Əsl mundial nağılı

Dünya çempionatı – 2018-in səkkizdəbir final görüşlərində nələr görmürük?! Mərhələnin qollarla zəngin açılış matçında Fransa millisinin Argentina yığması üzərində futboldan çox xokkeydə qeydə alınan hesabla (4:3) qələbəsi və Rusiya stadionlarında tamamilə “kölgədə qalan” Lionel Messi turnirlə vidalaşmağa məcbur olur.
 
Təəssüf, çox təəssüf...Amma nə etmək olar, Fransa da çox iddialı komandadır və özünün baş məşqçisi Didye Deşamla hələ lap çox, mürəkkəb turnir məsafəsinin iyulun 15-nə nəzərdə tutulmuş son metrinədək Rusiyada qalmaq fikrini yəqin ki, ağlından belə çıxarmır. 
Suaresli Uruqvay–Ronaldulu Portuqaliya. Amma görüşün qəhrəmanı nə Luis oldu, nə də Kristianu. Ağır matçda baş rolu Suaresin oyundaşı Edinson Kavani oynadı. Məhz onun vurduğu iki qol sayəsində Uruqvay 2:1 hesabı ilə qalib gəlib Soçinin “Fişt” stadionunu əla əhval-ruhiyyə və dörddəbir finala “buraxılış vərəqi” ilə tərk etdi. 
“Barselona”nın lideri Messidən sonra “Real”ın “vuran ayağı” Ronaldunun da iyirmi birinci mundialda ümidi ­doğrulmadı, səkkizdəbir final Portuqaliya üçün də keçilməz sədd oldu. Həm də Uruqvay bu qələbə ilə təmsil etdiyi Cənubi Amerikanın digər ölkəsi Argentinanın Fransa ilə görüşdəki məğlubiyyətinin əvəzini çıxdı.
İyunun sonuncu gününə təsadüf edən bu oyunlardan sonra, iyulun birinci günü “səhnəyə” təşkilatçı ölkənin komandası və həmişə oyununu çoxlarımızın bəyəndiyi İspaniya çıxdı. Nəinki 90, hətta hakimin əsas vaxta əlavə etdiyi 30 dəqiqə də qalibin müəyyənləşməsinə kömək etmədi (1:1) və iki saat davam edən kəskin mübarizənin taleyini on bir metrlik zərbələr seriyası həll etdi. Seriyanın qəhrəmanı isə iki zərbəni məharətlə dəf edən rusiyalı qapıçı İqor Akinfeyev oldu. Stanislav Çersesovun komandası üçün dörddəbir finala yol açıqdır. Sevinci yerə-göyə sığmayan bütün Rusiyaya penaltilərdə dəqiq zərbələrlə (4:3) böyük xoşbəxtlik gətirən tarixi qələbədir!
Moskvadakı nəhəng “Lujniki” stadionunun tribunalarından 80 min azarkeşin, teleekran qarşısında isə milyonlarla tamaşaçının şahidi olduğu bu oyundan iki saat sonra Nijni Novqorodda Danimarka–Xorvatiya matçına start verildi.  
Yenə də hadisələr lap nağıldakı kimi cərəyan etdi. Görüş başlanan kimi Danimarka hesabı açdı, dərhal da Xorvatiya cavab topu vurdu. Oyunun başlanmasından isə cəmi dörd dəqiqə keçmişdi. Əsas vaxta artırılan əlavə vaxt da nəzərə alınmaqla qalan 116 dəqiqə ərzində qapılar “bağlı” qaldı və yenə də penaltilərin köməyinə ehtiyac yarandı. Həqiqətən, əsl penaltilər günü idi. Rusiyadan sonra Xorvatiya da dörddəbir finalın qapısını on bir metrlik zərbələrlə açdı.
Nəticədə yarımfinalın astanasına gəlib çatmış komandaların sayı dördə çatdı: Fransa, Uruqvay, Rusiya, Xorvatiya.
Oqtay BAYRAMOV, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında