“Sənin sürət formulan” şüarı ilə regionlarımızda çempionat keçiriləcək

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Azərbaycan Avtomobil Federasiyası (AAF) ilə birlikdə regionlarda avtoidman üzrə maarifləndirmə ayı çərçivəsində “Sənin sürət formulan” şüarı altında simulyatorda “Formula-1” (F1) çempionatı keçirəcək. Bu barədə “Kristal Zal”da keçirilmiş mətbuat konfransında məlumat verildi.

Konfransda çıxış edən  “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai sözügedən layihənin region ictimaiyyəti arasında F1-ə böyük həvəs və maraq yaradacağını qeyd etdi: “Son illər Azərbaycanda keçirilən “Formula-1” yarışları ölkə ictimaiyyəti arasında bu idmana böyük maraq oyadıb. Yarışlar paytaxt Bakıda keçirildiyindən şəhər sakinləri F1-in gətirdiyi əyləncə və coşğunu daha çox yaşaya bilirlər.” Onun sözlərinə görə, bu  layihənin məqsədi Bakıda olan yarış həyəcanı və coşğusunu bölgələrimizə də ötürə bilməkdir. “İnanırıq ki, bu layihə region sakinlərini F1 ilə daha yaxından tanış edərək ölkə ictimaiyyəti arasında  avtoidmana maraq göstərən azarkeşlərin sıralarını əhəmiyyətli dərəcədə genişləndirəcək”—deyə, o əlavə etdi.

Azərbaycan Avtomobil Federasiyasının  mobillik üzrə koordinatoru Zafiq Xəlilov bildirdi ki, layihə çərçivəsində məktəblilər üçün yol hərəkətinin təhlükəsizliyinə dair seminarlar da təşkil ediləcək. AAF-ın yol hərəkəti təhlükəsizliyinə dair mütəmadi olaraq maarifləndirmə işlərinin aparıldığını deyən koodinator buna nümunə olaraq, məktəblilər arasında “Yol hərəkəti qaydalarını öyrənək” adlı seminarların keçirildiyini qeyd etdi. “Regionlarda keçiriləcək bu seminarlarda məktəblilərə yol hərəkəti təhlükəsizliyi, o cümlədən yol nişanları, işıqfor, piyada keçidi, təhlükəsizlik kəmərindən istifadə və digər zəruri mövzular haqqında ətraflı məlumat veriləcək. Həmçinin seminar iştirakçılarına müvafiq videoçarxlar təqdim olunacaq, nəşrlər paylanacaq. İnanırıq ki, bu layihə region məktəblilərinin yol hərəkəti təhlükəsizliyi barədə ətraflı şəkildə maariflənməsinə öz töhfəsini verəcək” – deyə, Zafiq Xəlilov söylədi.

AAF rəsmisinin sözlərinə görə, layihənin keçirilməsində əsas məqsəd Azərbaycanın regionlarında gənclər arasında F1 və yol hərəkəti təhlükəsizliyi haqqında məlumatlılığı artırmaqdır: “Fevralın 19-dan martın 10-dək davam edəcək layihə çərçivəsində keçiriləcək çempionat və seminarlarda Lənkəran, Şirvan, Füzuli, Mingəçevir, Qax və Qubadan olan yuxarı sinif şagirdləri iştirak edəcəklər.

Çempionatın ilk mərhələsində hər regiondan bir qalib seçiləcək və həmin qaliblər Bakıda Novruz bayramı ərəfəsində baş tutacaq final mərhələsində yarışacaqlar.”

Qeyd edək ki, yarışın sonunda qaliblə yanaşı, final mərhələsinin digər iştirakçılarına da sertifikat və  hədiyyələr təqdim olunacaq.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında