FİDE Qran-priləri: Baş rollarda Məmmədyarov, Qrişuk və Rəcəbov

Beləliklə, Beynəlxalq Şahmat  Federasiyasının növbəti Qran-pri yarışları seriyasından üçüncü mərhələ olan Cenevrə turnirinə də yekun vurulmuş və ümumi hesabda üç lider müəyyənləşmişdir. Bunlar artıq Qran-prilərdə çıxışlarını başa vurmuş azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov, rusiyalı Aleksandr Qrişuk və hələlik iki turnirdə oynamış digər təmsilçimiz Teymur Rəcəbovdur.

Qeydlərimizə İsveçrədə yenicə finişə çatmış üçüncü mərhələnin yekunları ilə başlayaq. Artıq xəbər verildiyi kimi, bu turnirin qalibi bütün yarış məsafəsini inamla qət edən Rəcəbov olmuşdur. Teymur 18 rəqibin mübarizəsində bütün iştirakçılardan yüksək nəticə göstərərək, 9 mümkün xaldan 6 xal toplamış və finişə turnir cədvəlinin zirvəsində çatmışdır. Bu, təmiz birinci yer, şəriksiz qalib deməkdir.

Turnir ərəfəsində Rəcəbov qrossmeysterlərin start siyahısında 2724 xalla on dördüncü yerdə idi. Yarışın gedişində bir dəfə də olsun məğlubiyyət  acısı dadmayan şahmatçımız  keçirdiyi doqquz görüşdən üçündə hollandiyalı Aniş Giri (2775), Pyotr Svidler (Rusiya,2749) və ukraynalı Pavel Elyanov (2739) üzərində qələbə qazanmış, Levon Aronyan (Ermənistan), Pentala Harikrişna (Hindistan), Məmmədyarov, Qrişuk, digər rusiyalılar Aleksandr Ryazantsev və Yan Nepomnyaşi ilə heç-heçə oynamışdır.

Nəticədə məğlubiyyətsiz görüşlər Azərbaycan şahmatçısına Qran-pri kimi çox mötəbər yarışda baş mükafatın böyük sevincini yaşatmışdır. Bu qələbə qrossmeysterimizə həm də 20 min avro məbləğində mükafat və Qran-pri yarışlarının ümumi hesabına 170 xal qazandırmışdır.

Cenevrə turnirinin ikinci-üçüncü mükafatçıları, hərəyə 5,5 xal toplayan Qrişuk və Nepomnyaşi isə 13. 500 avro və 105 reytinq  xalı qazanmışlar.

Turnirdəki digər təmsilçimiz Məmmədyarov 5 xal toplamış və ingilis Maykl Adams, Aniş Giri (Hollandiya), Li Çao (Çin), Ryazantsev, Svidler və Harikrişna  ilə dördüncü-onuncu yerləri bölüşdürmüşdür.

FİDE-nin sonuncu, dördüncü Qran-pri turniri noyabrda İspaniyanın Palma-de-Malyorka şəhərində keçiriləcəkdir.

Xatırladaq ki, dörd turnirdən ibarət Qran-prilərdə 24 iştirakçı yarışır və onlardan hər biri üç turnirdə çıxış edə bilər. Yarışların yekununda ən yaxşı nəticə göstərən iki grossmeyster gələn il keçiriləcək iddiaçıların turnirində iştirak etmək hüququ qazanacaq. Azərbaycanlı qrossmeysterlərdən Məmmədyarov artıq qeyd etdiyimiz kimi, üç turnirdə oynamış, Rəcəbov isə sonuncu turnirinə noyabrda İspaniyada başlayacaq.

Bizim üçün qeyd etmək çox fərəhlidir ki, hələlik ümumi hesabda lider 340 xala malik Məmmədyarovdur. Şəhriyar  onun kimi üç turnirdə oynamış Qrişukdan (336,4) bir qədər irəlidədir.Üçüncü pillədə isə Rəcəbov irəliləyir. Onun iki turnirdə üst-üstə 241,4 xal toplayaraq, ümumi hesabda üçüncü mövqedə  olması yüksək nəticədir.Dördüncü-beşinci pillələrdə qərar tutmuş Nepomnyaşi və Adams iki turnirdə müvafiq sutətdə 198 və 133 xal qazanmışlar.

Göründüyü kimi, FİDE Qran-prilərində  azərbaycanlı qrossmeysterlərin  işləri pis getmir və onlar iddiaçıların turnirində oynamaq arzularına çatmaq üçün yaxşı imkana malikdirlər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında