“Sərhədçi” komandası çövkən üzrə “100 İllik Yubiley Kuboku”nun qalibi olub

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə təşkil etdiyi Milli Atçılıq Festivalı çərçivəsində keçirilən çövkən milli atüstü oyunu üzrə “100 İllik Yubiley Kuboku” turnirinə iyunun 9-da yekun vurulub. 
 
Turnirin sonuncu günündə üçüncü yer uğrunda oyun və final qarşılaşması keçirilib. Üçüncü yer uğrunda görüşdə “Polad” və “Buta Golden” komandaları üz-üzə gəliblər. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə “Polad” kollektivi 2:1 hesabı ilə qalib gələrək bürünc medala layiq görülüb. 
Turnirin final görüşündə isə “Sərhədçi” və “Omar” komandaları qarşılaşıblar. Matçın favoriti sayılan “Sərhədçi” komandası üstün oyun nümayiş etdirərək rəqibin qapısından dörd cavabsız top keçirib. Sərhədçilərin heyətində Amil Namazov dubl edib, Tərlan Qurbanəliyev və Nurlan Cəbrayılov isə hərəyə bir dəfə fərqləniblər. 
Beləliklə, Milli Atçılıq Festivalı çərçivəsində keçirilən çövkən üzrə “100 İllik Yubiley Kuboku” turniri “Sərhədçi” komandasının çempionluğu ilə başa çatıb. “Sərhədçi” ardıcıl ikinci dəfə bu turnirin qalibi adını qazanıb. 
Mükafatlandırma mərasimində kuboku və medalları komandaların üzvlərinə Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev təqdim edib. 
Çövkən oyunu üzrə “100 İllik Yubiley Kuboku” turnirində səkkiz komanda - “Sərhədçi”, “Polad”, “Köhlən”, “Murad”, “Buta Golden”, “Omar” kollektivləri ilə yanaşı, Ağstafanın və Ağcabədinin çövkən yığmaları da mübarizə aparıblar. “Sərhədçi” turnirin yarımfinalında “Buta Golden”i 5:2, “Omar” kollektivi isə “Polad”ı 1:0 hesabı ilə məğlub edərək finala yüksəliblər. 
Xatırladaq ki, iyunun 2-də start götürən Milli Atçılıq Festivalına bu ayın 17-də yekun vurulacaq. Festivalın birinci günündə Binə Atçılıq Mərkəzində cıdır üzrə “100 İllik Yubiley Kuboku” turniri keçirilib. 
Festival çərçivəsində, iyunun 8-də atçılığın konkur növü üzrə Heydər Əliyev Kuboku turniri təşkil olunub. 
Milli Atçılıq Festivalına iyunun 15-17-də keçiriləcək arena polo üzrə VI Dünya Kuboku yarışı ilə yekun vurulacaq. Azərbaycan, Almaniya, İrlandiya və Hindistanı təmsil edən klubların mübarizə aparacağı Dünya Kuboku yarışında üç gün ərzində altı oyun keçiriləcək. Azərbaycanı bu mötəbər yarışda milli polo komandasının idmançılarından ibarət “Elite Horse & Polo Club”u təmsil edəcək.
AZƏRTAC

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında