Milli Gimnastika Arenasında voleybol həyəcanları davam edir

Qadın voleybol komandalarının Azərbaycan və Gürcüstanın birgə təşkilatçılığı ilə keçirilən Avropa çempionatında pley-off mərhələsinin ilk iki oyunundan sonra daha iki kollektiv “silahı yerə qoymuşdur”. Xorvatiya və Çexiya yığmaları qitə birinciliyində medal qazanmaq imkanlarını itirib tamaşaçıya çevrilmişlər.

Xorvatların yolunu Hollandiya komandası kəsmişdir. Özü də “Zanbaqlar ölkəsi”nin voleybolçuları bu oyunda elə bir problemlə üzləşməmişlər. Onlar ilk iki hissədə rəqiblərini böyük fərqlə məğlubiyyətə uğratmış (25:18, 25:8) və yalnız üçüncü hissədə nisbətən güclü müqavimətlə üzləşmişlər. Amma yenə də üstünlük Hollandiya təmsilçisinin tərəfində olmuşdur (25:20). Nəticədə görüşdən 3:0 hesablı qələbə ilə ayrılan hollandlar dörddəbir finala çıxmışlar.

Əvəzində günün ikinci oyununda, sözün əsl mənasında, daş qayaya rast gəlmişdir. Belarus–Çexiya qarşılaşması əvvəldən axıradək gərgin mübarizə şəraitində davam etmişdir. Belarus komandasının bu görüşdə böyük fədakarlıq, möhkəm iradə və əsl qələbə əzmi göstərdiyini xüsusi qeyd etmək olar. Bu kollektiv ilk iki hissədə uduzmasına baxmayaraq, növbəti iki hissədə imkanları bərabərləşdirməyə müvəffəq olmuş, tay-breykdə də qalib gələrək ağır mübarizənin taleyini öz xeyrinə həll etmiş (3:2) və dörddəbir finala çıxmaqla Avropanın ən güclü səkkiz komandası sırasında özünə yer etmişdir.

Burada Belarus voleybolçularının qitə çempionatı ərəfəsində Bakıda təlim-məşq toplanışında olduqlarını, Azərbaycan millisi ilə yoxlama görüşləri keçirdiklərini də qeyd etmək olar. Göründüyü kimi, paytaxtımızda səmərəli məşqlər onlar üçün faydalı olmuşdur.

Pley-off mərhələsinin ilk oyunlarının qalibləri bu gün dörddəbir final görüşlərində meydana çıxacaqlar. Hollandları İtaliya ilə ağır matç gözləyir. Belarus voleybolçuları da” öz növbələrində, Serbiya komandası ilə üz-üzə gələcəklər. Serblər çempionata çox güclü başlamış, ilkin mərhələdə “D” qrupunda Çexiya və Hollandiyaya 3:0, Belçikaya 3:1 hesabı ilə qalib gələrək dörddəbir finala maksimum nəticə 9 xalla çıxmışlar. Görək, Belarus voleybolçuları Çexiya ilə oyunda göstərdikləri hünəri təkrar edib Serbiya komandası ilə də bərabər səviyyədə mübarizə apara biləcəklərmi?

Milli Gimnastika Arenasında Avropa voleybol həyəcanları davam edir. Dünən axşam pley-off mərhələsinin son iki görüşü də keçirilmiş (Polşa–Türkiyə, Bolqarıstan – Almaniya) və meydanda üç dəst medala səkkiz iddiaçı qalmışdır.

İlkin mərhələ sınaqlarından şərəflə çıxan Azərbaycan millisi dörddəbir final görüşünü sabah keçirəcəkdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında