Olimpiya festivalında gümüş medal

Macarıstanın Gyor şəhərində Avropa Yeniyetmələrinin XIV Yay Olimpiya Festivalının açılış mərasimi olmuş və qitəmizin gənc idmançılarının yarışlarına start verilmişdir.

Festivalın proqramına idmanın on növü üzrə turnirlər daxildir. Bu startlar öz bayrağı altına 3600-ə qədər iştirakçı toplamışdır.

Olimpnews.az saytının yaydığı xəbərə görə, Azərbaycan festivalda 65 nəfərdən ibarət nümayəndə heyəti, o cümlədən 41 idmançı, 15 məşqçi və 2 hakimlə təmsil olunur.

Həmvətənlərimiz festivalda medallarının hesabını cüdoçuların yarışında açmışlar. Qızların turnirində Vüsalə Kərimova fərqlənmişdir. Təmsilçimiz Fransa və Rusiya idmançıları üzərində qələbələrdən sonra həlledici final görüşündə Belçika сüdoçusuna uduzmuş və 40 kq çəki dərəcəsində gümüş mükafatçı olmuşdur.

Avropa Yeniyetmələrinin XIV Yay Olimpiya Festivalı iyulun 29-da finişə çatacaq. Növbəti XV festivala isə 2019-cu ildə Bakı ev sahibliyi edəcək.

 

Avqustun 1-ni gözləyək...

 

UEFA Çempionlar Liqası turnirinin üçüncü təsnifat mərhələsinin startında Azərbaycan və Moldova çempionları Ağdamın “Qarabağ” və Tiraspolun “Şerif” komandaları arasında Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyunda meydan sahiblərinin əsas diqqəti öz qapılarının təhlükəsizliyinə yönəldən qonaqların müqavimətini qırmaq üçün bütün cəhdləri bir nəticə vermədi və rəqiblər meydandan qolsuz heç-heçə ilə ayrıldılar (0:0).

Bu cütdən Liqada pley-off mərhələsinə kimin vəsiqə qazanacağını, kimin yoluna davam edəcəyini avqustun 1-də biləcəyik. Tiraspolda “Şerif”–“Qarabağ” cavab görüşü məhz həmin gün keçiriləcəkdir.

Buxarestdə 2:2 hesabı ilə başa çatan “Styaua” (Rumıniya)–“Viktoriya” (Çexiya) görüşünü Əliyar Ağayevin başçılığı ilə azərbaycanlı hakimlər briqadasının idarə etdiyini də qeyd edək.

 

Karateçi çempion

 

Son illər mötəbər beynəlxalq karate yarışlarında adı tez-tez mükafatçılar sırasında çəkilən Azərbaycan milli komandasının üzvü Firdovsi Fərzəliyev daha bir böyük müvəffəqiyyət qazanmışdır.

İdmançımız bu dəfə Polşanın Vrotslav şəhərində davam edən Ümumdünya Oyunlarında yüksək hazırlıq nümayiş etdirmiş və çempionluq sevinci yaşamışdır.

F. Fərzəliyev 60 kq çəki dərəcəsində keçirdiyi görüşlərdə rəqiblərinə heç bir ümid yeri qoymamışdır. O, finalda İran karateçisi Əmir Mehdizadəyə qalib gələrək Ümumdünya Oyunlarının qızıl medalını qazanmışdır.

O. BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında