“Sərbəstlər”: 10 nəfərə 8 medal!

Azərbaycanın sərbəst güləş ustaları Rusiya Federasiyasının Kaspiysk şəhərində finişə çatmış Avropa çempionatını parlaq nəticə və əla əhval-ruhiyyə ilə başa vurmuşlar. On təmsilçimizdən səkkizi fəxri kürsüdə medal sevinci yaşamışdır.

Artıq üçüncü dəfə Avropa çempionu olmuş Georgi Edişeraşvili (57 kq) və üçqat dünya çempionu Hacı Əliyev (65 kq) bütün rəqiblərini, o cümlədən həlledici final görüşlərində Rusiya idmançıları, müvafiq surətdə Zaur Uquyevi və İlyas Bekbulatovu məğlubiyyətə uğratmışlar. Onların qızıl medalları şərəfinə idman sarayında Azərbaycanın dövlət himni səsləndirilmişdir.

İki güləşçimiz – Aleksandr Qostiyev (86 kq) və Olimpiya çempionu Şərif Şərifov da finalda mübarizə aparmışlar. Burada onlar gərgin mübarizədə rusiyalılar Artur Nayfonov və Abdulrəşid Sadullayevə kiçik fərqlə uduzaraq gümüş mükafatçı olmuşlar.

Azərbaycan komandasının daha dörd üzvü–Murtuzəli Müslümov (70 kq), Cəbrayıl Həsənov (79 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) isə bürünc medal qazanmışlar. Bu uğurlar sayəsində millimiz komanda hesabında 160 xalla Rusiyadan (204) sonra ikinci yeri tutmuşdur.

Kaspiyskdə Avropa çempionatı digər iki komandamız –hərəyə beş medala sahib olmuş yunan–Roma güləşçiləri və qadınlardan ibarət heyət üçün də uğurlu olmuşdur. Güləşin bu növlərində “klassiklər”dən Eldəniz Əzizlinin (55 kq), qadın güləşçilərdən Mariya Stadnikin qızıl medallarını, eləcə də qadınlardan ibarət komandanın öz tarixində ilk dəfə beş medal qazanıb Avropa çempionatlarında Azərbaycan rekorda müəyyənləşdirdiyini xüsusi qeyd etmək olar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında