Azərbaycan parlaq zəka sahiblərinin üçqat sevinci

Azərbaycanın “Odlar Yurdu” komandaları Türkiyənin Antalya şəhərində klublararası Avropa çempionatında həm kişilərin, həm də qadınların yarışında əla çıxış edərək, ölkəmizə bir dəst gümüş, bir dəst də bürünc medalın sevincini yaşatmışlar. Dünyanın ən yüksək reytinqli qrossmeysterlərindən biri Şəhriyar Məmmədyarov isə Rusiyanın “Qlobus” komandası heyətində Avropa çempionu olmuşdur. Beləliklə də  “Odlar Yurdu”nun ikiqat nailiyyətinə qızıl medal da əlavə edilmişdir.

Parlaq zəka sahiblərimizin bu mötəbər yarışda əldə etdikləri uğurlar dövlətimizin, şəxsən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə idmanın, o cümlədən şahmatın inkişafına göstərdiyi daimi qayğının növbəti təzahürü və idmanımızın şanlı tarixinə yazılan daha bir parlaq səhifədir. Gəlin, qardaş ölkədə yazılmış ən yeni səhifəni bir daha nəzərdən keçirək.

Həm də Azərbaycanın qadınlardan ibarət milli komandasının baş məşqçisi kimi tanıdığımız zəngin təcrübəli mütəxəssiz Fikrət Sideyifzadənin kapitan olduğu “Odlar Yurdu”nun Avropa çempionatında şərəfini Zeynəb Məmmədyarova, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Aydan Höccətova qorumuşlar. Qızlar bütün turnir ərzində çox səmimi və mübariz bir kollektiv kimi yarışmış və böyük əzmkarlıqları sayəsində Azərbaycanı gümüş medallarla sevindirmişlər.

“Odlar Yurdu” startda İsrailin “Beer Şeva” komandası üzərində qələbədən sonra çox mühüm matçda Gürcüstanın “Nona” komandasını məğlubiyyətə uğratmış, ertəsi gün Belarus təmsilçisi “Bossa Nova”ya uduzmuş, növbəti turlarda Türkiyənin “Anadolu” və Rusiyanın SHSM (Moskva) klubları üzərində qələbə qazanmış, Rusiyanın daha bir təmsilçisi “Yuqra” ilə görüşdə heç-heçəyə razılaşmış və  finişdə “Mərmərə”dən (Türkiyə)  dəqiq oynamışdır.

Nəticədə çempionatın yekun cədvəlində birinci-ikinci yerləri “Nona” və “Odlar Yurdu” komandaları bölüşdürmüşlər. Hər iki qalib heyət 14 mümkün xaldan 11 xal toplasa da, əlavə göstəricilərə görə Gürcüstan klubu çempion olmuş, Azərbaycan komandası isə gümüş medallar qazanmışdır.  Əgər Gürcüstan şahmatının dünyaya Nona Qaprindaşvili, Mayya Çiburdanize, Nana Aleksandriya kimi mahir ustalar verdiyini nəzərə alsaq, belə mötəbər yarışda onların davamçılarının komandası ilə eyni miqdarda xal toplamaq, hətta çempionatın gedişində ona qalib gəlmək, əlbəttə, böyük fəxarətdir və bizim qızlar çox sağ olsunlar ki, kəskin rəqabətdə özlərini itirməyərək milli bayrağımızın şərəfini layiqincə qorumuşlar.

Çempionatın bürünc medallarına gəldikdə, onlara “Bossa Nova” sahib olmuşdur (10 xal). Şahmatçımız Fətəliyeva bu komandanın üzvü Olqa Badeka ilə birlikdə ikinci taxtada ən yüksək nəticə göstərmişdir. Onlar 7 görüşdə hərəyə 5 xal toplamışlar ki, bu da 71 faiz deməkdir. Balacayeva isə 4-cü taxtada 6 oyunda 4,5 xal qazanmışdır. Yetmiş beş faizə bərabər bu nəticə həmin taxtada ikinci göstəricidir.

“Odlar Yurdu”nun kişilərdən ibarət komandası sonuncu, 7-ci tur ərəfəsində turnir cədvəlinin zirvəsində və “Qlobus”dan (Rusiya) 1 xal irəlidə idi. Təəssüf ki, son turda “Novi Bor” (Çexiya) ilə matçda məğlubiyyət komandamızı zirvədən üçüncü mövqeyə saldı, hətta əlavə göstəricilərə görə “Alkaloid” (Makedoniya) da bizi üstələdi. Bununla belə, öz bayrağı ətrafına 34 komandanı toplayan çempionatın üçüncü mükafatçısı olmaq da böyük uğurdur.

Kapitan rolunda Cahangir Ağarəhimovun çıxış etdiyi kişilərdən ibarət komandamız çempionatda Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli, Nicat Abasov və Azər Mirzəyevdən ibarət heyətlə yarışmışdır. “Odlar Yurdu” İngiltərə təmsilçisi, Riqa Texniki Universitetinin komandası, İtaliyanın “Padovo” və Hollandiyanın “Layden” klubları üzərində ardıcıl dörd qələbədən sonra beşinci turda Rusiyanın “Qlobus” komandası ilə matçdan heç-heçə ilə ayrılmış, altıncı raundda Rusiyanın digər klubu “Medni Vsadnik”ə qalib gəlmiş və yalnız finişdə çexlərin komandasına uduzmuşdur.

Nəticədə kişilərin yarışında “Qlobus” birinci olmuşdur. Avropa çempionunun heyətində ikinci taxtada Azərbaycan şahmatının lideri Şəhriyar Məmmədyarov çıxış etmişdir. Qrossmeysterimiz beş görüşdə oynamış və dörd xal toplayaraq, (üç qələbə, iki heç-heçə) rusiyalılar Vladimir Kramnik, Sergey Karyakin, Aleksandr Qrişuk, hollandiyalı Aniş Gri, ukraynalı Anton Korobov və Denis Xismatullindən (Rusiya) ibarət heyətin qızıl medallar qazanmasına öz layiqli töhfəsini vermişdir. 

Yekun cədvəlində “Qlobus” finişə 12 xalla çatmış, “topların fərqinə görə” “Odlar Yurdu”nu üstələyən “Alkaloid” də bizim kimi 11 xal qazanmışdır.

Qrossmeysterlərimizin şəxsi nəticələrinə gəldikdə, Məmmədov, Səfərli və Abasov hərəyə 5, Hüseynov 4,5, Naydiç və Mirzəyev 4 xal toplamışlar. Göründüyü kimi, fəxri kürsüyə aparan yolda hamı komandaya mümkün qədər çox kömək göstərməyə çalışmışdır.

Antalyada Avropa çempionatı təsdiq etdi ki, “Odlar Yurdu”nun hər iki komandası qitəmizin ən güclü, deməli, həm də ən hörmətli klublarındandır və bu komandalar qazandıqları uğurlarla fəxr edə bilərlər.

Tezliklə biz yenə böyük şahmat hadisələri yaşayacağıq. Bu dəfə Azərbaycanın idman ictimaiyyəti oktyabrın sonu–noyabrın əvvəlində Yunanıstanda keçiriləcək Avropa komanda çempionatlarını diqqət mərkəzində saxlayacaq. Hər iki komandamızın əsasını yenə “Odlar Yurdu”nun şahmatçıları təşkil edəcəklər. Üstəlik, kişilərin komandasında Məmmədyarov və Rəcəbov da olacaq.

Azərbaycanın kişilərdən ibarət komandasının ikiqat Avropa çempionu olduğunu (2009-cu ildə Serbiyanın Novi-Sad şəhərində və 2013-də Polşanın paytaxtı Varşavada), bundan əlavə, daha iki qitə birinciliyində gümüş və bürünc medallar qazandığını da qeyd edək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında