Avqust sınaqları

Parisdə güləş, Hamburqda boks, Budapeştdə cüdo

Yayın sonuncu ayının sonuncu ongünlüyü bu üç şəhərdə mötəbər idman hadisələri ilə əlamətdar olacaq. Fransa paytaxtında güləş, Almaniya torpağında boks, Macarıstanda cüdo üzrə dünya çempionatlarına bütün planetimizdə maraq son dərəcə böyükdür.

Olimpiya oyunları proqramında xüsusi yeri olan hər üç növ  idmanın geniş yayılmış növləridir. Hər birinin Azərbaycanda da qədim və zəngin ənənələri vardır. Təmsilçilərimiz müxtəlif illərdə bu növlər üzrə dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında dəfələrlə qalib və mükafatçılar sırasında olmuş, fəxri kürsüdə təbrikləri qəbul etmiş, milli bayrağımızı yüksəklərə ucaltmışlar.

Güləş, boks və cüdo ustalarımız elə indi də mübariz əhvaldadırlar və yarışların keçiriləcəyi ölkələrə səfərə səylə hazırlaşırlar. Bu komandalarda məşqçilərin yüksək etimad göstərib heyətə daxil etdikləri idmançıların hər biri vətənə dünya çempionatının medalı ilə qayıtmaq əzmindədir.

Təqvimin hökmü ilə birinci olaraq nəzərlərimiz Parisə yönələcək. Fransa paytaxtında hamını çox möhtəşəm bir bayram gözləyir. Onlarla ölkənin ən yaxşı sərbəst, yunan-Roma və qadın güləşçilərinin idman pərəstişkarlarına maraqlı anlar, gərgin mübarizə vəd edən görüşlərində həmvətənlərimizi də baş rollarda görə biləcəyimizə ümid etmək üçün hər cür əsasımız vardır.

İstər “sərbəstlər”  və “klassiklər”dən ibarət komandalarımızın, istərsə də qadın yığmamızın şərəfini mahir ustalar qoruyacaqlar. Paris sınaqlarında sərbəst güləşənlər Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (61 kq), Cəbrayıl Həsənov (74 kq) və onların komanda yoldaşları, yunan-Roma güləşində Rəsul Çunayev (yeri gəlmişkən, Dünya Güləş Birliyinin rəsmi saytı  dünya çempionatı ərəfəsində onu 71 kq çəki dərəcəsində favorit hesab edib), Kamran Məmmədov (66 kq), Həsən Əliyev (75 kq), Elvin Mürsəliyev (80 kq) və yığmanın digər üzvləri dəfələrlə çətin sınaqlardan şərəflə çıxmışlar və məsul yarışlarda medal qazanmağın yolunu yaxşı bilirlər.

Bu dəfə, deyəsən, ağır mübarizə meydanına zədələnmiş liderləri Mariya Stadniksiz çıxacaq qadın komandamızın güləşçiləri Türkan Nəsirova (48 kq), Leyla Qurbanova (53 kq), Natalya Sinişin (55 kq) və onların rəfiqələri də söz yox ki, yüksək nəticələr uğrunda mübarizə aparacaqlar.

Parisdə güləşçilərin dünya çempionatının qalib və mükafatçıları hələ tam müəyyənləşməmiş Hamburq rinqində döyüşlərə start veriləcək. Avqustun  25-də başlayıb sentyabrın 3-də finişə çatacaq turnirdə rinq ustalarımız Lorenso Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) medalçı olmaq  arzularını sərrast zərbələri ilə həyata keçirməyə çalışacaqlar.

Daha bir boksçumuz Abdulqadir Abdullayev də (91 kq) Xarkovda keçirilən Avropa çempionatında dünya çempionatına lisenziya qazanmışdı, amma, deyəsən, Parisə gedə bilməyəcək. Son təlim-məşq toplanışlarından birində aldığı zədə öz təsirini göstərir.

Nəhayət, cüdo. Tatami ustalarının Budapeşt sammiti avqustun 28-də başlanacaq. Macarıstanın baş şəhərində dünya çempionatının öz bayrağı altına 130-dan çox ölkədən 800-ə qədər kişi və qadın  cüdoçunu toplayacağı gözlənilir.

Bu yarışın iştirakçıları arasında azərbaycanlı tatami ustaları Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov və Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev və Tural Səfquliyev (hər ikisi 90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq) və Uşanqi Kokauri də (+100 kq) olacaqlar. Yüksək ad-san sahibləri olan bu cüdoçuların hamısı dünyanın sayılıb- seçilən tatami ustalarının reytinq cədvəllərində qabaqcıl mövqelərdədir.

Axırda yada salaq ki, Bakı da ötən illərdə güləş və boks üzrə dünya çempionatlarının təşkilatçısı olmuş, bu yarışların bütün iştirakçıları və qonaqları, rəsmi şəxslər paytaxtımızdan  Azərbaycan həqiqətləri haqqında xoş xatirələrlə qayıtmışdır. Tezliklə ölkəmizdə cüdo mundialını da görəcəyik. Belə ki, Beynəlxalq Cüdo İttifaqı 2018-ci ildə bu növün nümayəndələrinin dünya çempionatının təşkili hüququnu Bakıya etibar etmişdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında