Çempionlar Liqası: “Qarabağ”ın 1-ci, “Çelsi”nin 15-ci qrup mərhələsi

 

Təkcə bu fakt Azərbaycan çempionunu UEFA Çempionlar Liqası turnirinin qrup mərhələsinin startında necə ağır sınaq gözlədiyini aydın təsəvvür etmək üçün kifayətdir. Lakin oyunun Avropanın ən nəhəng komandalarından birinə qarşı, üstəlik də, Londonun “Stemford Bric” stadionunda keçirilməsi “Qarabağ” futbolçularını və onların pərəstişkarlarını qorxutmur.

Əksinə, bu gün Bakı vaxtı ilə saat 22.45-də başlanacaq və televizor ekranları qarşısında bütün 90 dəqiqə ərzində böyük qürur hissi ilə izləyəcəyimiz oyunda Azərbaycanı təmsil etmək hüququ qazanmasına görə Ağdam komandasına bir daha minnətdar olacağıq.  Bir də ki, Avropa klub futbolunun 1 nömrəli yarışının iştirakçısı olmağın nə demək olduğunu bu gün daha dərindən dərk edəcəyik.

UEFA-nın saytı Azərbaycan və İngiltərə təmsilçiləri ilə yanaşı, İtaliyanın “Roma” və İspaniyanın “Atletiko” (Madrid) komandalarının da daxil olduqları “C” qrupu kollektivləri haqqında danışarkən, altı dəfə İngiltərə çempionu adını qazanmış “Çelsi”nin indi 15-ci dəfə bu turnirin qrup mərhələsində oynayacağını xatırlatmışdır.  London klubu 15 cəhddən təkcə birində  pley-off mərhələsinə çıxa bilməyib, 2012-ci ildə isə liqanın qalibi kimi baş mükafatın sevincini yaşayıb.

“Qarabağ” isə, bildiyiniz kimi, Çempionlar Liqasında dördüncü dəfə meydana çıxır. Əvvəlki üç turnirdə komanda üçüncü seçmə mərhələdə məğlubiyyətdən sonra mübarizəni dayandırıb. Bu dəfə yarışa ikinci təsnifat mərhələsindən başlayan Azərbaycan çempionu hər üç raundda Gürcüstanın “Samtredia” (5:0 və 1:0), Moldovanın “Şerif” (0:0, 2:1) və Danimarkanın “Kopenhagen”  (1:0, 1:2) komandaları ilə rəqabətdən qalib ayrılaraq qrup mərhələsində oynamağa layiq olduğunu inamla sübuta yetirdi.

Qurban Qurbanovun komandası qrupda keçirəcəyi altı görüşdən də hər birində var qüvvə ilə, son anadək döyüşmək və bu oyunlardan mümkün qədər çox fayda götürmək əzmindədir. Ona görə də gözləmək olar ki, komanda qrupda təkcə “Çelsi”yə deyil, həm də “Roma” və “Atletiko”ya  layiqli rəqib olacaq.

London klubu bugünkü oyuna İngiltərə Premyer Liqasının növbəti turunda səfərdə “Lester” üzərində 2:1 hesablı qələbə ilə gəlib və hazırda dörd turdan sonra 9 xalla turnir cədvəlində üçüncü yerdədir. Topaz Premyer Liqasında ilk üç turda yüzfaizli nəticə göstərmiş “Qarabağ” isə dördüncü turda “Səbail” ilə oyunun başqa vaxta keçirilməsini xahiş edib və bu matç dekabrın  8-də oynanılacaq. İndi isə bu rəqiblər bir-birinə qarşı mübarizə aparacaqlar. “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində ilk oyununa hakimliyin Yunanıstan Futbol Federasiyasının nümayəndələrinə həvalə edildiyini bilmək də yəqin ki, sizin üçün az maraqlı deyil.  Görüşdə baş hakim funksiyasını Tasos Sidiropulos yerinə yetirəcəkdir.

Beləliklə, bu axşam bütün Azərbaycan ilk dəfə öz komandasını Çempionlar Liqasının qrup mərhələsində iş başında görəcək. İşin avand olsun,  “Qarabağ”!

“C” qupunun digər görüşünün bu gün İtaliya paytaxtında yerli “Roma” ilə “Atletiko” arasında keçiriləcəyini də qeyd edib bir daha xatırladaq ki, qrup mərhələsinin 32 iştirakçısı 8 qrupa bölünmüş və hər qrupdan ən yaxşı iki klub pley-off mərhələsinə vəsiqə qazanacaq.

Türkiyənin “Beşiktaş” komandası bu hüquq uğrunda “Portu” (Portuqaliya), “Monako” (Fransa) və  “Leypsiq” (Almaniya) ilə birlikdə “G” qrupunda mübarizə aparacaq.  İstanbul futbolçuları ilk oyunu sabah ­Portuqaliyada keçirəcəklər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında