“Minsk Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşır”

Belarus Teleqraf Agentliyinin (BELTA) bugünlərdə yaydığı xəbərə görə, Minsk II Avropa Oyunlarının keçirilməsinə yüksək səviyyədə hazırlaşır. Bunu sentyabrın 1-də jurnalistlərə 2019-cu ildə Belarus paytaxtında böyük idman forumunun keçirilməsi haqqında Avropa Olimpiya Komitələri (AOK) ilə müqavilə imzalandıqdan sonra Minsk Şəhər İcraiyyə Komitəsinin sədri Andrey Şorets bildirib.

O, həmçinin deyib: Aydındır ki, biz Belarus idmanı tarixində yeni səhifə açırıq. Minskdə yarışları ən yüksək səviyyədə keçirməyə imkan verən idman infrastrukturu yaradılıb. İri obyektlərdən 2019-cu ilədək Minskin “Dinamo” stadionunda yenidənqurma işlərini başa çatdırmaq lazımdır. Bu stadion 2018-ci ilin ortalarında istifadəyə veriləcək. Martın 8-dək bədii gimnastika sarayını açmağı planlaşdırırıq. Obyektlərin istifadəyə verilməsində heç bir ciddi problem olmamalıdır. Avropa Oyunlarının yarımkomitələri infrastrukturun yaradılması istiqamətində hər bir sahədə fəal işləyir. Biz idmançılar, qonaqlar və azarkeşlərin harada və necə qidalanacaqları, hər bir arena qarşısında yaratmaq istədiyimiz qonaqpərvərlik zonalarının harada yerləşəcəyi, qonaqların və iştirakçıların nəqliyyatla təminatı, təhlükəsizliyi məsələləri ilə artıq indidən məşğuluq. Bunlar elə də mürəkkəb məsələlər deyil. Əminəm ki, Minsk 2019-cu ildə Avropa Oyunlarını layiqincə keçirəcəkdir.

Minsk Şəhər İcraiyyə Komitəsinin sədri qeyd etmişdir ki, Belarus paytaxtı belə böyük idman tədbirinin keçirilməsi zamanı başqa ölkələrin də təcrübəsindən istifadə edir: “Biz 2015-ci ildə I Avropa Oyunlarının keçirildiyi Bakıya dəfələrlə getmişik, bu yaxınlarda Londonda yüngül atletika üzrə dünya çempionatında olmuşuq. Minskdə hər şeyi dünya standartlarına uyğun şəkildə təşkil etmək üçün ən xırda məsələləri belə öyrənirik”.

İkinci Avropa Oyunlarının (21-30 iyun 2019-cu il) proqramına idmanın 15 növü üzrə yarışlar daxil olacaq: badminton, basketbol 3x3, boks, güləş (yunan-Roma, sərbəst, qadın güləşi), velosiped idmanı (trek və şose), gimnastika (idman, bədii, akrobatika, aerobika, batut üzərində tullanışlar), baydarka və kanoelərdə avarçəkmə, cüdo, karate, yüngül atletika, sambo, oxatma, atıcılıq (güllə və stend), stolüstü tennis, çimərlik futbolu. Atletlər 189 dəst mükafat uğrunda mübarizə aparacaqlar.

Yarışlar ən müasir və böyük idman kompleksləri “Minsk Arena”, “Dinamo” stadionu, “Çijovka Arena”, İdman Sarayı kimi bazalarda keçiriləcək.

İkinci Avropa Oyunlarının gedişində bir neçə növ üzrə turnirlər  2020-ci ildə Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Badminton, boks, velosiped idmanı, baydarka və kanoelərdə avarçəkmə, cüdo, yüngül atletika, karate, oxatma, güllə və stend atıcılığı, stolüstü tennis yarışlarında lisenziyaların oynanılması planlaşdırılır.

Belarus 2019-cu ildə Avropa Oyunlarının keçirilməsi hüququnu 2016-cı ilin oktyabrında Minskdə AOK Baş Asambleyasının 45-ci iclasında qazanmışdır. Avropa Oyunları zamanı Belarus paytaxtına yarışlarda və digər tədbirlərdə iştirak etmək üçün 4 mindən artıq idmançının gələcəyi gözlənilir.

Birinci Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Bakıda keçirilmişdir. Belarus idmançıları Azərbaycan paytaxtında 43 medal–10 qızıl, 11 gümüş və 22 bürünc mükafat qazanmışlar. Qeyri-rəsmi komanda hesabında Belarus yığması yeddinci yeri tutmuşdur.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında