Dördüncü İslam Həmrəyliyi Oyunları Azərbaycan dövlətinin və idmanının növbəti zəfər marşı idi

Çox da uzaq keçmiş deyil, 2017-ci il mayın 12-si idman adamlarının yaxşı yadında olar. Həmin gün mülayim bahar axşamında Azərbaycanın ən böyük idman arenası olan Bakı Olimpiya Stadionunda IV İslam Oyunlarının möhtəşəm təntənəli açılış mərasimi ilə müsəlman aləminin 54 ölkəsinin ən yaxşı idmançılarının dostluq, qardaşlıq və həmrəylik bayramına start verildi.

İndi aradan bir il keçdikdən sonra, 2018-ci ilin yenə xoş may günündə ötənilki startlardan aldığımız zəngin təəssüratı xatırlayarkən istər təşkilatçılıq bacarığımıza, istərsə də idman nəticələrimizə görə “Bakı-2017” – nin böyük uğuru ilə bir daha iftixar hissi keçirir, ölkəmizlə qürur duyuruq.

İslamiadada Azərbaycan idmanının möhtəşəm zəfəri dövlət müstəqilliyinin bərpasının 26-cı ilində xalqımıza gözəl töhfə oldu, dövlətimizin gündən-günə artan qüdrətinin, idmanımızın inamlı addımlarının nümayişinə çevrildi.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının elə ilk illərindən insan həyatının ayrılmaz tərkib hissəsi olan idman məşğələlərinə böyük əhəmiyyət verib onun inkişafını daim diqqət mərkəzində saxlayan ümummilli lider Heydər Əliyevin çıxışlarından birində qətiyyətlə bəyan etdiyi “Azərbaycan Prezidenti kimi şəxsən mən söz vermişəm və indi də bunu təsdiq edirəm ki, idmana xüsusi qayğını öz üzərimə götürmüşəm və əmin ola bilərsiniz ki, bu qayğını daim hiss edəcəksiniz” sözləri hamının ürəyindən olmuşdu.

Məhz Azərbaycanın dövlət başçısının böyük qayğı və diqqəti sayəsində idmanımız getdikcə daha sürətlə inkişaf etməyə, Olimpiya və Paralimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında, digər mötəbər beynəlxalq yarışlarda daha çox qələbə və medal qazanmağa başladı. Bu gün müstəqil Azərbaycan Respublikasının dünyanın ən nümunəvi idman ölkələrindən birinə çevrilməsində şübhəsiz ki, ulu öndərin Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində– istər sovet dövründə, istərsə də müstəqillik illərində–idmanın inkişafını daim diqqət mərkəzində saxlaması, idmançılara məşq və yarışlarda iştirak üçün hər cür şərait yaradılması mühüm rol oynamışdır.

Bu gün Azərbaycan idmanına xüsusi qayğı göstərilir. Belə olmasaydı, 2016-cı ildə Rio-de-Janeyroda XXXI Yay Olimpiya Oyunlarında London-2012-dəkindən (10 medal), demək olar, iki dəfə çox -18 medal qazana bilməzdik.

Ən başlıcası isə, idmanımızın bəxti gətirmişdir. Estafet etibarlı əllərdədir. Bugünkü qələbələrimiz üçün hələ təxminən yarım əsr əvvəl yaxşı zəmin yaradan, Azərbaycan idmanına qayğı və diqqəti gündən-günə artırmaqla respublikamızı dünyanın aparıcı idman ölkələri sırasına çıxaran ulu öndər Heydər Əliyevin başladığı işi bu gün möhtərəm Prezidentimiz, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyev uğurla davam etdirir.

Paytaxtımızın ən yaxşı idman bazalarında ən yüksək səviyyədə təşkil edilib Azərbaycanın Olimpiya idealları və prinsiplərinə sədaqətinin daha bir təsdiqinə çevrilən IV İslam Həmrəyliyi Oyunlarında idmançılarımızın tarixi nailiyyəti respublikamızda idmanın inkişafına göstərilən daimi dövlət qayğısının növbəti parlaq təzahürü idi.

İslamiadada qazanılmış 162 medal – 75 qızıl, 50 gümüş və 37 bürünc mükafatın ölkəmizin Olimpiya Hərəkatında ikiqat yubileylər ilinə – Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının 25 və cənab İlham Əliyevin MOK-a rəhbərliyinin 20 illiyinə təsadüf etməsi də hər iki yubileyə gözəl töhfə oldu.

Təsadüfi deyil ki, idman dünyasına unudulmaz anlar yaşatmış İslamiada startlarının böyük uğurları təkcə müsəlman aləmində deyil, planetin hər yerində geniş əks-səda doğurmuşdu. Məsələn, yunan-Roma güləşi üzrə üçqat Olimpiya çempionu, Rusiya Dövlət Dumasının deputatı Aleksandr Karelin “Vestnik Kavkaza” portalına müsahibəsində söylədiyi bir fikirlə, bəlkə də, yekdil rəyi ifadə etmişdi: “Hər şey ahəngdar şəkildə idi. Afərin, təşkilatçılar hər şeyi çox sivil şəkildə yerinə yetirmişdilər. Oyunların nəticələri də qanunauyğundur”.

“Bakı-2015” birinci Avropa Oyunları kimi, IV İslam Həmrəyliyi Oyunlarında da təşkilatçılıq baxımından böyük uğur qazanılması Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, ölkə Gimnastika Federasiyasının prezidenti Mehriban xanın Əliyevanın başçılıq etdiyi Təşkilat Komitəsinin böyük zəhmət tələb edən bütün işləri yüksək səviyyədə həyata keçirilməsinin nəticəsi idi.

İslamiada sınaqları bir daha sübut etdi ki, həyatın bütün sahələırində sürətli inkişaf yolunda olan Azərbaycan idmanda da güclü dövlətdir. Onun çox səmimi və mübariz komandası var. Bu komandanın bütün üzvləri–idmançılar , məşqçilər, mütəxəssislər, rəhbər heyət vahid və çox möhkəm bir kollektiv şəklində fəaliyyət göstərir.

Əks təqdirdə, Azərbaycan idmanının ən yaxşı güləş, boks, cüdo, taekvondo, gimnastika, karate, futbol, voleybol, basketbol ustaları və digər növlərin nümayəndələri İslamiadada 75-i qızıl olmaqla 162 medal qazanıb komanda hesabında ölkəmizi 54 dövlət arasında birinci yerə çıxara bilməzdilər.

Təşkilatçılar I Avropa Oyunlarındakı kimi, IV İslam Həmrəyliyi Oyunlarında da Azərbaycan xalqı üçün böyük bir idman bayramı təşkil etmək məqsədlərinə çatmışdılar. İnsanlarımız yarış meydanlarında möhtəşəm mübarizə anlarından, həmvətənlərinin bol-bol medallarından böyük zövq aldılar.

Mayın 22-də “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Əbdüləziz əl Nassar bu barədə belə demişdi: “Bu əlamətdar İslam Həmrəyliyi Oyunları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, Azərbaycan Respublikasının Birinci vitse–prezidenti Mehriban xanım Əliyevanın və onun Azərbaycan İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsində çalışan heyətinin fəaliyyəti sayəsində qonaqpərvər ev sahibinin səyləri ilə mümkün oldu...”

Həqiqətən də, bir il əvvəl bu gün Azərbaycan 54 ölkə təmsilçilərini bir ailənin şən və mehriban övladları kimi öz əhatəsinə alıb dünyada sülhün möhkəmləndirilməsi, əmin –amanlığın təmin edilməsi işində dostluq və həmrəyliyin necə güclü bir vasitə olduğunu bütün dünyaya mükəmməl şıəkildə bəyan etdi. Hamı gördü və əmin oldu ki, Avropa Oyunlarından sonra İslam Həmrəyliyi Oyunları da Azərbaycan dövlətinin, Azərbaycan idmanının əsl zəfər marşıdır.

Bakıda IV İslam Həmrəyliyi Oyunlarının estafetinin 2021-ci ildə V İslamiadanın təşkilatçısı olacaq Türkiyənin İstanbul şəhərinə ötürüldüyü gündən bir il keçir. Ölkəmizdə idman həyatı bir an belə dayanmır, əksinə, daha sürətlə davam edir. Lap bu yaxınlarda “Formula-1” Azərbaycan Qran-prisi, bədii gimnastika üzrə Dünya Kuboku yarışı, Şəmkirdə unudulmaz qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr edilən 5-ci beynəlxalq superturnir, iki gün əvvəl başa çatmış
“Naxçıvan – 2018” Beynəlxalq Şahmat Festivalı...

Qarşıdan isə yeni-yeni mötəbər yarışlar, xüsusən də sentyabrda bütün planetin ən güclü tatami ustalarını Azərbaycana gətirəcək cüdo üzrə dünya çempionatı gəlir. Payızın start ayı sentyabrda cüdo aləminin nəzərləri Azərbaycana, Bakıya, 2024-cü ildə Tokioda keçiriləcək növbəti Olimpiya Oyunlarına reytinq xalları qazandıracaq dünya çempionatına yönələcək. Nazim Hüseynov, Elnur Məmmədli, Mövlud Mirəliyev, Elxan Məmmədov, Rüstəm Orucov, Elmar Qasımov, Hidayət Heydərov, Orxan Səfərov kimi mahir tatami ustalarının Vətənində bunun necə bir çempionat olacağını təsəvvür etmək çətin deyil. Dördüncü İslam Həmrəyliyi Oyunlarında Azərbaycan cüdoçularının paralimpiyaçılarla birlikdə 26 medal sevinci yaşadıqları  xatirələrdə hələ təzədir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında