Qrossmeysterin sevinci
Naxçıvan Şahmat Mərkəzində keçirilmiş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən beynəlxalq turnirdə ən böyük sevinc hissini Eltac Səfərli yaşamışdır. Sonuncu turda Hollandiya təmsilçisi Sergey Tivyakovla heç-heçə oynayan qrossmeysterimiz 9 mümkün xaldan 7 xal toplayaraq yarışın baş mükafatını qazanmışdır.
İkinci yeri Şəhriyar Məmmədyarov tutmuşdur. Azərbaycan şahmatının lideri finişdə İrakli Beradzeyə (Gürcüstan) qalib gəlmiş və Səfərli kimi turniri 7 xalla başa vurmuşdur. Ancaq Şəhriyar əlavə göstəricilərə görə Eltacdan geri qalmışdır. Onu da qeyd edək ki, beşinci turda Məmmədyarov – Səfərli görüşü heç-heçə nəticələnmişdir.
Turnirin bürünc medalına isə Yuri Kuzubov sahib olmuşdur. Ukrayna şahmatçısı 6,5 xal toplamışdır.
Mükafatçılar üçlüyü – “Qarabağ”, “Zirə”, “Qəbələ”
“Rəvan” – “Xəzər-Lənkəran” – 2:2, “Kəpəz” – “Qəbələ” – 0:1, “İnter” – “Zirə” – 1:0, “Qarabağ” – AZAL – 3:0, “Sumqayıt” – “Neftçi” – 2:1.
Topaz Premyer Liqasında 2015 – 2016-cı illər mövsümünün sonuncu turuna təsadüf etmiş bu oyunlardan sonra yekun cədvəlində hər şey öz yerini tutmuşdur. Ardıcıl üçüncü çempionluğu finişə hələ dörd tur qalmış və çox böyük üstünlüklə özünə təmin edən “Qarabağ”dan (84 xal), debütant olmasına baxmayaraq, bütün dörd dövrə ərzində əzmkar və məhsuldar oyunu sayəsində yalnız Ağdam klubundan geri qalıb finişə ikinci çatmış gümüş mükafatçı “Zirə”dən (62) sonra “Qəbələ” (59) bürünc medala sahib olmuşdur.
İndi qalır Azərbaycan kuboku sahibinin kim olacağını gözləmək. Fəxri mükafatın taleyi mayın 25-də Tofiq Bəhramov stadionunda keçiriləcək “Qarabağ” – “Neftçi” finalında həll olunacaq.
Avropada ikinci
Azərbaycanın qadınlardan ibarət milli taekvondo komandasının üzvü, Rio – 2016-ya lisenziyanın sahibi Patimat Abakarova beynəlxalq meydanda yüksək ustalığını bir daha sübuta yetirmişdir.
Dayanq ustamız bu dəfə İsveçrənin Montrö şəhərində keçirilən Avropa çempionatında təbrikləri qəbul etmişdir. O, Latviya, Serbiya, Kipr idmançılarını, yarımfinalda fransız Florian Liberionu məğlubiyyətə uğratmış və yalnız finalda gərgin mübarizədən sonra rusiyalı Tatyana Kudaşovaya uduzub 53 kq çəki dərəcəsində qitə çempionatının gümüş mükafatçısı olmuşdur.
Avropanın ən güclü taekvondoçularının rəqabətində qazanılmış bu müvəffəqiyyət Olimpiadaya hazırlıq prosesində Patimatın öz qüvvəsinə inamını, şübhəsiz, bir qədər də artıracaq.
Kolumbiya Azərbaycan futzalçılarını gözləyir
Kolumbiyanın Medelin şəhərində futzal üzrə dünya çempionatının püşkü atılmışdır. Tarixində ilk dəfə mundialın iştirakçısı olacaq Azərbaycan millisi ilkin mərhələdə İran, İspaniya və Mərakeş yığmaları ilə birlikdə “F” qrupunda çıxış edəcək.
Çempionatın medalları uğrunda altı qrupda 24 komanda mübarizə aparacaq. Artıq oyunların təqvimi də məlumdur. Azərbaycanın futzal ustaları çempionata sentyabrın 12-də mərakeşli rəqiblərinə qarşı görüşlə başlayacaq, sentyabrın 15-də və 18-də isə müvafiq surətdə İspaniya və İran komandaları ilə oynayacaqlar.
Kolumbiya stadionlarında dünya çempionatı sentyabrın 10-da başlayıb, oktyabrın 1-də finişə çatacaq.
Olimpiyaçı triatlonçumuzun reytinqi artır
Bu yaxınlarda Rio-de-Janeyro Olimpiadası – 2016-ya lisenziya qazanmış Azərbaycanın triatlon üzrə yığma komandasının lideri Rostislav Pevtsov öz reytinqini getdikcə artırır.
Beynəlxalq Triatlon İttifaqının açıqladığı növbəti reytinq cədvəlində Pevtsov əvvəlki siyahı ilə müqayisədə iki pillə irəliləyib 14-cü mövqeyə yüksəlmişdir.
Bir çox mötəbər yarışda fərqlənmiş, o cümlədən ötən il Bilgəh çimərliyində “Bakı – 2015” birinci Avropa Oyunlarının bürünc mükafatçısı olmuş R.Pevtsov Olimpiya oyunlarında Azərbaycanı təmsil edən ilk triatlonçu olacaq.
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.