Antalya rinqində

İdman

Türkiyənin Antalya şəhərində keçirilən gənclər arasında boks üzrə Avropa birinciliyinin dörddəbir final mərhələsinin birinci yarış günündə rinqə çıxan Azərbaycanın üç təmsilçisindən ikisi döyüşdən qalib ayrılmışdır.

Surət Qarayev (81 kq) və 91 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev yarımfinala çıxmış və bununla da ən azı bürünc medalları özlərinə təmin etmişlər. Yarımfinalda Qarayevin rəqibi rusiyalı Ruslan Kolesnikov olacaq, Abdullayev isə Xorvatiya boksçusu Yozip Biletiçlə döyüşəcək. Bu mərhələnin görüşləri sabah keçiriləcək.

Dünən isə daha dörd idmançımız dörddəbir finalda yarımfinala vəsiqə uğrunda mübarizə aparmışdır.

 

48 ölkədən 290 cüdoçu

 

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində başlanacaq cüdo üzrə “Böyük dəbilqə” turniri idmanın geniş yayılmış bu növü üzrə ilin ən mötəbər yarışlarından biri olacaq. Turnirin mükafatları uğrunda 48 ölkədən 290 tatami ustası mübarizə aparacaq.

Azərbaycan cüdoçuları Əbu-Dabiyə geniş heyətlə yola düşmüşlər. Turnirdə komandamızın şərəfini qoruyacaq idmançıların bir çoxu Beynəlxalq Cüdo Federasiyasının reytinq cədvəllərində yüksək mövqelərdədir. “Böyük dəbilqə” turnirində kişilərin mübarizəsində Azərbaycana Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elxan Məmmədov (100 kq) və başqaları medal qazandırmağa çalışacaqlar.

Qadın cüdoçuların turnirində isə komandamızın şərəfini 48 kq çəki dərəcəsində çıxış edən Aişə Qurbanlı, Nəzakət Əzizova (52 kq) və İrina Kindzerskaya (+78 kq) qoruyacaqlar. Üç gün davam edəcək Əbu-Dabi turniri cüdo aləmində böyük maraqla gözlənilir.

 

Minskdə II Avropa Oyunları üçün beş mehmanxana tikilir

 

Belarus Teleqraf Agentliyinin (BELTA) yaydığı xəbərə görə, oktyabrın 24-də Minsk Şəhər İcraiyyə Komitəsinin əhaliyə məişət və mehmanxana xidmətləri idarəsinin rəisi Yuri Natıçko jurnalistlərə bildirmişdir ki, Minskdə II Avropa Oyunları üçün 1,4 min yerlik beş mehmanxana inşa olunacaq.

Onlardan üçünün bu il istifadəyə veriləcəyi gözlənilir. Daha iki mehmanxana kompleksi qapılarını 2018-ci ildə açacaq.

Hazırda şəhərdə 50 mehmanxana fəaliyyət göstərir, onlar 11,4 min nəfər qonaq qəbul etməyə hazırdır. Gözlənildiyinə görə, 2019-cu ilin əvvəlinədək mehmanxana fondunun ümumi yer tutumu 7 min nömrədən 12,7 min nömrəyədək artacaq.

Minskdə Avropa Oyunları 2019-cu il iyunun 21-30-da keçiriləcək. Yarışlarda 50 ölkədən 4 min idmançı iştirak edəcək.

Öz tərəfimizdən xatırladaq  ki, I Avropa Oyunları 2015-ci ilin iyun ayında Bakıda təşkil olunmuşdur.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında