Səkkizdəbir final sevinci

Mundial–2018-in iştirakçılarından birinci olaraq “A” qrupu komandaları ilkin vəzifəni yerinə yetirdilər. Bu qrupdan səkkizdəbir finala vəsiqələrin sevincini  Rusiya və Uruqvay futbolçuları yaşadılar. Üstəlik də, vaxtından əvvəl, iki turdan sonra.
 
İndi qalır qrupun qalibi məsələsini həll etmək. İlkin mərhələnin yekun cədvəlində kimin birinci olacağını iyunun 25-də biləcəyik. Həmin gün qrupun liderləri Samara matçında üz-üzə gələcəklər. Rusiya da, Uruqvay da Misirlə Səudiyyə Ərəbistanı komandaları üzərində qələbə qazanmışlar və indi bir-birlərini sınağa çəkməlidirlər. Deməli, çox maraqlı oyun olacaq. 
“A” qrupunun ən yaxşı komandaları pley-off mərhələsində “B” qrupunda ilk iki yeri tutan kollektivlərlə qarşılaşacaqlar. Lakin bu qrupda hələ heç nə aydın deyil. İkinci turda müvafiq surətdə Mərakeş və İran yığmalarını kiçik üstünlüklə məğlubiyyətə uğradan (1:0) və startda öz aralarındakı görüşdə qola qolla cavab verən (3:3) Portuqaliya və İspaniya üçüncü tura 4 xalla başlayacaqlar, İran millisi onlardan cəmi bir xal geri qalır, hər iki oyunda uduzmuş Mərakeş yığmasına isə artıq heç nə kömək edə bilməyəcək.
Qrupdan növbəti mərhələyə vəsiqələrin sahibləri iki gündən sonra Kalininqradda keçiriləcək İspaniya–Mərakeş və Saranskda İran–Portuqaliya görüşlərində müəyyənləşəcək.
Növbəti oyun günü, 21 iyun axşamında daha iki komanda pley-off mərhələsinin qapısını öz üzünə taybatay açdı. Fransa komandası “Yekaterinburq Arena”da ona çox layiqli rəqib olan Peru millisi üzərində çətin qələbə (1:0) sayəsində xal ehtiyatını 6-ya çatdırıb “C” qrupunda üçüncü turun nəticələrindən asılı olmayaraq iki vəsiqədən birini ölkəsinə təmin etdi. Səkkizdəbir finala daha bir vəsiqənin sahibi isə ilk təbrikləri Nijni Novqorodda qəbul etdi. Orada Xorvatiya millisi ikiqat dünya çempionu Argentina komandasına üç cavabsız qolla qalib gələrək (3:0) mundiala böyük arzularla gəldiyini böyük hesablı qələbə ilə sübut etdi.
Dünən dünya çempionatında növbəti oyunlar keçirilmişdir: Braziliya–Kosta-Rika – 2:0, Nigeriya–İslandiya – 2:0, İsveçrə–Serbiya – 2:1.
Bu oyunlaradək çempionatın ən sərrast futbolçularının siyahısına 4 qolun müəllifi portuqaliyalı Kriştianu Ronaldu, hərəyə 3 top vurmuş Denis Çerışev (Rusiya) və Dieqo Kosta (İspaniya) başçılıq edirdilər.
Dünya futbol bayramının bugünkü proqramı isə belədir: Belçika–Tunis, Cənubi Koreya–Meksika, Almaniya–İsveç.
Oqtay BAYRAMOV, 
“Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında