Avtoidman həvəskarlarının böyük həyəcan və maraqla gözlədiyi “Formula 1” Azərbaycan Qran- prisi artıq başlayır. Sözsüz ki, dünyaca məşhur pilotların iştirak etdiyi bu dəfəki F1 yarışmasında bu dəfə Bakı dünya mediasının diqqətində olacaq. Odur ki, pilotlar və onların komandaları Bakı trekində uğur qazanmaq üçün əllərindən gələni edəcəkləri şübhəsizdir. Onların yarışöncəsi fikirləri bunu deməyə əsas verir. Həyəcan dolu Çin Qran-prisindən sonra “Formula-1” mövsümün dördüncü yarışı üçün avtoidman həvəskarları Bakıya toplaşıb.
Pirelli, Mario İzola, yarışın rəhbəri:
–Ötən illə müqayisədə bu il Azərbaycan Qran-prisi iki ay tez keçiriləcəyinə görə yarışın fərqli hava şəraitində baş tutacağı gözlənilir. Keçən il Azərbaycanda təkər tərkibləri seçimində bir az mühafizəkar davranmışdıq. Yeni təkər reqlamentinin qəbul olunduğu il “medium” təkərlərdən o qədər də istifadə olunmurdu. Bu il isə bolidlərin gücünü artıracaq təkər tərkibi hazırlamışıq.
Odur ki, builki yarışlarda hər üç tərkibdən istifadə ediləcəyini, Bəhreyn və Çində keçirilmiş son iki Qran-pridə şahidi olduğumuz kimi, bəzi yeni yarış strategiyalarının tətbiq olunacağını düşünürük.
Toto Volff, “Mercedes” komandasının rəhbəri:
–Bu mövsüm qələbə uğrunda amansız mübarizə aparan 3 komanda var. Ən güclü pilotların F1 tarixinin rekord sürətli bolidlərində apardıqları mübarizəsinin şahidi olacağıq. Bu mövsüm illər keçsə də, azarkeşlərin təbəssümlə xatırlayacaqları əfsanəvi F1 mövsümü olacaq.
Azarkeşlərlə yanaşı, biz də olduqca həyəcanlıyıq. Ötən il “Ferrari” komandasına qarşı gərgin mübarizə apardıq. Bu il daha gərgin yarış gözləyirik. “Red Bull” və “Ferrari” komandaları bizə qalib gəlmək üçün bütün güclərini səfərbər edəcəklər.
Bu komandaların həm sürücüləri, həm də bolidləri yüksək səviyyəlidir. Heç də hamı belə bir mübarizənin lehinə deyil, ancaq komandamız bu cür gərgin yarışları sevir. Bakı yarışı haqqında proqnoz vermək çətindir. İlk dəfədir ki, Azərbaycan Qran-prisi aprel ayına təsadüf edir.
Bakı treki sürücülərdən böyük cəsarət tələb edir. Ötən ilin podiumu gözlənilməz oldu. Şəhər treklərini fərqləndirən cəhət də elə budur.
Daniel Rikkardo, “Red Bull” komandasının pilotu:
–Monako və Sinqapurdan fərqli olaraq, Bakı trekində ötmə üçün daha çox imkan var. Ən böyük çətinlik isə tormozlamaqdır. Əyləc nöqtələrinin sayı çoxdur, səhv etmək yolverilməzdir. Bakıda yarışmağın çətinliyi əyləc limitini tapmaqdır.
Ötən il Azərbaycan Qran -prisində baş verənlər bir çoxları üçün ağlasığmaz idi. Keçən həftə Şanxayda olduğu kimi, komandanın möhtəşəm strategiyası var idi. Yarışın qalibi olacağım ağlıma belə gəlməzdi, amma rəqiblərimin hamısını ötüb keçirdim. Finiş xəttini keçəndə yarışı qələbə ilə başa vurmağıma inana bilmirdim. Gərgin, əyləncəli və unudulmaz bir yarış idi.
Lens Stroll, “Williams” komandasının pilotu:
–Bakı ilə bağlı gözəl xatirələrim var. Ötən il “Formula 1” yarışlarında ilk dəfə Bakıda podiuma çıxdım, odur ki, onu heç vaxt unutmayacağam. Təkcə trek deyil, Bakı özü də gözəl şəhərdir. Bu trekdə yarışmaq olduqca maraqlıdır. Şəhər treki olduğu üçün divarlarla əhatələnib. Səhv etmək yolverilməzdir”.
Peddi Lou, “Williams” komandasının texniki direktoru:
–İçərişəhərdən keçən bolidlərin yavaş sürəti, start və finiş xəttində isə artan sürət yarışa böyük həyəcan qatır. Ötən il komandamız üçün yaddaqalan oldu. Belə ki, komandanın pilotu Lens Stroll Formula 1-də ilk dəfə podiuma çıxdı. Bu mövsüm Azərbaycan Qran-prisi ötən illə müqayisədə daha sərin hava şəraitində baş tutacaq. Azərbaycanlı azarkeşlərimiz qarşısında maraqlı yarış nümayiş etdirməyi səbirsizliklə gözləyirik. Rusiya Azərbaycanın qonşusudur. Odur ki, bu il Bakıda öz debütünü edəcək Sergey üçün böyük dəstək gözləyirik. Lensə gəldikdə isə ondan ötən il imza atdığı uğuru bu il də təkrarlayacağını gözləyirik.
Fernando Alonso, “McLaren” komandasının pilotu:
–Keçən il mövsümün ilk xalını məhz Azərbaycan Qran-prisində qazandıq. Bu həftəsonu da eyni nəticəni təkrarlayacağımızı gözləyirik. Bakı Şəhər Halqası F1 təqvimində yeni olmasına baxmayaraq , artıq pilotlar arasında öz rəğbətini qazanıb. Bu, mövsümün ən sürətli şəhər trekidir. Trekin uzunluğu həm bolidləri, həm də pilotları böyük sınağa çəkir. Hər yarış həftəsonundan əvvəl bolidlərimizi diqqətlə yoxlasaq da Bakıda göstərəcəyimiz performansdan ciddi dəyişiklik gözləmirik. Buna baxmayaraq, bolid haqqqında bilik bazamızı artırır və mümkün olan bütün xalları qazanmaq üçün performansımızı yüksəldəcəyik.
Markus Eriksson, “Sauber” komandasının pilotu:
–Azərbaycan Qran-prisi mövsümün ilk şəhər yarışı olacaq. Trekin özəlliyi Qala divarlarının yanından keçən dar döngədir. Burada pilot olduqca diqqətli olmalıdır. Digər çətin məsələ bolidi trekin tələblərinə uyğunlaşdırmaqdır. Təkərin quraşdırılması əsas faktordur, çünki yarış vaxtı təkərlərin deqradasiya riski yüksəkdir. Yarışı səbirsizliklə gözləyirəm.
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.