Azərbaycan yenə Almaniya ilə görüşə bilər

Azərbaycanla Gürcüstanın birgə ev sahibliyi etdikləri qadın voleybol komandaları arasında Avropa çempionatının ilkin mərhələsi başa çatmış, 16 kollektivdən dördü –Ukrayna, Macarıstan, Gürcüstan və Belçika qrup sınaqlarından çıxa bilməyərək turnirlə vidalaşmalı olmuşlar. İndi çempionatda yoluna davam edən 12 xoşbəxt komandanın bütün görüşlərinə eyni bir məkan –Avropa voleybol bayramına əla hazırlaşmış Milli Gimnastika Arenası şahidlik edəcək.

Qrup yarışlarına da elə həmin nəhəng və çox gözəl sarayda “C” qrupunda çıxış edən Türkiyə və Ukrayna komandalarının görüşü ilə yekun vuruldu. Hər iki tərəf üçün son dərəcə prinsipial oyunda qələbəyə (3:1) və pley-off mərhələsinə vəsiqəyə sevinən tərəf Türkiyə voleybolçuları oldular.

Nəticədə ikinci mərhələdə medallar uğrunda mübarizəni davam etdirmək hüququnu “A” qrupundan Azərbaycan, Polşa, Almaniya, “B”-dən İtaliya, Belarus, Xorvatiya, “C” qrupundan Rusiya, Bolqarıstan, Türkiyə və “D”-dən Serbiya, Hollandiya və Çexiya komandaları qazandılar.

Bu kollektivlərin sevincini başa düşmək olar. Amma qrupdan çıxa bilməyənlər də məyus olmamalıdırlar.

Elə Türkiyə ilə görüşdə məğlubiyyətdən sonra pley-off mərhələsinə yüksəlmək imkanını itirən Ukrayna komandasının voleybolçusu İrina Truşkina da oyundan sonra “R-Sport” agentliyinə müsahibəsində bu barədə danışıb: – Biz çox istəyirdik ki, Avropa çempionatının növbəti mərhələsinə çıxaq. Amma bunu edə bilməməyimiz faciə deyil. Turnir başlanmazdan əvvəl heç kim komandamızı ciddi rəqib hesab etmirdi, ancaq biz hər üç rəqibimizə –Rusiya, Bolqarıstan və Türkiyəyə qalib gələ bilərdik. Oyunun göstərdiyi kimi imkanlarımız yaxşı idi...

Azərbaycan voleybolçularının qrup mərhələsində çıxışlarını qısaca qiymətləndirməli olsaq, komanda ilkin vəzifəni müvəffəqiyyətlə yerinə yetirmişdir. Əsl kollektiv oyun nümayiş etdirən və meydanda sonadək fədakarlıqla mübarizə aparan voleybolçularımız Polşa, Macarıstan və Almaniya yığmalarına qarşı mübarizədə maksimum miqdarda 9 xal toplamış və qrupda ikinci yeri tutan polyakları 4 xal üstələmişlər. Əlbəttə ki, bu böyük fərqdir.

İndi qələbələrin sayını qarşıdakı görüşlərdə artırmaq lazımdır. Növbəti rəqibimiz isə iki gün əvvəl qrup turnirinin son oyununda 3:1 hesabı ilə qalib gəldiyimiz Almaniya ola bilər. Voleybolçularımız bu komanda ilə görüşün birinci hissəsində uduzub pərəstişkarlarına həyəcanlı anlar yaşatsalar da, sonra tədricən öz oyunlarını “tapıb” hər şeyi ustalıqla həll etdilər.

Ardıcıl üçüncü qələbə millimizə yüz faizli nəticə ilə pley-off mərhələsində iştirak etmədən dörddəbir finala vəsiqə qazandırmışdır. Burada rəqibimiz, yuxarıda qeyd etdiyimiz kimi, ya Almaniya olacaq, ya da Bolqarıstanla görüşəcəyik. Faiq Qarayevin yetirmələrinin yarımfinalın astanasında bu iki kollektivdən hansına qarşı oynayacaqlarını bu gün keçiriləcək Bolqarıstan–Almaniya pley-off görüşündən sonra biləcəyik. Məhz bu oyunun qalibi dörddəbir finalda millimizin rəqibi olacaq.

Türkiyə voleybolçuları da pley-off matçını bu gün oynayacaqlar. Qardaş ölkə komandası Polşa yığması ilə görüşəcək. Oyundan qalib ayrılacaq komandanı dörddəbir finalda Rusiya gözləyir.

Pley-off mərhələsinin daha iki oyunu isə dünən axşam keçirilmişdir: Belarus–Çexiya və Hollandiya–Xorvatiya.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında