“Qarabağ”dan növbəti qələbə

Bəs “Çelsi”, “Roma” və “Atletiko” necə oynamışlar...

Püşkün hökmü ilə UEFA Çempionlar Liqasının qrup mərhələsi yarışlarında “C” qrupunda rəqib olan Azərbaycanın “Qarabağ”, İngiltərənin “Çelsi”, İspaniyanın “Atletiko” və İtaliyanın “Roma” komandaları ötən istirahət günlərində öz milli çempionatlarında növbəti oyunlar keçirmişlər.

Ağdam klubu Topaz Premyer Liqasında qələbələr seriyasını davam etdirmişdir. Ölkə çempionumuz bu dəfə qızıl medallar uğrunda mübarizədə əsas rəqibi “Qəbələ”yə qalib gələrək (2:1) xallarının sayını 9-a çatdırmışdır.

“Zirə” də “Qarabağ”dan geri qalmır. “Sumqayıt” ilə görüşdə qələbə (3:1) 9 xala və topların daha yaxşı fərqinə malik qəsəbə futbolçularına cədvəlin zirvəsində öz yerlərini qorumaq imkanı vermişdir. Üçüncü pillədə irəliləyən “Qəbələ”nin 6 xalı vardır.

Turun digər iki oyunu belə nəticələnmişdir: “İnter”–“Səbail”–1:0, “Neftçi”–“Kəpəz”–0:0.

Növbəti, dördüncü turun görüşləri sentyabrın 8-də (“Səbail”–“Qarabağ”), 9-da (“Qəbələ”–“Zirə”, “Kəpəz”–“İnter”) və 10-da (“Sumqayıt”–“Neftçi”) keçiriləcəkdir.

Çempionlar Liqasındakı rəqiblərimizə gəldikdə, İspaniya La-Liqasında mübarizə aparan Madrid klubu səfərdə “Las Palmas” ilə oyunda gurultulu qələbə qazanmış (5:1), “Çelsi” İngiltərə Premyer Liqasında “Everton”u Londondan iki cavabsız qolla yola salmış–2:0, “Roma” isə İtaliya A seriyasında məğlubiyyətlə barışmalı olmuş, öz azarkeşləri qarşısında “İnter”ə uduzmuşdur–1:3.

ÇL-də“Qarabağ”la yanaşı, çıxışlarını həyəcanla izləyəcəyimiz “Beşiktaş” da əlbəttə ki, daim azərbaycanlı azarkeşlərin diqqət mərkəzində olacaq. İstanbul klubu Türkiyə Superliqasında “Bursaspor” ilə gərgin oyundan çətin qələbə ilə ayrılmışdır–2:1.

“Beşiktaş”ın Çempionlar Liqasında “Monako” (Fransa), “Portu” (Portuqaliya) və “Leypsiq” (Almaniya) ilə eyni qrupda çıxış edəcəyini də bir daha xatırladaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında