Qrossmeysterlərin Berlin sammiti

“Bütün rəqiblər çox güclüdürlər”

Martın 10-da Bakı vaxtı ilə saat 18-də Berlində dünya şahmat tacına iddiaçıların turnirinə start veriləcək. Bütün səkkiz iştirakçının hamısı bir-birinə layiqli rəqiblərdir. Reytinqə görə, onların siyahısına Azərbaycan tarixində ilk dəfə 2800 əmsal həddini aşmış və hazırda reytinqi 2809-a bərabər olub bu göstəriciyə görə yalnız norveçli dünya çempionu Maqnus Karlsendən (2843) geri qalan azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov başçılıq edir.

Təmsilçimizin rəqibləri isə Vladimir Kramnik (Rusiya, 2800), Uesli So (ABŞ, 2799), Levon Aronyan (Ermənistan, 2794), Fabiano Karuana (ABŞ, 2784), Din Lijen (Çin, 2769), Aleksandr Qrişuk (Rusiya, 2767) və onun həmvətəni Sergey Karyakindir (2763).

Qrossmeysterlərin özlərinin də, bütün şahmat mütəxəssislərinin də yekdil fikrincə, səkkiz iddiaçının hamısı eyni qüvvəlidir və onların hər biri turnirin qalibi olub dünya şahmat tacı uğrunda matçda Karlsenlə görüşmək hüququ qazana bilər. Məsələn, Karyakin Moskvadan Berlinə yola düşməzdən əvvəl Ria Novostinin müxbiri ilə söhbətində demişdir ki, Berlin turnirində oynayacaq bütün rəqiblər çox güclüdürlər və onları cüzi də olsa qiymətləndirməmək baha başa gələ bilər.

Dünya şahmat tacı uğrunda sonuncu matçda Karlsenə yalnız “əlavə vaxtda”–tay-breykdə uduzmuş (12 görüşdən sonra matçda hesab 6:6 olmuşdu) rusiyalı qrossmeyster Məmmədyarov haqqında isə belə demişdir:–Məmmədyarov son vaxtlar yaxşı, sabit oynayır və şübhəsiz, o ən təhlükəli rəqiblərdən biri olacaq. Amma mən kimisə qiymətləndirməyə bilmərəm, hamısı çox güclüdür.

Həqiqətən, şahmat aləmi çox böyük hadisə ərəfəsindədir. Maraqlıdır, bu ilin noyabr ayında Londonda dünya tacı uğrunda matçda Karlsenə hansı xoşbəxt şahmatçı rəqib olacaq?

Turnir iki dövrədən ibarətdir və rəqiblər hərəyə 14 görüş keçirəcəklər. Qrossmeysterlər yarış ərzində dörd gün–martın 13, 17, 21 və 25-də istirahət edəcəklər. Sonuncu, 14-cü tur martın 27-nə təyin edilmişdir. Ehtiyac olsa, martın 28-də tay-breyk keçiriləcək.

Ş.Məmmədyarov çıxışlarına sabah qara fiqurlarla Karyakinə qarşı görüşlə başlayacaq, ertəasi gün ikinci turda ağlarla Aronyanla oynayacaq. Şəhriyar birinci dövrədə qalan beş görüşü isə bu ardıcıllıqla keçirəcək– Karuana, So, Lijen, Kramnik, Qrişuk.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında