Azərbaycan bədii gimnastlarının ikiqat sevinci

Bədii gimnastika ustalarımız ötən bazar günü İspaniyanın Qvadalaxara şəhərində başa çatmış Avropa çempionatında onlara bəslənilən ümidi doğruldaraq ölkəmizi iki bürünc medalla sevindirmişlər.
Bizim qızlar Qvadalaxarada start ərəfəsində Dünya kuboku uğrunda mərhələ yarışlarında da yaxşı nəticələr göstərib bəzi təmrinlərdə mükafatçılar sırasında yer tutmağı bacarmışdılar. Onlar bu uğurların davamını Avropa çempionatında gətirməklə getdikcə artan ustalıqlarını bir daha təsdiq etdilər.
Çempionatda təmsilçilərimiz arasında birinci olaraq medal sevincini yeniyetmələrin yarışında Arzu Cəlilova yaşamışdır. O, topla hərəkətlərin icrasında yalnız Lala Kramarenko (Rusiya) və Kristina Poqraniçnayadan (Ukrayna) geri qalaraq fəxri kürsünün bürünc pilləsinə yüksəlmişdir.
Digər gimnastlarımızdan Nərminə Səmədova halqa ilə final yarışlarında beşinci, gürzlərlə səkkizinci nəticə göstərmiş, Yelizaveta Luzan isə lentlə hərəkətlərin yerinə yetirilməsində altıncı olmuşdur.
Azərbaycan gimnastlarına ikinci bürünc medal qrup hərəkətləri komandalarının 3 top və 2 iplə çıxışlarından sonra təqdim olunmuşdur. Siyana Vasilyeva, Aliyə Paşayeva, Ayşən Bayramova, Diana Doman və Zeynəb Hümmətovadan ibarət heyət təmrini inamla yerinə yetirərək üçüncü yeri tutmuşdur. Bu hərəkətdə qızıl və bürünc mükafatlara müvafiq surətdə Bolqarıstan və İtaliya komandaları sahib olmuşlar.
Azərbaycan komandasının daha bir üzvü Zöhrə Ağamirova isə böyüklərin çoxnövçülük yarışlarının yekununda gələn il Minskdə keçiriləcək II Avropa Oyunlarına lisenziya qazanmışdır. 
Oqtay BAYRAMOV, “Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında