Əsl zəfər gecəsi

Bu heç-heçənin təkcə bir adı var – qəhrəmanlıq!

İki həftə əvvəl Bakı Olimpiya stadionunda dünya klub futbolunun nəhənglərindən biri “Atletiko” (İspaniya) ilə oyunda qolsuz heç-heçəyə nail olmaqla bütün Avropanı təəccübləndirən Ağdamın “Qarabağ” komandası 31 oktyabr axşamında elə həmin rəqiblə İspaniyada cavab görüşündə beynəlxalq futbol dairələrini bir daha heyrətə gətirdi.

Bu dəfə Madridin “Metropolitano” stadionunda vurduğu qol və qazandığı bir xalla.

Yenicə Çempionlar Liqası mühitinə uyğunlaşmağa başlayan Azərbaycan çempionu pley-off mərhələsinə can atan “Atletiko” üçün son dərəcə mühüm oyunda öz tarixinə daha bir parlaq səhifə yazdı. Çempionlar meydanında möhtəşəm oyun göstərib məşhur rəqibin qapısına qol vurmaq, xal qazanmaq hər komandanın işi deyil.

“Ağdam” komandası isə bunu bacardı və qitəmizin klub futbolunun ali bayramının layiqli iştirakçısı olduğunu inamla sübut etdi. Soyuqqanlı, cəsarətli oyun, böyük əzmkarlıq, bir də ki, baş məşqçi Qurban Qurbanovun tapşırıqlarının meydanda lazımi səviyyədə həyata keçirilməsi öz bəhrəsini verdi. “Qarabağ” Çempionlar Liqasında səfərdə də qollarının və xallarının hesabını açdı.(1:1)

Azərbaycan çempionu müxtəlif səbəblər üzündən meydana ciddi itkilərlə çıxsa da, əvvəldən axıradək nümayiş etdirdiyi məzmunlu oyunla bunu qətiyyən hiss etdirmədi və qazanılan bir xal əzmkarlığa görə böyük mükafat oldu. Bu heç-heçənin təkcə bir adı var –qəhrəmanlıq!

Əgər “Qarabağ”ın son yarım saatda on nəfərlə oynadığını da xatırlasaq ( Pedro Enrike kobud oyuna görə meydanı tərk etməli olmuşdu), həqiqətən, İbrahim Şehiç , Rəşad Sadıqov, Maksim Medvedev, Ansi Aqolli, Qara Qarayev, Miçel, Almeyda, Ramil Şeydayev-- bir sözlə, bütün komanda böyük fədakarlıq sayəsində ağır mübarizədə qələbəyə bərabər heç-heçəyə nail olmuşdur. Belə oyun görüşdən-görüşə komandamızın özünə inamını və beynəlxalq futbol dairələrində ona olan hörməti artırır.

Qollara gəldikdə, birinci hissənin sonuna yaxın Vild-Donald Geryenin yerinə yetirdiyi künc zərbəsindən sonra Miçelin hamıdan cəld tərpənərək başla vurduğu top da , ikinci hissənin əvvəllərində ispaniyalı Tomasın uzaqdan sərrast zərbəsi də gözəl qollar idi.

Noyabrın 1-ə keçən gecə Azərbaycanın futbol ictimaiyyəti, bütün xalqımız çox gözəl anlar yaşadı. Bu, əsl zəfər gecəsi idi!

Həmin oyundan bir neçə saat əvvəl “Qarabağ”ın yaxın ehtiyat qüvvəsi, klubun 19 yaşlı futbolçularının Madriddə “Atletiko”dakı yaşıdlarına 1:0 hesabı ilə qalib gəldiklərini də bu qeydlərə əlavə etməli olsaq, deyə bilərik ki, “Qarabağ” böyük qələbələrə aparan doğru yolda inamla irəliləyir.

Çempionlar Liqasında son dörd turnirdən ikisinin finalçısı ilə oyunda qazanılmış bir xalın qiyməti çox böyükdür.

Həmin axşam “C” qrupunda keçirilmiş digər oyunda “Roma”nın “Çelsi” üzərində gurultulu qələbəsi də (3:0) futbol dairələrində geniş əks-səda doğurmuşdur. İtalyanlar bu qələbədən sonra qrupun turnir cədvəlində ingilisləri birinci pillədən sıxışdırmışlar.

Qrup mərhələsinin finişinə iki tur qalmış “Roma”nın 8, “Çelsi”nin 7, “Atletiko”nun 3, “Qarabağ”ın iki xalı vardır. Növbəti oyunlar noyabrın 22-də keçiriləcəkdir: “Qarabağ”—“Çelsi”, “Atletiko”—“Roma”.

Kim bilir, bəlkə də, biz məhz həmin gün “Qarabağ”ın Çempionlar Liqasında ilk qələbəsini alqışlayacağıq.

Axı hələ iki gün əvvəl kim deyə bilərdi ki, Ağdam komandası Madriddə əsl zəfər gecəsi yaşayacaq...

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında