“Bakı trası dünyanın ən sürətli bolidləri üçün, sözün həqiqi mənasında, ciddi sınaq meydanıdır”

Azərbaycan daha bir möhtəşəm idman tədbirinə uğurla ev sahibliyi etdi. Dünyada ən populyar avtomobil yarışlarından biri olan “Formula-1” üzrə dünya çempionatının 4-cü Qran-prisinin Bakı trasında yüksək səviyyədə təşkili ilə ölkəmizin idman tarixinə daha bir parlaq səhifə yazıldı. Müsahibimiz Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov aprelin 29-da uğurla başa çatan Azərbaycan Qran-prisinin mövsümün ən maraqlı yarışlarından biri olacağına əminliyini bildirdi.

– İsmayıl müəllim, Azərbaycanda son illər dünyanın ən irimiqyaslı idman tədbirləri böyük uğurla reallaşdırılır. Bir gün bundan əvvəl ölkəmiz üçüncü dəfə dünyanın ən möhtəşəm avtomobil yarışları olan “Formula-1”-ə yüksək səviyyədə ev sahibliyi etdi. Bu cür dünya əhəmiyyətli yarışların ölkəmizdə keçirilməsi ilə bağlı fikirlərinizi bölüşməyinizi xahiş edirik.

– Ölkəmizdə son illər bütün sahələr üzrə nüfuzlu tədbirlər ən yüksək səviyyədə təşkil edilir. Təsadüfi deyil ki, dünyanın ən irimiqyaslı idman tədbirlərinin təşkili böyük məmnuniyyətlə ölkəmizə həvalə edilir. “Formula-1” ilk dəfə paytaxtımızda Avropa Qran-prisi adı altında keçirildi. Bu populyar yarışın Azərbaycan idman tarixində yeni olmasına baxmayaraq, ölkəmiz artıq “Formula-1” ailəsində özünə layiqli yer tuta bilib. Ötənilki mövsümün statistikasına nəzər salsaq, görərik ki, “Formula-1” mövsümü ərzində əsasən ən çox tamaşaçı artımı ölkəmizdə Azərbaycan Qran-prisi adı altında baş tutan sayca ikinci “Formula-1” yarışlarında qeydə alınıb (58 faiz). 2017-ci ildə “Formula-1” yarışları üzrə dünya çempionatının Azərbaycan Qran-prisinə tamaşaçı kimi gəlmiş əcnəbi qonaqların sayı əvvəlki ildəkindən iki dəfə çox olub. Dünyanın aparıcı kütləvi informasiya vasitələrində keçirilmiş sorğular vasitəsilə aydın olub ki, avtoidman azarkeşləri, media nümayəndələri və Paddok Klubun təmsilçilərinin əksəriyyəti tərəfindən ötənilki “Formula-1” yarışları mövsümün ən həyəcanlı və ən maraqlı, gözlənilməz anlarla dolu yürüşü kimi dəyərləndirilib. Bu il növbəti dəfə “Formula-1” üzrə Azərbaycan Qran-prisi möhtəşəmliyi ilə yaddaşlarda dərin iz qoydu. Möhtəşəm avtomobil yarışlarının yüksək səviyyədə təşkili ölkəmizin bu cür nüfuzlu tədbirlərin keçirilməsində qazandığı zəngin təcrübə ilə bağlıdır. Bildiyiniz kimi, ilk “Formula-1” yarışlarından bir il əvvəl, 2015-ci ildə ölkəmizdə ilk dəfə Avropanın ən irimiqyaslı idman yarışı olan ilk Avropa Oyunları keçirilmişdi. Bakı, həm də bu mötəbər oyunların Vətəni kimi tarixə düşdü. 2017-ci ildə isə İslam dünyasının ən nüfuzlu idman tədbiri olan İslam Həmrəyliyi Oyunlarından sayılı günlər sonra “Formula-1” yarışları start götürdü. Eləcə də, ən kütləvi yarışlardan biri olan Ümumdünya Şahmat Olimpiadası 2016-cı il “Formula-1” Avropa Qran-prisindən sonra Bakıda yüksək səviyyədə keçirildi. Belə nüfuzlu yarışların eyni bir şəhərdə ardıcıl keçirilməsi, əlbəttə çox böyük məsuliyyət tələb edir.

– Bu günlər paytaxt Bakıda “Formula-1” yarışları ilə yanaşı, müxtəlif idman növləri üzrə mötəbər turnirlərin təşkili çətinliklər yaratmadı ki?

– Aprelin 27-də Bakıda “Formula-1” yarışları ilə yanaşı, bədii gimnastika üzrə nüfuzlu turnir, Dünya kuboku start götürmüşdü və üç gün davam edən yarışlara aprelin 29-da yekun vuruldu. Eyni zamanda, “Formula-1” yarışları keçirildiyi günlər Şəmkirdə dünyanın ən adlı-sanlı şahmatçılarının iştirakı ilə mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr edilmiş “Shamkir Chess-2018” super turniri keçirildi. Bu yarışların hər biri yüksək səviyyədə təşkilatçılığı ilə nümunə sayıla bilər. Azərbaycanda belə nüfuzlu turnirlər təkcə paytaxt Bakıda deyil, bölgələrdə də keçirilir. Ümumiyyətlə, son 15 ildə paytaxt Bakı, eləcə də bölgələrdə müasir standartlı geniş idman infrastrukturunun formalaşması istiqamətində böyük işlər görülüb. Şübhəsiz, belə tədbirlər zamanı ölkəmizə həm də 100 minlərlə qonaq və turist gəlir. Azərbaycanda hər bir sahədə müasir infrastrukturun qurulması, müasir standartlı ictimai-iaşə, xidmət obyektləri, getdikcə simasını dəyişən, inkişaf edən şəhər və rayonlarımız, yeni qurulmuş geniş park və xiyabanlar buraya gələn hər kəsin zövqünü oxşayır. Təbii ki, bütün bu imkanlar ölkəmizi xarici qonaqlar üçün daha cəlbedici edir və onlarda turist kimi ölkəmizə yenidən gəlmək istəyi yaranır.

– Azərbaycan Qran-prisi bu il ilk dəfə olaraq aprel ayında təşkil edildi. Bundan əvvəl iki dəfə iyun ayında keçirilmişdi. Bu dəfə yarışların nisbətən soyuq ayda keçirilməsi ilə bağlı mütəxəssislər müəyyən narahatlıqlar ifadə edirdilər.

– Bu dəfə Bakı Qran-prisi hər il keçirildiyi ənənəvi yay mövsümündə deyil, bir qədər sərin ayda, apreldə təşkil edildi. Dünya əhəmiyyətli bu yarış bildiyiniz kimi, Olimpiya Oyunları və futbol üzrə dünya çempionatından sonra miqyasına görə üçüncü yerdə durur. Təbii ki, Azərbaycan digər irimiqyaslı idman tədbirləri kimi, bu mötəbər yarışın da ən yüksək səviyyədə keçirilməsi üçün böyük səy göstərdi. Bakı treki ən yüksək standartlara uyğundur və yağışlı, eyni zamanda, küləkli hava şəraitində burada yarışların təşkili heç bir çətinlik yaratmayacaq. Bakıda hava şəraitinin küləkli olması pilotları daha diqqətli olmağa sövq edir, mübarizənin gərginliyini daha da artırırdı. Şübhəsiz, bu, yarışları daha maraqlı və baxımlı edir. Bakı trası dünyanın ən sürətli bolidləri üçün, sözün həqiqi mənasında, ciddi sınaq meydanıdır.

– Belə yarışlara ev sahibliyimiz ölkəmizə hansı faydalar verə bilər?

– Diqqət etsək görərik ki, nüfuzlu tədbirlərə dünyanın ən qabaqcıl və inkişaf etmiş ölkələri ev sahibliyi etmək üçün gərgin mübarizə aparırlar. Təbii ki, belə irimiqyaslı tədbirlər ev sahibi ölkələrə külli-miqdarda fayda gətirməsə idi, onlar belə tədbirləri təşkil etməyə can atmazdılar. Bu cür böyük tədbirlər ölkəmizin tanınması baxımından mühüm rol oynayır.

Paytaxtımızın ən görkəmli yerlərindən keçən əsrarəngiz Bakı trası bənzərsiz atmosferi olan tarixi mərkəz ətrafında salınıb. Nadir xüsusiyyətlərə malik Bakı Şəhər Halqası elə qurulub ki, yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçıları UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil edilmiş İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görürlər.

Məsələn, 2016-cı ilin iyununda keçirilmiş ilk “Formula-1” yarışından bu günə qədər olan müddət ərzində hesablamalara görə 277,3 milyon dollar ölkəyə gəlir gətirilib ki, bu da “Formula-1” ilə əlaqədar olaraq, Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir.

Şübhəsiz, hər ölkəyə nüfuzlu tədbirlərin təşkilatçılığı etibar olunmur. Bunun üçün həmin ölkələrdə təhlükəsizlik və sabitliyin davamlı olması əsas şərtlərdən biri kimi götürülür. Azərbaycan dünyada ən təhlükəsiz və sabit ölkələrdən biri kimi tanınır. Təsadüfi deyildir ki, ölkəmizdə keçirilən bu cür nüfuzlu tədbirlərdə iştirakçı dövlətlərin sayında maksimum nəticə təmin edilir. Ölkəmiz müxtəlif xalqların, millətlərin birlik və dostluq şəraitində yaşadığı, sülh, əminamanlığın bərqərar olduğu, insan hüquqlarının qorunduğu tolerant ölkə kimi tanınır. İdman, eləcə də, digər sahələrdə əhəmiyyətli, genişmiqyaslı tədbirlərə ev sahibi seçərkən ölkələrin nüfuz dairəsi və maliyyə imkanları da, xüsusilə, diqqət mərkəzində olur. Bu gün Azərbaycan dünyanın əsas söz sahiblərindən biri kimi beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz uğurla inkişaf edir, müasirləşən, yeniləşən qüdrətli dövlətə çevrilir. Azərbaycan bu gün dünyanın bütün sahələrdə dinamik inkişaf edən ölkəsi imicini qazanıb. Xalqımız gələcəyimizin daha parlaq olacağına əmindir.

Müsahibəni qələmə aldı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında