. Onlardan 123-ü kişi, 5-i qadın, 4-ü uşaq idi.
20 Yanvar faciəsində azərbaycanlılarla yanaşı, Bakıda yaşayan 6 rus, 3 tatar, 3 yəhudi həlak olmuşdur. Həlak olanların arasında 4 polis , 1 həkim,
1 aspirant, 3 elmlər doktoru olub. 700-dən çox yaralının 25-i qadın, 20-si uşaq idi. Bu faciə əslində imperiya ordusunun, erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı idi. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi keçmiş SSRİ - nin rəhbəri Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinin nəticəsi idi. Buna dözməyən, öz azadlığına, müstəqilliyinə qovuşmaq istəyən Azərbaycan xalqı öz mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.
1989-cu ildə Tbilisidə əlləri günahsız insanların qanına batmış Mixail Qorbaçov öz çirkin niyyətlərini bu dəfə xalqımıza qarışı yönəltmişdi. Beynəlxalq birlik 1956-cı ilin Budapeşt, 1968-ci ilin Praqa, o cümlədən 1989-cu ilin Tbilisi, 1991-ci ilin Riqa və Vilnüs hadisələrinə müvafiq hüquqi qiymət verdiyi halda, 1990-cı ilin yanvarında Bakıda yaşanan qanlı olaylara fərqli prizmadan yanaşdı. Azərbaycan mənfur qonşusu Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir vaxtda sovet rəhbərliyi münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görmək əvəzinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən erməniləri, hətta erməni kursantları da daxil etmişdi.
Bakıda “rus və erməni kartından” məharətlə istifadə olundu. Guya Bakıya qoşun yeritməkdə əsas məqsəd hərbi qulluqçuların ailələrini qorumaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq idi. Əslində isə bu çökməkdə olan imperiyanın növbəti uydurması, azadlıq istəyində olan xalqı odlu silahla qorxutmaq, zorakı yollarla susdurmaq və öz əsarətlərində saxlamaq idi. Əgər imperiya rəhbərliyinin söylədikləri hətta həqiqətə yaxın olsaydı belə, Bakıya ən müasir silahlarla təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri , hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.
20 Yanvar faciəsini doğuran əsas səbəblər, xalqımızı soyqırımına gətirib çıxaran, Mixail Qorbaçovu qorxuya salan nə idi?
1980-ci illərin axırlarında Azərbaycanda ictimai-siyasi vəziyyət kəskinləşdi. Keçmiş Sovet İttifaqında gedən proseslər, ölkə rəhbərliyinin uğursuz “yenidənqurma” siyasəti, iqtisadi islahatların düzgün aparılmaması, milli siyasət sahəsində buraxılan kobud səhvlər bütün respublikalarda olduğu kimi, Azərbaycanda da milli-azadlıq hərəkatının geniş vüsət almasına səbəb olmuşdu. Azərbaycanda ictimai-siyasi vəziyyətin kəskinləşməsinin əsas səbəblərindən biri də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi və qondarma “Dağlıq Qarabağ problemi”nin ortaya atılması idi.Mixail Qorbaçova və SSRİ rəhbərliyindəki digər havadarlarına arxalanan ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və dinc əhaliyə qarşı terror aktları nəhayət xalqın səbr kasasını daşdırdı . “Torpaqdan pay olmaz” tələbi ilə ayağa qalxan xalqın etiraz dalğaları Kremli silkələməyə başlamışdı. Ümumxalq mitinqləri, 1989-cu il dekabrın 31-də Naxçıvanda Azərbaycan-İran sərhədinin sökülməsi, xalqın azadlıq və müstəqillik uğrunda mübarizəsi SSRİ rəhbərliyini qorxuya salmaya bilməzdi. Ona görə də Azərbaycanda baş qaldırmış xalqın etiraz səsini boğmaq üçün SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən planlar cızıldı. Bakıda, Sumqayıtda. Lənkəranda, Cəlilabadda, Neftçalada və digər bölgələrdə ermənilərə və ruslara qarşı düşünülmüş şəkildə təxribatlar törədildi. Digər tərəfdən Azərbaycana rəhbərlik edən Əbdürrəhman Vəzirovun yarıtmaz dövlət idarəçiliyi, Kremlin itaətində dayanması, milli adət - ənənlərimizə zidd hərəkətləri xalqı daha da qəzəbləndirmişdi.
Ölkədə yaranmış qarışıqlıqdan, anarxiya və özbaşınalıqdan şəxsi mənafeləri naminə istifadə edərək hakimiyyəti ələ keçirməyə çalışan, özlərini xalq hərəkatının lideri hesab edənlər vəziyyəti daha da kəskinləşdirirdi. İsa Qəmbər, Nemət Pənahlı, Rəhim Qazıyev və digərləri sovet qoşunlarına müqavimət göstərmək üçün xalqı küçələrə çıxmağa çağırırdılar. “Meydan liderləri” küçə və meydanlara çıxanlara silah paylanılacağı barədə yalan vədlər verir, imperiya ordusunun şəhərə yaxınlaşdığını bilsələr də, bunu gizli saxlayırdılar. Son anda isə onların hamısı qaçıb aradan çıxdılar. O dövrdə ölkəyə rəhbərlik edən Ə.Vəzirovun, həmçinin A.Mütəllibovun və respublika DTK-sının sədri V.Hüseynovun imzası ilə Moskvaya göndərilmiş şifroqramlar sovet ordusunun Bakıya yeridilməsi üçün Mixail Qorbaçovun əlində əsas olmuşdur. Sonra baş verən dəhşətli faciənin ağır nəticələri indi də hər birimizin ürəyini ağrıdır.
20 Yanvar cinayəti. Bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan Haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdu. Bu məqamlar 20 Yanvar hadisələri ilə bağlı aparılmış ən səthi təhqiqatlarda da təsdiqlənir.
20 Yanvar faciəsinin günahkarları uzun müddət xalqdan gizli saxlanıldı. Hətta A.Müttəlibovdan sonra hakimiyyəti ələ keçirmiş AXC - Müsavat cütlüyü bu faciənin tötədilməsinin əsl mahiyyətini açmaqda maraqlı olmadı. Bunun əsas səbəblərindən biri bu facənin törədilməsində həmin hakimiyyətdə yüksək vəzifədə təmsil olunanlardan bəzilərinin bilavasitə iştirakçı olması idi. Yalnız ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verildi. Heydər Əliyev hələ hakimiyyətə gəlməmişdən qabaq demişdir: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu fajiə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda Azərbaycan rəhbərlərinin xalqa xəyanətinin və cinayətinin nəticəsidir”
Ulu öndərin hakimiyyətə yenidən qayıdışından sonra -1994-cü ildə 20 Yanvar faciəsinə hüquqi- siyasi qiymət verildi, bu faciə Azərbaycan xalqına qarşı törədilmiş hərbi təcavüz və cinayət kimi dəyərləndirildi. Müstəqil Azərbaycanın tarixinə xalqımıza qarşı törədilmiş dəhşətli soyqırımı kimi həkk olunmuş 20 Yanvar faciəsi sonralar da Heydər Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanıldı və həmin günün “Azərbaycan tarixində, ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq rəmzi kimi müstəsna əhəmiyyəti” qeyd edildi.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin “20 Yanvar faciəsinin on birinci, on ikinci və on üçüncü ildönümünün keçirilməsi haqqında 5 yanvar 2001-ci il, 5 yanvar 2002-ci il və 28 dekabr 2002-ci il tarixli sərəncamları da həm 20 Yanvar faciəsinə diqqətinin, həm də həmin faciə qurbanlarının xatirəsinə ehtiramının ifadəsi kimi təqdirəlayiqdir.
Hər il Qanlı Yanvar faciəsinin törədilməsinin ildönümü ölkə rəhbərliyi və xalq tərəfindən böyük izdihamla qeyd olunur, şəhidlərin xatirəsi anılır. Xalqımıza qarşı törədilmiş bu soyqırımı ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar da 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ümumxalq ehtiramının ifadəsi olmaqla yanaşı, eyni zamanda Heydər Əliyev siyasətinin uğurlu davamı kimi də qiymətlidir. Həmin sərəncamların birində deyilir: “Xalqımız 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirdi. 1990-cı ilin Qanlı Yanvarında Azərbaycanın şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar”.
20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Lakin Azərbaycan xalqı öz qürurunu, mənliyini itirmədi, onun iradəsi qırılmadı. Xalqımızın qan yaddaşına ağır faciə kimi yazılmış 20 Yanvar, eyni zamanda, Azərbaycan tarixində bir qəhrəmanlıq səhifəsidir.