Azərbaycan idmanını zirvələrə yüksəldən lider

Bu gün cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərliyinin 21-ci ili tamam olur
Düz iyirmi bir il əvvəl iyulun sonuncu günü Azərbaycanın idman həyatında, Olimpiya Hərəkatında baş vermiş bir hadisə bu gün ölkəmizin bütün dünyada nümunəvi bir idman dövləti kimi tanınmasında müstəsna rol oynamışdır.
 
Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin 1997-ci il iyulun 31-də keçirilmiş iclasında ARDNŞ-in birinci vitse-prezidenti cənab İlham Əliyev yekdilliklə MOK-a prezident seçildikdən sonra respublikamızın idman həyatında yeni, beynəlxalq meydanda qələbə və medallarla zəngin sürətli inkişaf və tərəqqi mərhələsinə qədəm qoyuldu.
Artıq arxada qalmış 21 il ərzində Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi ilə idman təşkilatlarımızın həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində Azərbaycanın necə bir qüdrətli idman dövlətinə çevrildiyini, beynəlxalq aləmdə necə yüksək nüfuz sahibi olduğunu təkcə biz özümüz demirik. Bütün dünya böyük beynəlxalq yarışlarda, ilk növbədə, dünya və Avropa çempionatlarında, Olimpiya və Paralimpiya Oyunlarında, Yeniyetmələrin Yay Olimpiadalarında, Avropa Olimpiya festivallarında Azərbaycan idmanı nümayəndələrinin uğurlarının şahidi olmuş və qazanılmış qələbələrin ölkə üçün, onun beynəlxalq nüfuzu üçün mühüm əhəmiyyətini yüksək qiymətləndirmişdir.
Qarşıdakı payızda dövlət müstəqilliyinin bərpasının 27-ci ilini təntənəli şəkildə qeyd edəcək Azərbaycan Respublikasının cüdoçuları Nazim Hüseynov və Elnur Məmmədli, sərbəst üsulla güləşənlər Namiq Abdullayev, Toğrul Əsgərov və Şərif Şərifov, yunan-Roma güləşində Fərid Mansurov, stend atıcısı Zemfira  Meftahətdinova, taekvondoçu Radik İsayev kimi Olimpiya çempionları, neçə-neçə dünya və Avropa çempionu, Qran-pri, “Böyük dəbilqə” və digər mötəbər beynəlxalq turnirlərin qalib və mükafatçıları vardır. Xalqımız ölkənin əvəzsiz sərvətinə çevrilmiş öz idman qəhrəmanları ilə qürur duyur. 
Qazanılan hər bir qələbə, hər bir medal təsdiq edir ki, həyatın bütün sahələrində sürətli inkişaf yolunda olan və yüksək zirvələr fəth edən Azərbaycan idmanda da güclü dövlətdir. Onun çox səmimi və mübariz komandası var. Bu komandanın bütün üzvləri–idmançılar, məşqçilər, mütəxəssislər, rəhbər heyət vahid və çox möhkəm bir kollektiv şəklində fəaliyyət göstərir, qələbə və medalları birgə səylə qazanır.
Maddi-texniki bazası gündən-günə möhkəmlənən, məşq və yarışlarda iştirak üçün hər cür şərait yaradılan, idmançılara böyük hörmət və qayğı göstərilən ölkəmizdə təxminən son iyirmi ildə gənclərin istifadəsinə verilən 45-dək Olimpiya İdman Kompleksi, bir-birindən yaraşıqlı və son dərəcə müasir idman qurğuları, xüsusən də gələn il UEFA  Avropa Liqası turnirinin final görüşünün iştirakçılarını qəbul edəcək əzəmətli Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Su İdmanı Sarayı, Atıcılıq Mərkəzi kimi möhtəşəm idman bazalarımız onlarda yaradılmış ideal şərait sayəsində idmaçıların da, mütəxəssislərin də, azarkeşlərin də rəğbətini qazanmışlar.
Bir il əvvəl–Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının 25-ci, cənab İlham Əliyevin ölkə Olimpiya Hərəkatına rəhbərliyinin 20-ci ili olan 2017-ci ilin mülayim may günlərində gözəl Bakımıza xüsusi yaraşıq gətirən IV İslam Həmrəyliyi Oyunları əla təşkili, Azərbaycan komandasının ümumi hesabda möhtəşəm zəfəri (162 medal–75 qızıl, 50 gümüş və 37 bürünc mükafatla 54 ölkə arasında birinci yer) ilə bütün idman dünyasında, xüsusən də müsəlman aləmində diqqət mərkəzində oldu.
Ən başlıcası isə Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarının bayrağı altında mükəmməl şəkildə təşkil edilib bütün iştirakçı ölkələrin unudulmaz dostluq, qardaşlıq və həmrəylik bayramına çevrilən möhtəşəm idman tədbirində nəyə qadir olduğunu dünyaya bir daha nümayiş etdirdi.
Həmin Oyunların təntənəli bağlanış mərasimində ölkəmizin hər bir vətəndaşının keçirdiyi böyük qürur hissi də qəlblərimizi uzun müddət tərk etməyəcək. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, ölkə Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın başçılıq etdiyi IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin fəaliyyəti yüksək qiymətləndirilmişdi və istisnasız olaraq bütün qonaqlarımız–idmançılardan tutmuş nümayəndə heyətlərinin rəhbərlərinədək hamı çox razı qalmışdı, qonaqlar öz ölkələrinə Bakı və bakılılar, bütün Azərbaycan haqqında xoş xatirələrlə qayıtdıqlarını gizlətmirdilər. 
Beləliklə, 2015-ci ilin iyun ayında tarixin səhifələrində özünə Avropa Oyunlarının vətəni kimi yer etməsi ilə haqlı olaraq fəxr edən Azərbaycan 2017-nin may ayında IV İslam Həmrəyliyi Oyunlarının da təşkilatçısı olmaqla idman həyatımıza daha bir parlaq səhifə yazdı. Ölkəmizdə “İslam Həmrəyliyi ili”ndə IV İslam Həmrəyliyi Oyunlarının böyük müvəffəqiyyətlə təşkili və keçirilməsi müsəlman aləmi üçün gözəl töhfə idi!
Cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərliyinin iyirmi birinci ilində ölkəmizin ev sahibliyi etdiyi böyük idman hadisələrindən biri də “Formula–1” Azərbaycan Qran-prisi oldu. Dünyanın ən mahir sürət ustalarının Bakıda növbəti yarışı idman təşkilatlarımızın ən mürəkkəb startları belə yüksək mütəşəkkilliklə keçirmək bacarığının daha bir təzahürü idi.
Əlbəttə, son bir ildə beynəlxalq meydanda qazanılmış qələbələr haqqında danışarkən Azərbaycanın kişilərdən ibarət milli şahmat komandasının ötən ilin payızında Yunanıstanın Krit adasında keçirilmiş Avropa çempionatında qızıl medallar sevinci yaşadığını və qrossmeysterlərimizin  üçüncü dəfə Avropa çempionu olduqlarını qızıl oğlanlara bir daha xüsusi minnətdarlıq hissi ilə qeyd etməliyik. Çempionlar Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov və onların özlərindən də gənc kapitan-məşqçiləri Eltac Səfərli Yunanıstandan Azərbaycana böyük zəfərlə qayıtdıqdan dərhal sonra Prezident İlham Əliyevin komanda üzvlərini qəbul edib onları tarixi qələbə münasibətilə təbrik etməsi zəka sahiblərimizin böyük nailiyyətinin çox mühüm əhəmiyyətini bir daha təsdiqlədi.
Çempion qrossmeysterlərimiz  yenə də məsul sınaq ərəfəsindədirlər. Tezliklə, sentyabrda Gürcüstanın Batumi şəhərində 43-cü Ümumdünya Şahmat Olimpiadası starta çıxacaq. Bütün Azərbaycan  ümid edir, ürəkdən arzulayır ki, Olimpiadada baş rollardan birini həmvətənlərimiz–üçqat Avropa çempionları oynayacaqlar.
Payız–2018 bir sıra digər beynəlxalq yarışlarla da əlamətdar olacaq. Sentyabrda Şəhriyar və dostları qonşu Gürcüstanda çempionluğa aparan çoxsaylı variantları hesablamağa başlayanda onların cüdoçu həmvətənləri doğma Azərbaycanda dünya çempionatının medalları uğrunda mübarizə aparacaq, qadınlardan ibarət milli voleybol komandamız uzaq Yaponiyada –2020-ci ildə növbəti Yay Olimpiya Oyunlarının paytaxtı olacaq Tokioda və Gündoğar ölkənin digər şəhərlərində keçiriləcək dünya çempionatı oyunlarında meydana çıxacaq. Oktyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq Yeniyetmələrin III Yay Olimpiya Oyunlarını da səbirsizliklə gözləyirik. Milli futbol komandamızın Avropa Millətlər Liqası turnirində startı da payız aylarına təsadüf edəcək. 
Nəhayət, UEFA Çempionlar Liqası turnirinin ötənilki mövsümündə qrup mərhələsində oynamaqla, üstəlik də, “Atletiko” (Madrid, İspaniya) kimi nəhəng bir klubla hər iki görüşü heç-heçə başa çatdırmaqla özünü Avropaya daha yaxından tanıtdıran Ağdamın  “Qarabağ” komandasının tarixi nailiyyəti də xatirələrdə hələ təzədir. Sabah, avqustun 1-də isə son illərin dəyişməz Azərbaycan çempionu Avropa klub futbolunun 1 nömrəli turnirində yeni mövsümün ikinci təsnifat mərhələsinin cavab görüşündə Tofiq Bəhramov adına Respublika Stadionunda Albaniyanın   “Kukesi” klubunu qəbul edəcək. Skodere şəhərində keçirilmiş ilk görüşdə hesab açılmamış və indi qol vurub qələbə qazanmaq, “Olimpiya”dan (Lyublyana, Sloveniya) sonra “Kukesi”ni turnirdən kənarlaşdırmaq vaxtıdır. Xüsusən də ona görə ki, maraqla gözlədiyimiz bu oyun Azərbaycan dövlətinin və idmanının lideri cənab İlham Əliyevin ölkə Milli Olimpiya Komitəsinə rəhbərliyinin 22-ci ilinin ilk gününə təsadüf edəcək. Liqanın üçüncü mərhələsinə vəsiqə qazanmaq bu gün, iyulun 31-də Azərbaycanın idman ictimaiyyətinin geniş qeyd etdiyi tarixi hadisəyə çox yaxşı bir töhfə olar.
Bütün qələbələrimizin təkanverici qüvvəsi olan Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyi iyirmi bir ilin elə ilk aylarından idmançılara hərtərəfli köməyini,qayğı və diqqətini bir an belə əsirgəməyən cənab İlham Əliyev bu gün də onların ən yaxın dostudur, çempionların çətin qələbələr yolunda böyük əməyini daim layiqincə qiymətləndirir, qaliblərin ölkədə yüksək nüfuz sahibləri olmaları haqqında onlara rəğbət hissi ilə danışır. Cənab Prezident çıxışlarından birində bu barədə belə demişdir: “...Bu gün idmançılara cəmiyyətdə çox böyük hörmət var. İdmançılar cəmiyyətdə layiqli yer tutublar. İdmanla məşğul olmaq istəyənlərin sayı getdikcə artır. Bunun əsas səbəbi idmançıların  uğurlarıdır və idmançılara göstərilən dövlət qayğısıdır. İdmançıların bütün problemləri öz həllini tapır. Artıq 20 ilə yaxındır ki, hər il ənənəvi olaraq idmançılara, idman mütəxəssislərinə, veteranlara dövlət tərəfindən mənzillər verilir. Hər il 20-30 mənzil verilir”.
Tarixinə daha bir zəfər ili yazmış Azərbaycan Milli Olimpiya Komitəsi öz lideri cənab İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni zirvələr fəth etməkdə davam edir.
 
Oqtay BAYRAMOV, 
“Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında