“Azərbaycan xalqı şanslıdır ki, onun idmana önəm verən İlham Əliyev kimi açıqfikirli və iradəli Prezidenti var”

Bunu Bakının ev sahibliyi etdiyi  2018  “Formula-1”  Azərbaycan Qran-prisini işıqlandıran  indoneziyalı fotoqraf  Arif Kurniavan bizimlə söhbətində dedi.  İndiyədək müxtəlif idman yarışlarında iştirak etdiyini deyən  həmsöhbətim ilk dəfədir ki, Bakıdadır.

– Artıq Bakı üçüncü dəfədir ki, “Formula- 1” yarışına ev sahibliyi edir. Fikirlərinizi bilmək maraqlı olardı.

– Bəli, elədir. Bakıda bu sürət yarışı üçüncü dəfə keçirilsə də, bu, mənim Bakıya ilk səfərimdir. Bolasport.com saytında çalışıram.  “Formula-1”  yarışları  Azərbaycan üçün yenidir. Mənim fikrimcə, bu yarışların elə Azərbaycanda keçirilməsi daha yaxşıdır. Kim bilir, ümid edirəm ki,  bir gün İndoneziyada da bu cür yüksək səviyyədə  “Formula-1” yarışları keçiriləcək. Mənim ölkəmdə daha çox F2 yarışları və motoyarışlar  keçirilir. İndoneziyada həm F1, həm də moto-yarış həvəskarları və fanatları çoxdur. İndoneziyada motoyarışlar məşhurdur. Azərbaycan Qran-prisi haqqında onu deyə bilərəm ki, yarış yaxşı təşkil edilib və illər keçdikcə, sürət həvəskarları üçün daha maraqlı olur.

– Azərbaycan Qran-prisi çərçivəsində bu il də turistlər, yarış izləyiciləri üçün əyləncə zonası təşkil edilib. Ora baş çəkmisinizmi?

– Bəli, əlbəttə,  F1 həvəskarları təkcə yarışları izləmirlər, həm də Bakı bulvarında təşkil edilmiş  əyləncə zonasında da əylənirlər.  Mən Bakı trekini bəyəndim. Bakının küçələri səliqəlidir. Bakının qədimliyini özündə yaşadan İçərişəhərdə gəzmişəm. Bakıda qədim və müasir binalar var. Bu  F1 yarışlarını işıqlandıran fotoqraflara  şəhərin şəkillərini çəkmək üçün yaxşı imkanlar verir.

– Keçən yarışlardan birində İndoneziyanı gənc pilot Rio Haryanto təmsil etmişdi, hətta yarışlar Ramazan ayına təsadüf etdiyindən oruc tutmuşdu...

– Bəli, F1 pilotları üçün oruc tutmaq çətindir. Ancaq Rio Haryanto Ramazan ayında Bakıdakı yarışda əlindən gələni etdi. Çətin idi, ancaq şadam ki, o, orucunu da tutdu.

–  Azərbaycan, həm də İslam dünyasının  bir hissəsidir. Onun İslam dünyasındakı  rolunu bu baxımdan necə görürsünüz?

– Deyə bilərəm ki, Azərbaycanın həm də İslam ölkələri arasında idman sahəsində fəallıq nümayiş etdirməsi çox yaxşı haldır. IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi onlardan biridir. Müsəlman ölkələri arasında F1 yarışlarının keçirildiyi ölkələr də artıq var: Buraya Azərbaycan, BƏƏ, Bəhreyn və s. daxildir. Bu, yaxşıdır. İdmanın sərhədi yoxdur, o, irqindən, milliyyətindən, dinindən asılı olmayaraq, bütün insanları birləşdirir. F1 yarışlarında müxtəlif ölkələrdən olan pilotların bir araya gəlməsi buna nümunədir. F1 onları öz ətrafında birləşdirir. İnsanları yarış maraqlandırır və ondan da zövq alırlar.

– Azərbaycan gənc ölkə olmasına baxmayaraq, müxtəlif idman sahələrində bu cür beynəlxalq yarışları keçirir. İdman jurnalisti kimi Azərbaycanın fəaliyyəti necə görünür?

– Azərbaycan xalqı şanslıdır ki, onun idmana önəm verən İlham Əliyev kimi açıqfikirli və iradəli Prezidenti var. Belə olmasaydı, bu cür böyük idman yarışını belə yüksək səviyyədə təşkil etmək olmazdı. Azərbaycan, həm də bu cür yarışlara ev sahiblyi etməklə,  gələcəyini düşünür.  2018 “Formula-1” Azərbaycan Qran-prisi kimi idman yarışları turistlərə ölkəni tanıdır. İnsanlar həm də ölkənin mədəniyyəti, adət-ənənələri, Bakı haqqında məlumat alırlar.  Bir sözlə, Azərbaycan xalqı xoşbəxtdir ki, onun Bakıda bu cür mötəbər idman yarışlarını təşkil edən güclü lideri var.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında