Bu il Bakının ev sahibliyi etdiyi “Formula – 1” Azərbaycan Qran-prisi həyəcanlı anlarla, dünyanın aparıcı komanda və pilotlarının gərgin rəqabəti ilə yadda qaldı.
Artıq üçüncü dəfə keçirilən “Formula – 1” yarışları həm yerli, həm də beynəlxalq idman ictimaiyyət tərəfindən maraqla izlənildi. Budəfəki yarışda 1-ci yeri Luis Hamilton ("Mercedes"), II yeri Kimi Raikkonen (“Ferrari”), III yeri Serxio Peres (“Force India”) tutdular.
2016-cı ildə Bakıda keçirilmiş “Formula – 1” Avropa Qran-prisinin qalibi “Mercedes”in almaniyalı pilotu Niko Rosberq olmuşdusa, ötənilki “Formula – 1” “Red Bull Racing” komandasının avstraliyalı sürücüsü Daniel Rikkardonun qələbəsi ilə başa çatmışdı.
Builki Azərbaycan Qran-prisinin qalibi 1985-ci il təvəllüdlü Luis Hamilton İngiltərədə anadan olub. Qrenadadan olan qaradərili emiqrant Entoni Hemilton və ağdərili Karmen Larbalestir yeni doğulmuş körpələrinə Olimpiya Oyunlarında 4 qızıl medal qazanmış (1983) amerikalı yüngül atlet Karl Luisin şərəfinə Luis adını qoymuşlar. Valideynləri ayrılandan sonra 2 yaşlı Luis 12 yaşına kimi anası ilə yaşamalı olur. Daha sonra isə atasının yanına gəlir, ögey anası və qardaşı ilə yaşayır. Hamilton radioidarəedici maşınların yarışlarında iştirak etdikdən sonra bu idmana marağı daha da artır. Atası 1991-ci ildə ona belə bir maşın alır və növbəti ildə Luis Britaniya Radio Maşınları Assosiasiyasının çempionatında ikinci yerlə kifayətlənir. Hamilton “Mən radioidarəedici maşınların yarışında çempionatda böyüklərə qarşı mübarizə aparırdım”, – deyərək o günləri xatırlayır. Sürət yarışına maraq Hamiltonu kartinqə gətirir. Altı yaşı olanda atası ona Milad bayramı hədiyyəsi olaraq ilk yarış avtomobilini alır.
Ancaq gələcəyin məşhur pilotu Luisə dəstək olmaq heç də asan başa gəlmirdi. Hətta atası İT menecer vəzifəsindən qovulsa da, o, oğlundan köməyini əsirgəmədi. Əksinə, atası üç yerdə işləyərək oğlunun karyerasına kömək oldu. O, hətta Luisin bütün yarışlarında iştirak etməyə çalışırdı. Daha sonra öz kompüter şirkətini quraraq, Luisin meneceri qismində çıxış etməyə başladı.
Stivenicdə “The John Henry Newman School” katolik məktəbində oxuyan Hamilton futbolla məşğul olmuş, məktəb komandasında İngiltərə yığmasının gələcək yarımmüdafiəçisi Eşli Yanqla birgə çıxış etmişdi. O illərdən söhbət düşəndə Hamilton deyir ki, əgər “Formula-1” olmasaydı, o, ya futbolçu, ya da kriket oyunçusu olardı.
2001-ci ilin fevralında Hamilton “Cambridge Arts and Sciences” (CATS) kollecində təhsil alıb. Sürət yarışından əlavə, məktəb illərində 5 il karate ilə məşğul olub. Onun karateyə marağı idmandan çox məktəbdə onu ələ salan uşaqlarla bağlı olub. Hamilton özünü bu cür xoşagəlməz hallardan qorumaq üçün karatenin sirlərinə yiyələnib. On iki yaşında isə Luis artıq birtəkərli velosipedi sürə bilirdi. 1993-cü ildən kartinqdə çıxış etməyə başlayan Luis 8 yaşında Rye House Kart halqasının trasında qələbə qazanıb. On yaşında ikən “McLaren” komandasının rəhbəri Ron Dennisdən avtoqraf xahiş edərək demişdi: “Mən Luis Hamiltonam, Britaniya çempionatını udmuşam və bir gün sizin bolidinizin sükanı arxasında yarışacam.” Dennis onun avtoqraf dəftərinə yazmışdı: “Mənə 9 ildən sonra zəng vur, biz yoluna qoyaq”.
1998-ci ildə Hamilton “Super One” seriyasını udaraq Britaniya çempionatında ikinci yer qazanarkən yenə də Ron Dennislə qarşılaşır. Dennis verdiyi sözü tutur, “Mclaren” komandasının gənc pilotlarına dəstək proqramına əsasən onunla müqavilə bağlayır.
Luis qitələrarası A Çempionatı (1999), Formula-A (2000), Formula Super (2001) yarışlarında iştirak edir, 2000-ci ildə Avropa çempionu adını qazanır.
Maraqlıdır ki, 2001-ci ildə Mixail Şumaxer kartinq yarışlarında Hamiltona qarşı mübarizə aparırdı. Bu yarışda 7-ci olan Hamiltonun çıxışı Şumaxerin xoşuna gəlmiş, tanınmış pilot Hamilton haqqında demişdi : “Bu qoçaq pilot çox güclüdür, onun cəmi 16 yaşı var. Əgər bu işi davam etsə, əminəm ki, o, “Formula-1”ə çatar. Erkən yaşlarda qabiliyyəti görəndə, bu nəsə xüsusi bir şeydir. Məlum olduğu kimi, onun heç də pis olmayan yürüş vərdişləri var. ”
2007-ci ildə ebay internet hərracında Hamiltonun karyerasına başladığı ilk maşını 42 min funt sterlinqə satıldı.
Hamiltonun avtoyarışlarda uğurlarının davam etməsi onu daha da məşhurlaşdırdı və bu, medianın da diqqətindən yayınmadı. Belə ki, Zandvortda “Formula-3” yarışında qalib gələndən sonra “Autosport” jurnalı onu 2005-ci ilin ən yaxşı 50 pilotu” siyahısına daxil etdi (24-cü yer). Britaniyanın “SportsPro” nəşrinin “ Sponsor və reklamçıların populyarlığından istifadə edən top 50 idman ulduzu” siyahısında Hamilton ilk sırada yer alırdı.
2013-cü ildə pilot “Bombardier CL-600” şəxsi təyyarəsini alan Hamiltonun digər hobbiləri də var. O, musiqi ilə məşğul olmağı, gitarada ifa etməyi çox sevir. Hətta “XIX Entertainment” agentliyi və daha sonra “PurplePR” şirkəti ilə müqavilə bağlayıb. 2013-cü ildə britaniyalı musiqiçi Angel ilə birgə yazdığı 12 mahnı maraqla qarşılanıb. Hamiltonun digər hobbisi saat kolleksiyasıdir. Onun kolleksiyasında 50-dən çox saat var.
2013-cü ildə Malayziyanın Kinabalu dağına çıxan pilotun arzusu Everesti fəth etməkdir.
Gənc pilot Luis Hamiltonun uğurları bununla bitmir. Küləklər şəhəri Bakıda keçirilmiş “Formula – 1” Azərbaycan Qran-prisinin qalibi olması onun karyerasında mühüm nailiyyət kimi yadda qaldı. Yarışın üçüncü günü küləkli hava şəraitinə baxmayaraq, gərgin mübarizənin qalibi məhz Luis Hamilton oldu.
Bakı trekində Luis Hamilton “Ferrari”nin pilotu Sebastian Fetteli qabaqlayaraq çempionatda lider oldu. Xallarının sayını 70-ə çatdıran britaniyalı pilot birinci sıraya yüksəldi.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yarışı izləməsi və pilotları mükafatlandırmaları ölkədə “Formula-1”-ə olan diqqətin daha bir göstəricisidir. Budəfəki Qran-prinin qalibi Luis Hamiltona kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təqdim etməsi və bu yarışın təəssüratları, yəqin ki, hələ uzun müddət yaddaşlarda qalacaq.
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.