İstedadlı taekvondo ustası Radik İsayevin (80 kq-dan yuxarı çəki dərəcəsi) qazandığı bu lisenziya həm də Azərbaycan idmançılarının həmin növdə Rio-de-Janeyro Olimpiadası üçün ölkəmizə təmin etdikəri ilk vəsiqədir.
Milli Taekvondo Federasiyası saytının bu barədə fərəhlə yaydığı məlumatda bildirildiyi kimi, R.İsayev XXXI Yay Olimpiya Oyunlarına lisenziyanı “Qran-pri” turnirlərində topladığı xallar sayəsində qazanmışdır.
Həqiqətən, olimpiyaqabağı 2015-ci il lisenziyalarımızın sayını 28-ə çatdıran Azərbaycan taekvondoçularının lideri üçün uğurlu olmuşdur. Bu il reytinq xarakterli bir sıra mötəbər turnirlərdə fəxri kürsüyə yüksəlmiş, Rusiyanın Çelyabinsk şəhərində dünya çempionatının qızıl medalını qazanmış, iyunda doğma Bakıda keçirilən tarixdə ilk Avropa Oyunlarının çempionu kimi təbrikləri qəbul etmiş Radik İsayev ilin finişində Olimpiya oyunlarına lisenziyanın da sevincini yaşamışdır. İndi qalır Rio-2016-ya daha səylə hazırlaşıb gələn ilin avqust ayında Braziliya səması altında da parlamaq.
Bakıda İştvan Kovaç,
Brüsseldə Slavko Vinçiç
UEFA Avropa Liqası yarışlarında qrup mərhələsinə yekun vurmaq vaxtıdır. Bu gün turnirdəki Azərbaycan təmsilçiləri sonuncu, altıncı oyunlarını keçirəcəklər.
Birinci olaraq “Qəbələ” futbolçuları “Krasnodar”ı qəbul edəcəklər. Əgər rusiyalı qonaqlarımız “C” qrupunun iki qalibindən biri kimi pley-off mərhələsinə vəsiqəni özlərinə təmin etmişlərsə, ilk dəfə belə məsul yarışda iştirak edən Azərbaycan klubu vida matçında pərəstişkarlarını qələbə ilə sevindirmək əzmindədir.
Saat 22-də “Bakcell Arena”da başlanacaq “Qəbələ”-"Krasnodar" görüşünü başda İştvan Kovaç olmaqla rumıniyalı hakimlər briqadası idarə edəcəkdir.
Bu oyun başa çatan kimi, saat 00:05-də Brüsseldə “J” qrupunda çıxış edən “Anderlext” və “Qarabağ” komandalarının görüşünə start veriləcəkdir. UEFA istər belçikalılar, istərsə də Azərbaycan futbolçuları üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən oyunun hakimliyini Sloveniya Futbol Federasiyasının nümayəndələri, baş hakim Slavko Vinçiç və onun həmvətənlərinə həvalə etmişdir.
Ölkə çempionumuz Ağdam klubunun hələ pley-off mərhələsinə adlamaq şansı var. Komandanın bu məqsəd uğrunda son anadək yorulmadan var qüvvə ilə mübarizə aparacağı da şübhəsizdir.
Futzal sınaqları
Azərbaycanın futzal üzrə milli komandası bu günlər Xorvatiyanın qonağıdır. Osiek şəhərində start ərəfəsində olan 2016-cı il dünya çempionatının seçmə mərhələsində yığmamızın rəqibləri yarış sahibləri xorvatlar, habelə İsveç və Belarus komandalarıdır (2-ci qrup).
Turnirə bu axşam start veriləcəkdir. Futzal ustalarımız ilk oyunda İsveç idmançıları ilə “münasibətləri aydınlaşdıracaq”, sabah keçiriləcək ikinci turda Belarus yığmasına qalib gəlməyə çalışacaqlar. Bir günlük istirahətdən sonra, dekabrın 13-də isə rəqibimiz Xorvatiya komandası olacaq.
Qrupun ən yaxşı iki komandası növbəti mərhələdə pley-off görüşlərində mübarizəni davam etdirəcək. Bu oyunların qalibləri gələn ilin payızında Kolumbiyada təşkil olunacaq dünya çempionatının final turnirinə vəsiqə qazanacaqlar. Həlledici mərhələdə Avropanı yeddi ölkə – pley-off sınaqlarının yeddi qalibi təmsil edəcək.
Orucov və Qasımov birinci mövqedə
Beynəlxaoq Cüdo Federasiyası dekabrın 6-da Tokioda başa çatmış “Böyük dəbilqə” turnirindən sonra növbəti reytinq cədvəlini açıqlamışdır.
Azərbaycanlı tatami ustaları Rüstəm Orucov (73 kq-dək) və Yaponiya paytaxtında bürünc medal qazanmış Elmar Qasımov (100 kq-dək) əvvəlkitək öz çəki dərəcələrində birinci mövqedədirlər.
Milli komandamızın digər üzvlərindən 60 kq-dək çəki dərəcəsində çıxış edən Orxan Səfərov siyahıda 4-cü, İlqar Müşkiyev 17-ci, 66 kq-dək çəkidə Nicat Şıxəlizadə 6-cı, Elxan Məmmədov (100 kq-dək) isə 19-cu yerdədir.
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.