Bakıda və Sumqayıtda universal ağır atletika komplekslərinin açılışı olub

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) ölkəmizdə idmanın inkişafına töhfə verməkdə davam edir. Bu baxımdan sağlam həyat tərzinin təbliği və gələcək çempionların yetişdirilməsi məqsədilə maddi-texniki bazanın genişləndirilməsi və təkmilləşdirilməsi, idmançıların məşq və hazırlıq şəraitinin yaxşılaşdırılması böyük əhəmiyyət daşıyır. Yeni ağır atletika zal və komplekslərinin istifadəyə verilməsi bu prosesdə mühüm rol oynayır.

Federasiyadan bildiriblər ki, 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə AAAF tərəfindən Bakıda və Sumqayıtda universal ağır atletika kompleksləri istifadəyə verilib.

Bakıda açılışı olan universal ağır atletika kompleksi “Zirvə” beynəlxalq idman klublarının və AAAF-ın birgə layihəsi əsasında inşa edilib.

Kompleksin açılış mərasimində AAAF-ın vitse-prezidenti, Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev iştirak edib. Azər Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsdikdən sonra burada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, kompleksdə ağır atletika, bodibildinq, pauerliftinq, krosfit və fitneslə məşğul olmaq üçün hər cür şərait yaradılıb. Gün ərzində 500-ə yaxın idmançı bu məkanda peşəkar məşqlə məşğul ola bilər. Kompleks ən müasir avadanlıqla təchiz olunub, idmanın hər bir növü üzrə fərdi yanaşma tətbiq olunub. Burada tanınmış idmançılar, uğur qazanmış atletlər, təcrübəli həkimlər, masajçılar və məşqçilər çalışacaqlar.

Sumqayıtdakı kompleksin açılış mərasimində isə AAAF-ın birinci vitse-prezidenti Tofiq Heydərov, həmçinin federasiyanın Rəyasət Heyətinin üzvləri iştirak ediblər.

Kompleksin rəmzi açılışını bildirən lentin kəsilməsindən sonra burada yaradılan şərait barədə məlumat verilib. Qeyd olunub ki, kompleksdə eyni vaxtda 50-yə yaxın ağırlıqqaldıran, eləcə də bodibildinq, pauerliftinq, krosfit idmançılarının məşq etmək, yarışlara ən yüksək səviyyədə hazırlaşmaq imkanı var. Burada paltardəyişmə otaqları, xüsusi idman geyimləri və vitaminləri stendi, futbol meydançası, digər otaqlar da xidmətə hazırdır.

AAAF hər il 20-yə yaxın ağır atletika zal və kompleksinin açılışı, təmir-bərpa işlərini həyata keçirir. Ötən il Qobustanda mərkəzi ağırlıqqaldırma zalı, “Spartak” Könüllü İdman Cəmiyyətinin Ramanadakı zalı, “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin ağırlıqqaldırma zalı, Mərkəzi Ordu İdman Klubunun bazasındakı ağırlıqqaldırma zalı, Azərbaycan Respublikası Bədən Tərbiyəsi və İdman Akademiyasının ağırlıqqaldırma zalı və digər qurğularda əsaslı təmir-bərpa işləri görülüb, avadanlıq yenilənib, məşq üçün ən yüksək şərait yaradılıb. Bununla yanaşı, Astarada AAAF Park Yaşayış Kompleksində yerləşən ağırlıqqaldırma üzrə yeni təlim-məşq bazasının açılışı həyata keçirilib. Bu çoxfunksiyalı bazada 150 nəfərlik yarış və 20 nəfərlik ağır atletika məşq zalı, hər cür şəraitlə təmin olunmuş paltardəyişmə otaqları, həmçinin ən müasir avadanlığın quraşdırıldığı geniş AAAF fitness zalı, 50 nəfərlik yeməkxana və digər otaqlar idmançıların istifadəsinə verilib.

AAAF bu istiqamətdə işləri cari ildə də davam etdirəcək.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında