İdman uğurlarımız Azərbaycanın beynəlxalq aləmdəki reytinqini qat-qat artırır

 

 

 

 

 

 

 

 

 

 


Bu gün “Qarabağ” futbol klubu Avropanın aparıcı klubları ilə yarışır və yarışacaq. İndi bütün xarici kütləvi informasiya vasitələrinin xəbərlərində artıq Azərbaycanın “Qarabağ” klubu haqqında verilişlər gedir. Bu, əlbəttə ki, ölkəmizin təbliğində çox önəmli hadisədir. Yenə də bütün dünya görür ki, Qarabağ Azərbaycan torpağıdır. Yenə də görürlər ki, baxmayaraq Ağdam şəhəri işğal altındadır, ancaq onun təmsilçiləri Avropanı fəth edirlər. Bu, yenə də göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Onu göstərir ki, biz öz torpağımızda yaşayırıq və hamımız arzu ilə yaşayırıq ki, torpaqlarımız işğaldan azad olunsun. Hər bir qələbə, hər bir uğurumuz, istənilən sahədə uğurumuz o günü yaxınlaşdırır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra cəmiyyət həyatının bütün sahələrində çoxsaylı uğurlar qazanmaqdadır. Ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun artmasını təmin edən həmin uğurların hər biri bizim üçün dəyərlidir. Ancaq elə uğurlar var ki, onlar dünya miqyasında təqdim edilərkən, dövlət himnimiz səsləndirilir və ya bayrağımız qaldırılır. Həmin uğurları bizə idmançılarımız – ölkə əhalisinin böyük sevgi və məhəbbətini qazanmış gənclərimiz qazandırırlar.

 

Azərbaycan komanda yarışlarında da öz sözünü dedi

 

Gənc idmançılarımızın təkcə bu ilin avqust ayında qazandığı iki möhtəşəm uğuru yada salmaq kifayətdir ki, “İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti təyin edildikdən sonra milli idmanımız heç bir zaman misli görünməmiş bir sürətlə inkişaf etmişdir” – tezisinin təsdiqini görək. Birinci uğur “Qarabağ” futbol komandasının Avropa Çempionlar Liqasının qrup mərhələsinə düşməsidir. Bu möhtəşəm nailiyyətə qədər bəzi bədxahlarımız deyirdilər ki, Azərbaycan idmançıları beynəlxalq aləmdə çoxlu sayda medal qazansalar da, belə uğurlara komanda yarışlarında nail ola bilmirlər. Budur, Azərbaycan artıq Avropanın ən güclü futbol komandalarına malik olan 33-cü dövlətidir. Xatırladaq ki, Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən futbol üzrə milli komandamız da həmin tezisin əsassız olduğunu sübut etmişdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn Ağdamın “Qarabağ” futbol klubunun heyətini qəbul edərkən, bu qələbənin xalqımız üçün nə qədər əhəmiyyətli olduğunu söyləyib: “Bu tarixi qələbə, eyni zamanda, ona görə önəmlidir ki, bu qələbəni hamımız üçün doğma və əziz olan “Qarabağ” komandası qazanıb. “Qarabağ” komandası Qarabağın adını daşıyır. “Qarabağ” komandası işğal altında olan Ağdam şəhərini təmsil edir. Ona görə sizin qələbənizin çox böyük əhəmiyyəti, mənası var. Bu, sadəcə olaraq, idman qələbəsi deyil, bu, dövlətimizin, Azərbaycan gəncliyinin, vətənpərvər insanların qələbəsidir. Biz döyüş meydanlarında da, idman meydançalarında da qələbələr qazanırıq. Necə ki, keçən ilin aprel ayında qəhrəman Azərbaycan hərbçiləri şücaət göstərərək torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdilər. O torpaqlarda indi həyat qaynayır. Vətəndaşlar işğaldan azad edilmiş torpaqlara qayıdıblar, indi orada yaşayırlar, qururlar, yaradırlar. O torpaqlarda indi Azərbaycan bayrağı dalğalanır”.

 

Üçqat dünya çempionu olan ilk güləşçimiz

 

Müstəqillik dövründə ölkə idmanında qazandığımız görünməmiş bir nailiyyət haqqında isə Azərbaycan Güləş Federasiyasının avqustun 25-də yaydığı bir məlumatda oxuduq. “Dünya Çempionatı – 2017: Hacı Əliyev üçqat Dünya çempionu oldu” adlı xəbərdə bildirildi ki, Fransanın paytaxtı Paris şəhərində güləş üzrə keçirilən dünya çempionatının beşinci yarış günündə 57, 61, 86 və 125 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub. 61 kq çəkidə mübarizə aparan ikiqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc medalçısı Hacı Əliyev ardıcıl olaraq bütün rəqiblərini mübarizədən kənarlaşdırıb və finala yüksəlib. Finala qədər güləşçimiz Qırğızıstan, Yaponiya, Slovakiya və Kubadan olan rəqiblərini tam üstünlüklə məğlub edib. Həlledici görüşdə Hacı Əliyevin rəqibi Rusiya idmançısı Hacımurad Rəşidov olub. Görüşün başa çatmasına 30 saniyə qalmış rəqibinin kürəyini xalçaya sıxan güləşçimiz tam üstünlüklə qalib gəlib. Bununla da Hacı Əliyev Azərbaycan sərbəst güləş tarixində üçqat dünya çempionu olan ilk güləşçi olub.

 

Beynəlxalq Olimpiya oyunlarındakı uğurlarımız

 

Bu istiqamətdə ilk addımları ulu öndər Heydər Əliyevin ölkəmizə ikinci dəfə rəhbərlik etdiyi illərdə qazanmışıq. Belə ki, Azərbaycan Olimpiya Oyunlarına ilk dəfə 1996-cı ildə qatılıb. Həmin Olimpiadada sərbəst güləşçimiz Namiq Abdullayev ölkəmizə ilk Olimpiya medalını bəxş edib. Prezident Heydər Əliyevin Milli Məclisin deputatı İlham Əliyevi Azərbaycan Milli Olimpiya Komitəsinə prezident təyin etməsindən sonra isə həmin uğurlar sürətlə artmışdır. 2000-ci ildə Sidney Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları 2 qızıl, 1 bürünc medal qazanıb, 199 ölkə arasında 34-cü yerdə qərar tutublar. Olimpiya yığma komandamızın bu möhtəşəm yarışlarda Avropa ölkələri arasında 23-cü yerdə qərarlaşması idmanımızın böyük qələbəsi idi.

2004-cü ildə Afinada təşkil olunan Yay Olimpiya Oyunlarında millimiz 1 qızıl, 4 bürünc medal qazanaraq 202 dövlət arasında 37-ci yerə layiq görülüb. 2008-ci ildə Pekində keçirilən Yay Olimpiya Oyunlarında isə idmançılarımız yeni rekord müəyyənləşdiriblər. Onlar Azərbaycana 1 qızıl, 2 gümüş və 4 bürünc medalla dönüblər. London Yay Olimpiya Oyunlarında idmançılarımız 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar. Ölkələrin cədvəlində Azərbaycan London Yay Olimpiya Oyunlarında 30-cu, medalların sayına görə 24-cü, Avropa ölkələri arasında 15-ci, müsəlman ölkələri arasında 3-cü yeri tutub.

Ötən il Rio-de-Janeyroda keçirilmiş Olimpiya Oyunlarında Azərbaycan yığması 18 medal qazanaraq komanda hesabında 39-cu yeri tutub. MDB ölkələri arasında birinci yeri 56 medal qazanan Rusiya idmançıları, ikinci yeri isə 18 medalla Azərbaycan tutub. Taekvondoçumuz Radik İsayevin Braziliyada qazandığı qızıl medal Azərbaycan idmançılarının olimpiadalarda qazandıqları səkkizinci “qızıl” olub.

 

 İlk Avropa Oyunlarında 56 medal

 

2015-ci il iyunun 12-dən 28-dək Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən birinci Avropa Oyunları tarixdə ilk dəfə təşkil edilən idman yarışları idi. Yarışlarda Avropanın 50 ölkəsinin 10 000 idmançısı mübarizə aparırdı. Bakının 11, Mingəçevirin isə 1 idman qurğusundan istifadə olunan ilk Avropa Oyunlarının təqviminə 30 idman növü daxil edilmişdi. Onlardan 24-ü Olimpiya, 6-sı isə qeyri-Olimpiya idman növü idi. İdmançılar 253 dəst medal uğrunda yarışırdılar.

Yarışların medal cədvəlində ilk sıranı Rusiya Federasiyasının idmançıları tutdular. Onlar I Avropa Oyunlarında 79 qızıl, 40 gümüş və 45 bürünc, ümumilikdə 164 medal qazanıb. İkinci sırada isə Azərbaycan idmançıları qərarlaşdılar. Yarışlara 289 idmançı ilə qatılan Azərbaycan 21 qızıl, 15 gümüş və 20 bürünc, ümumilikdə 56 medal qazandı. Üçüncü sıra isə Böyük Britaniya idmançılarına nəsib oldu. Onlar 18 qızıl, 10 gümüş və 19 bürünc medal qazanaraq, I Avropa Oyunlarını 47 medalla başa vurdular.

 

IV İslam Həmrəyliyi Oyunlarında isə ən yüksək zirvə fəth edildi

 

Ölkəmizin növbəti idman uğurları IV İslam Həmrəyliyi Oyunlarında oldu. Respublikamızda ilk dəfə keçirilən bu idman yarışının layiqincə təşkil edilməsi Azərbaycanın tarixini daha bir möhtəşəm nailiyyətlə zənginləşdirdi. Bir daha sübut olundu ki, iradə, qətiyyət olan yerdə hər şey mümkündür.

IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi barədə qərar 2013-cü ilin iyulunda İslam Həmrəyliyi İdman Federasiyasının VIII Baş Assambleyasında qəbul edilmişdi. Bu qərar qəbul olunarkən Azərbaycan müsəlman dünyasında yeri və mövqeyi, beynəlxalq tədbirlər keçirmək sarıdan potensialı, təcrübəsi, həmçinin ölkəmizdəki sabitlik nəzərə alınmışdı. 2015-ci il sentyabrın 18-də isə Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması barədə sərəncam imzaladı. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi tərəfindən Oyunlarla bağlı geniş hazırlıq işləri görüldü. Bakının 16 idman arenasının hər biri yarışlara yüksək səviyyədə hazırlandı və digər zəruri təşkilati tədbirlər həyata keçirildi.

İdmanın 24 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə apardılar. Ölkəmizi bu Oyunlarda 425 atlet təmsil etdi. Qaliblərə, ümumilikdə 1600 medal təqdim edildi. Fəxrlə qeyd etməliyik ki, “Bakı-2017”də iştirak edən ölkələr arasında Azərbaycan 75 qızıl medalla birinci oldu. İdman arenalarında Azərbaycanın dövlət himni 75 dəfə səsləndi, dövlət bayrağı 162 dəfə qaldırıldı. Millimizin aktivinə ən çox medal cüdoçularımız tərəfindən yazıldı. Onlar ümumilikdə 26 medal – 11 qızıl, 12 gümüş və 3 bürünc əldə etdilər. Qazanılan uğurda güləşçilərimizin (23 medal) və gimnastlarımızın (20 medal) da böyük payı vardı. Türkiyə ikinci (195 medal), İran üçüncü (98 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn beşinci (21 medal) yerdə qərarlaşdı.

 

“İdman ili”nin əks-sədası hələ də davam edir

 

Bütün bunlar Azərbaycan dövlətinin idmanın inkişafına göstərdiyi qayğının nəticəsidir. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci ili ölkəmizdə “İdman ili” elan etmişdi. Dövlət başçısının həmin qayğısını cavabsız qoymayan idmançılarımız 2012-ci ildə çox böyük uğurlara imza atmışdılar. Hesabatlarda göstərilir ki, 2012-ci il ölkənin idman həyatı üçün kifayət qədər uğurlu olmuşdur. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, həmin il Azərbaycan idmançıları iştirak etdikləri beynəlxalq turnirlərdə rekord sayda – 700-dən çox medal qazanmışlar. Əsasən Olimpiya idman növləri üzrə qazanılmış bu medalların 255-i qızıl əyarlıdır. Bununla idmançılarımız Prezident İlham Əliyevin sərəncamı ilə elan olunmuş “İdman ili”nə layiqli töhfə vermişlər.

Hazırladı:
 İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında