2018 “Formula-1” Azərbaycan Qran-prisi Bakını artıq F1 şəhəri kimi tanıdır

“Formula-1” Azərbaycan Qran-prisi başa çatsa da, üç gün Bakıda yaşanmış yarış həyəcanı hələ də yaddaşlardadır.  Bu sürət yarışını yüksək səviyyədə işıqlandıran təcrübəli jurnalistlərin maraqla izlədiyi yarışdan sonra əcnəbi həmkarlarla söhbət etdim. Yarışın keçirilməsi, pilotların gərgin mübarizəsi, Bakının bu yarışa necə ev sahibliyi etməsi ilə bağlı onların fikirlərini öyrəndim:

Çindən gəlmiş idman fotoqrafı  Jun Qianın təəssüratları olduqca yüksəkdir:

--- İkinci dəfədir ki, artıq “Formula-1” Azərbaycan Qran-prisini işıqlandırmaq üçün Bakıya gəldim. Yenidən burda olmaq, yarış həyəcanını hiss etmək gözəl hisslərdir. Azərbaycan kiçik ölkə olsa da, “Formula-1” yarışı onu dünyaya daha çox tanıtmaq və təbliğ etmək üçün yaxşı bir platformadır. Əvvəllər Azərbaycanı sovetlər birliyinin tərkibində bir yer kimi  tanıyırdılar. İndi isə Azərbaycan müstəqil ölkədir.  Bu illər ərzində Bakı artıq çox dəyişib, inkişaf edib.  Artıq Bakı Expo 2025 sərgisinə namizəd şəhərlərdən biridir.  Bu da onun yüksək nüfuzundan xəbər verir. F1 yarışlarını işıqlandırarkən həm də   Bakının görməli yerlərində, İçərişəhər, Qız qalası və digər yerlərində  oldum, çəkilişlər apardım.

Bakı treki haqda onu deyə bilərəm ki, fotoqrafların işini görməsi üçün çox gözəldir, trek boyu İçərişəhərin, şəhərin gözəlliklərini görmək mümkündür. Qız qalasının başından çəkilişlər etmişəm. Oradan bütün şəhər mənzərəsi, Bakı treki, Xəzər dənizi görünür. Azərbaycan indiyə kimi Avroviziya mahnı yarışmasına, Birinci Avropa Oyunlarına, eləcə də IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib. Əgər yarış keçirilərsə, növbəti dəfə də Bakıya gəlməyi istərdim. Mənim ölkəm o qədər də uzaq deyil.  Odur ki, növbəti dəfə də Bakıya qonaq olacam.”

“Fox Sports Asia” TV-nin təmsilçisi (prodüser köməkçisi) Zia-ul Raushan:

---  Qeyd edim ki, təmsil etdiyim “Fox sports Asia” TV kanalında digər idman növləri ilə yanaşı, F1 yarışları da maraqla izlənilir. Bakı treki həyəcanvericidir. Xüsusilə ən həyəcanverici trek İçərişəhərə yaxın hissəni deyə bilərəm. Azərbaycanda olmaqdan məmnunam. Şəhər cəlbedicidir, insanlar, tarixi və müasir binalar, Bakının arxitekturası  çox gözəldir. Şəhərdə gəzərkən arxitekturası və dizaynına görə diqqətimi daha çox bir tikili cəlb etdi. Öyrəndim ki, bu  Heydər Əliyev Mərkəzidir. Həqiqətən də çox gözəl mərkəzdir. Azərbaycanlılar pozitiv və gülərüz, ünsiyyətcil insanlardır. Sinqapurlularla müqayisədə onu deyə bilərəm ki, hər iki şəhərin insanları  qonaqpərvərliyinə, insanların səmimiyyətinə görə seçilir. Azərbaycan gənc müstəqil ölkədir. Buna baxmayaraq, bir sıra beynəlxalq idman yarışları Bakıda keçirilir. Bu, çox gözəl haldır. İnsanlar bununla həm də Bakı haqda, Azərbaycan barəsində daha çox məlumat əldə etmiş olurlar. Formula-1” Azərbaycan Qran-prisini FOX Asia TV olaraq işıqlandırdıq.”

“Formula 1” Azərbaycan Qran-prisi dövründə jurnalistlərlə yanaşı, yarışı izləməyə gələn turistlər sürət yarışından zövq aldılar. Onlar  həm də şəhərimizdə turistlərin  səmərli vaxt keçirməsi və əylənməsi üçün yaradılmış xüsusi zonadan da yararlandılar. Dənizkənarı bulvarda təşkil edilmiş müxtəlif əyləncə zonası, xüsusilə də Azərbaycanın milli mədəni irsini əks etdirən pavilyon xüsusi marağa səbəb olurdu. Buraya gələn turistlər  xalçaçılıq, dulusçuluq, zərgərlik, milli geyim nümunələri ilə tanış olur, hətta onların düzəldilməsində də öz qabiliyyətlərini nümayiş etdirə bilirdilər. Pavilyonda gəzərkən onların armudu stəkan üzərində milli naxışlar əks etdirməyə həvəs göstərmələri, araxçınla şəkil çəkdirmələri və digər məqamlar gözümdən qaçmadı. Bu, bir daha göstərir ki, “Formula-1” yarışları, eləcə də ölkəmizdə keçirilən digər yüksək səviyyəli beynəlxalq tədbirlər həm də turizm sektorunun daha da canlanması ilə yanaşı, Azərbaycanın müsbət imicinin güclənməsinə xidmət edir.

Milli pavilyonda turistlərin zərgərlik nümunələrinə marağını görən zərgərlər Eduard Şamaryayev və Elçin İbrahimov onlara milli naxışlarla bağı məlumat verirdi. Eduard deyir ki, bu cür beynəlxalq tədbirlərin əhəmiyyəti odur ki, biz milli sənətlərimizi əcnəbilərə, beynəlxalq aləmə tanıdırıq. Şəhərimizə gələn qonaqlar xalqımızın milli mədənyyəti ilə bağlı xeyli məlumat əldə edirlər.

Həmsöhbət olduğum rusiyalı turist Aleksey İvanov deyir ki, qızı ilə Bakıya həm “Formula1” yarışlarını izləməyə, həm də dincəlməyə gəliblər: “Yarış çox gözəl təşkil edilib. Təşkilatçıların əməyi böyükdür. Qızım ilə yarışı izləməyə gəlmişəm. Bakını çox bəyəndim, yaşıl və təmiz şəhərdir. Gənc pilotumuz Sergey də yarışda iştirak etdi. Öz fanatları ilə görüşdü. Həmin görüşdən istifadə edib, biz də avtoqraf aldıq. “

Dənizkənarı bulvarda gəzərkən  Azərbaycan və Türkmənistan bayraqlarını dalğalandıran xanımla qarşılaşdım. Üç övladı ilə “Formula-1” yarışlarını izləyən xanımla... da həmsöhbət oldum.  Əslən türkmən olan Gülalek İsgəndərova artıq yeddi ildir ki, öz ailəsi ilə birlikdə Bakıda yaşayır. Onun sözlərinə görə, Azərbaycan da onun vətəni Türkmənistan qədər əzizdir. Dillərimiz, adətlərimiz oxşardır. “Yarış yüksək səviyyədə təşkil edilib. Övladlarımla yarışı izlədik. Dənizkənarı park bayram əhval ruhiyyəsindədir. Uşaqlarım üçün Bakı çox maraqlıdır. Onlar müxtəlif əyləncə zonalarında şəkil çəkdirdilər. Türkmənistan və Azərbaycan qardaş ölkələrdir. Ölkələrimiz arasında əlaqələr var. Azərbaycanın uğurlarına biz türkmənlər də sevinirik.”

Digər Rusiyalı turist Yanis Çelovedinlə də söhbətimdə onun məmnunluğunun şahidi oldum.  Oğlu Aleksis ilə Bakıya gələn Yanis deyir ki,  oğlunun ən xoşuna gələn məqamlardan biri Bakıda sevimli pilotlarının maskotları ilə şəkil çəkdirmək olub və bu onun Bakı xatirəsində ən yaddaqalan hadisələrdən olacaq.

Bəli, üç gün Bakının sürtsevərlərə yaşatdığı həyəcan dolu anlar bitdi. Lakin onun yaratdığı təəssüratlar növbəti yarışa qədər hələ çox danışılacaq.

Küləklər şəhəri Bakını artıq həm də F1 yarışlarının keçirildiyi şəhər kimi tanıyırlar.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında