Azərbaycan–Avropa şahmatının bayraqdarı!

Yaxud rusiyalı mütəxəssisin dediyi kimi, qəhrəman komanda

Bu dərin bir rəmzi məna daşıyır ki, Azərbaycanın kişilərdən ibarət komandasının Yunanıstanda yenicə başa çatmış Avropa çempionatında ən yüksək zirvəni fəth edib xalqımıza böyük sevinc hissi yaşatması respublikamızda Dövlət Bayrağı Günü ərəfəsinə təsadüf etmişdir. Qrossmeysterlərimiz Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov və onların kapitanı Eltac Səfərli Krit adasından Xəzər sahillərinə Avropa şahmatının bayraqdarları kimi qayıtmışlar.

Millimizin hər bir üzvü bayram ərəfəsində on gün davam edən “Köhnə qitə”nin super qrossmeysterlərinin kəskin rəqabətində parlaq zəka sahibi olduğunu inamla sübuta yetirmiş, bu zaman əsl döyüşçü keyfiyyətləri, yenilməz qələbə əzmi göstərmişdir. Bunu təkcə biz özümüz demirik, bütün Avropa Azərbaycan komandasının möhtəşəm qələbəsini çox yüksək dəyərləndirir. Rusiyalı mütəxəssis Aleksey Dreyevin çempionat başa çatdıqdan dərhal sonra məşhur chess.news saytına verdiyi müsahibədə söylədiyi bir fikri, bəlkə də, bütün şahmat aləminin ümumi fikri də hesab etmək olar: “Azərbaycan fantastik iradi keyfiyyətlər, qəhrəmanlıq nümayiş etdirdi. Uğursuz startdan sonra irəli çıxmaq, üstəlik də, Rusiyaya qalib gəlmək qəhrəmanlığa bərabərdir!”

Məşhur mütəxəssisin bu fikri gəlişi xoş sözlər deyil. Həqiqətən, 40-dək ölkə təmsilçilərinin mübarizəsində birinci olmaq hər bir komandadan təkcə yüksək ustalıq deyil, həm də böyük əzmkarlıq və möhkəm iradə tələb edir.

Fəxri kürsünün zirvəsinə aparan çətin yolun lap başlanğıcında İtaliya komandası ilə matçda şahmat aləmində əsl sensasiya hesab edilən məğlubiyyət qeydə alındı (1,5:2,5). Ertəsi gün komandamız Avstriya üzərində böyük hesabla (4:0) qələbə qazansa da, 3-cü turda İspaniya ilə görüşdə heç-heçə ilə kifayətləndi (2:2) və turnir məsafəsinin üçdəbir hissəsini yalnız 50 faizli nəticə (1,5 xal) ilə qət edə bildi. Təbii ki, belə göstərici ilə uzağa getmək olmazdı.

Lakin bundan sonra, 4-cü turdan başlayaraq Azərbaycan komandası bu dəfə yaxşı mənada hamını təəccübləndirən elə bir superseriyaya başladı ki... Diqqət yetirin, Moldova 4:0, Çexiya 3:1, Ermənistan 2,5:1,5, Macarıstan 3:1, Rusiya da 3:1 hesabı ilə məğlubiyyətə uğradıldı və nəhayət, finişdə Ukrayna ilə heç-heçə –2:2.

Nəticədə iki komanda Azərbaycan və Rusiya eyni nəticə göstərərək hərəyə 14 xal topladılar və Avropa çempionunu əlavə göstəricilər müəyyənləşdirdi. “Topların fərqi” millimizdə daha yüksək oldu. Qaliblərin mükafatlandırılması mərasimində Azərbaycan yığması fəxri kürsünün zirvəsinə dəvət olunduqda Krit adasında əzəmətli dövlət himnimiz səsləndirildi, milli bayrağımız ən yüksəyə ucaldıldı. Bu zaman komandamız Avropa çempionatının bayraqdarı kimi fəxri kürsüdə necə də güclü və xoşbəxt görünürdü!...

Çox səmimi, startdakı uğursuzluqdan sonra ruhdan düşməyib böyük fədakarlıq sayəsində tədricən vəziyyəti düzəldən komandamızın hər bir üzvü – Məmmədyarov, Rəcəbov, Naydiç, Məmmədov və Hüseynov Azərbaycan idmanı tarixinə qızıl hərflərlə yazılan nailiyyətə öz layiqli töhfəsini verdi. Raufun çempionatda göstərdiyi nəticə isə fantastik nailiyyətdir. Zarafat deyil, Məmmədov 9 gün ərzində bir dəfə belə istirahət etmədən 9 ağır oyun keçirmiş, onlardan 7-də “döyüş” meydanını qalib kimi tərk etmiş, 2-də heç-heçə oynamışdır. Onun qazandığı 8 xal və ya 88 faizli nəticə təkcə 4-cü taxtada deyil, çempionatın bütün iştirakçıları arasında ən yüksək nəticədir.  Raufdan başqa turnirdə mübarizə aparmış 200-ə qədər rəqibdən heç kim belə nəticəyə nail ola bilməmişdir. Müqayisə üçün təkcə bir fakta diqqət yetirək ki, 9 oyunda ən yüksək nəticə göstərən ikinci iştirakçı Qabriel Sarqssyan (Ermənistan) yalnız 6,5 xal toplamış və qrossmeysterimizdən 1,5 xal geri qalmışdır. Əlbəttə ki, bu belə mötəbər yarışlar üçün olduqca böyük fərqdir.

R.Məmmədovun fantastik nəticəsi ona 4-cü taxtada daha bir qızıl medal sevinci yaşatmışdır. Rəcəbov 2-ci taxtada 8 görüşdə 5,5 xal toplamış (68,6 faiz), Məmmədyarov 1-ci taxtada bir o qədər oyunda 5 xal (62,5 faiz) qazanmışdır. Hər iki şahmatçı bu şəxsi nəticələrə görə gümüş mükafata sahib olmuşdur. Yığmamızın daha bir üzvü, Latviyada doğulmuş, sonralar Almaniya komandasında çıxış etmiş, indi isə xeyli müddətdir ki, Azərbaycan millisinin şərəfini qoruyan Arkadi Naydiç də bütün 9 turda meydana çıxmış, ona göstərilən etimadı 3-cü taxtada kifayət qədər yüksək nəticə hesab olunan 5,5 xalla (61,1 faiz) doğrultmuşdur. Yalnız ilk iki turda oynayan və hər biri təxminən 6 saat davam edən görüşlərin birincisində gərgin mübarizədən sonra uduzan, ikincisində isə qalib gələn Qədir Hüseynov da milli komandamızın layiqli üzvüdür.

Beləliklə, azərbaycanlı qrossmeysterlərin komandası 2017-ci il noyabrın 6-dan 7-nə keçən gecədən üçqat Avropa çempionu adını daşımağa başlayıb. Şahmat kimi qədim və müdrik oyunda bunun nə demək olduğunu təsəvvür etmək çətin deyil. Zəka sahiblərimiz bütün Avropaya nümunə göstərirlər.

İlk dəfə zirvəni 2009-cu ilin payızında Serbiyanın Novi-Sad şəhərində fəth edən, 2013-də Polşanın paytaxtı Varşavada bu tarixi nailiyyəti təkrar edən Azərbaycan komandası bu dəfə qələbəni Yunanıstanın Krit adasında bayram etmişdir. Əgər Avropa çempionatlarının iki ildən bir keçirildiyini qeyd etməli olsaq, hər iki turnirdən  birini zirvədə başa vurmaq, əlbəttə, çoxlarının arzuladığı lakin heç də hamının nail ola bilmədiyi böyük uğurdur. Bundan əlavə, Azərbaycan komandasının əvvəllər daha iki dəfə Avropa çempionatının mükafatçısı olduğu, bir dəst gümüş və bir dəst bürünc medal qazanması da yaxşı yadımızdadır.

Şahmatımızın bugünkü böyük qələbəsi haqqında danışarkən mərhum qrossmeysterimiz Vüqar Həşimovu da xatırlamamaq olmaz. Xüsusən də ona görə ki, Azərbaycan komandasının ilk dəfə Avropa çempionu adını qazandığı 2009-cu ilin payızında ölkəmizə çempionluq sevinci yaşadan qələbədə məhz Həşimovun böyük xidməti olmuş, komandaya qızıl medalları sonuncu turda Hollandiya ilə matçda onun 2-ci taxtada Daniel Stelvagenlə görüşdə dəqiq gedişləri təmin etmişdi.

Zəngin təcrübəli mütəxəssis Fikrət Sideyifzadənin başçılıq etdiyi Azərbaycanın qadınlardan ibarət komandası da Yunanıstanda layiqincə çıxış etmiş, 32 kollektivin yarışında finişə birinci onluqda çatmışdır.

Günay Məmmədzadə, Zeynəb Məmmədyarova, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova və Xanım Balacayevadan ibarət heyət 9 matçdan 4-də qalib gəlmiş, 3-də heç-heçə oynamış və 2-də uduzmuşdur. Çempionatda 11 xal toplayan millimiz onunla eyni nəticə göstərən İspaniya və İsrail komandaları ilə 6-8-ci yerləri bölüşdürmüşdür.  Bu komandada da hamı son anadək imkanları daxilində, var qüvvə ilə mübarizə aparmışdır. Məmmədyarova və Fətəliyeva 8 görüşdə oynayaraq hərəyə 5, Məmmədzadə bir o qədər oyunda 4, Məmmədova 7 görüşdə 3,5, Balacayeva 5 oyunda 2 xal toplamışlar.

Qadın komandalarının çempionatında ilk üç yeri Rusiya (17 xal), Gürcüstan (14) və Ukrayna (13) yığmaları tutmuşlar. Tərkibində Azərbaycan şahmat məktəbinin yetirməsi Xəyalə İsgəndərovanın da çıxış etdiyi Türkiyə komandası 10 xalla 13-cü olmuşdur.

Əgər Yunanıstanın Krit adasında Avropa çempionatından iki-üç həftə əvvəl əsasını Azərbaycan milli komandaları şahmatçılarının təşkil etdiyi “Odlar Yurdu” kollektivinin həm kişilərdən, həm də qadınlardan ibarət heyətlərinin Türkiyənin kurort şəhəri Antalyada Avropa klub çempionatında da Azərbaycan bayrağının şərəfini layiqincə qoruduqlarını, qadın şahmatçılarımızın qardaş ölkədə gümüş medallara, kişilərdən ibarət komandanın isə bürünc mükafatlara sevindiklərini də bu qeydlərə əlavə etməli olsaq, həqiqətən, Azərbaycan parlaq zəka sahiblərinin vətənidir. Onların hamısı mötəbər beynəlxalq yarışlarda öz qələbə və medalları ilə ölkəmiz üçün böyük iş görür.

Başqa cür ola da bilməz. Uzaq Yunanıstanda, qardaş Türkiyədə qazanılmış qızıl, gümüş və bürünc medallar Azərbaycan dövlətinin, şəxsən ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin ölkədə idmanın, o cümlədən şahmatın inkişafına göstərdikləri daimi qayğının növbəti parlaq təzahürüdür.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında