“Formula-1” yarışının paytaxtımızda keçirilməsi Azərbaycanın idman ölkəsi olduğunu bir daha dünyaya nümayiş etdirir

Bu gün dünyanın bütün idman həvəskarlarının diqqəti paytaxt Bakıya yönəlib. Artıq üçüncü dəfədir ki,  “Formula-1” Azərbaycan Qran-prisi keçirilir. Bu, eləcə də ötən illərdə reallaşdırılan I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və  digər beynəlxalq idman yarışları müstəqil Azərbaycanın idman ölkəsi olduğunu bir daha  dünyaya nümayiş etdirir. Eyni zamanda, respublikamızın  dünyada etibarlı tərəfdaş, güclü iqtisadiyyata, sabit və təhlükəsizliyə malik ölkə olmasını  sübuta yetirir.

Hazırda Azərbaycanda “Formula-1” Qran-prisinin gerçəkləşdirilməsi ilə dünya idmançıları və onların Bakı şəhərinə gələn çoxminli azarkeşləri, həm də xalqımızın qonaqpərvərliyinin, respublikamızın sosial-iqtisadi sahələrdə dinamik inkişafının şahidi olur, şərəfli tariximiz, mədəniyyətimiz, zəngin mətbəximiz barədə məlumatlanırlar. Bunun da gələcəkdə ölkəmizin turizm potensialının yüksəlməsinə böyük töhfə verəcəyi şübhəsizdir.  

Onu da deyim ki, beynəlxalq miqyasda yarım milyard tamaşaçı auditoriyası olan “Formula-1” kimi mühüm yarışın Bakıda keçirilməsi respublikamızın imicinə də müsbət təsir göstərir, Azərbaycanın dünyada, sözün əsl mənasında, sabitlik, əmin-amanlıq məkanı olmasını nümayiş etdirir. Əlbəttə, bunun hakimiyyətin həyata keçirdiyi siyasi kursun ümummilli maraq və mənafeyə tam cavab verməsi ilə bağlı olması qənaətini daha da möhkəmləndirir.

Azərbaycan Prezidenti İlham Əliyev bu yarışların Bakıda keçirilməsinin əhəmiyyətindən və görülən işlərdən danışarkən qeyd edib ki, “Formula-1” yarışının reallaşdırılması hər bir ölkəyə nəsib olmur. Çünki hər hansı bir dövlətin bu məsuliyyəti öz üzərinə götürməsi o qədər də asan deyil. Ancaq Azərbaycan bu yarışı da uğurla keçirməkdə davam edir: “Formula-1” yarışının Azərbaycanda keçirilməsinin ölkəmizin dünyada tanıdılması üçün müstəsna əhəmiyyəti vardır. Beş yüz milyon tamaşaçı auditoriyası olan bu yarışa bütün qitələrdə baxmışlar və şəhərimizin gözəlliyini, insanlarımızın qonaqpərvərliyini bütün dünya görübdür. Təsadüfi deyil ki, biz də bunu nəzərdə tuturduq, planlaşdırırdıq ki, bu yarışdan sonra ölkəmizə gələn turistlərin sayı dəfələrlə artacaq və artıb”.

Həqiqətən də, respublikamızın   idman sahəsində əldə etdiyi uğurlar möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü siyasətin, düşünülən proqramın inamla həyata keçirilməsinin məntiqi nəticəsidir. Dövlətimizin başçısının dediyi kimi, bunlar sadəcə olaraq, niyyət sənədi, şüar toplusu deyil, düşünülən, konkret tədbirlər planıdır. Onların icra qrafiki, mexanizmləri və maliyyə resursları mövcuddur və Azərbaycan reallaşdırdığı bu uğurlu siyasətə, eyni zamanda, idman vasitəsilə əlavə töhfə verir.

Bəli, bu gün bütün dünyanın diqqəti Bakıdadır. Azərbaycan vətəndaşı olaraq bununla fəxr edir, qürur hissi keçirirəm. Şəhərimizdəki canlanma və səliqə-sahman, gözəllik bizi də, əcnəbi qonaqları da heyran edir.

Dilqəm QULİYEV,
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının professoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında