“Formula 1” Azərbaycan Qran prisindən gözləntilər böyükdür

Sabah artıq 2018 “Formula 1” Azərbaycan Qran prisi başlayır.   Avtoidman həvəskarları ilə yanaşı, yarışöncəsi komanda rəhbərləri və pilotlar da həyəcanlıdır. Onların Bakı trekindən gözləntiləri böyükdür:

Erik Bulye, McLaren” komandasının Yarış Direktoru:

–Ötən il Bakı trekində baş verən güclü rəqabəti nəzərə alsaq, bu həftəsonu düzgün seçilmiş strategiya əhəmiyyətli rol oynayacaq. Komandamız bütün gücünü bazar gününə səfərbər edir.  Odur ki, baş verənlərə tez cavab vermək olduqca vacibdir. Əlimizə düşən bütün fürsətləri dəyərləndirməliyik. Komandamızın hər iki pilotu bu mövsüm hələ ki, əla nəticə göstərir. Bakı treki öz çətinliyi ilə mövsümün ən rəqabətli yarışlarına şahidlik edib. Bazar günü yarış mövqeyimizin əhəmiyyətini əsas tutaraq, Bakı trekinin çətinliklərini aşmağa hazırıq.

 

Şarl Lekler, “Sauber” komandasının pilotu:

–Keçən il Formula 2 çempionatında yarışdığım üçün artıq Bakı Şəhər Halqasına bələdəm. Şəhər treklərini xüsusilə sevirəm. Yarış ab-havası olduqca gözəldir, İçərişəhər və Qala Divarları isə füsunkar görüntüyə sahibdir.

Sərbəst yürüşlər zamanı təkərlərin performansını müşahidə edəcəyik. Bu, doğru seçim etməyimiz və yarışda yüksək performans göstərməyimiz üçün vacib mərhələdir.

 

Roman Qrojan, “Haas” komandasının pilotu:

–Bolid əla vəziyyətdədir, komanda isə əlindən gələni edir. Mövsümün ilk 3 yarışında xal qazana bilməmişik. İlk xalımızı Bakıda qazanacağımıza ümid edirəm.

Bakı treki digərlərindən çox fərqlənir. Uzun düz yolda yüksək sürət, Qala Divarı ətrafındakı döngədə isə tarazlıq əsas faktordur. Çox maraqlı Qran Pri olacaq. Gözləntilərimiz böyükdür. Çalışacağıq bütün fürsətlərdən yararlanaq.

Ön cərgədə gərgin mübarizə gedir. Bəzi yarışlarda Renault, Toro Rosso, Haas və ya McLaren trekin yarısında üstünlüyü ələ alır. Bu, yarışı daha da maraqlı edir.  Ön cərgədə isə vəziyyət başqadır. Mercedes hələ də qələbə qazanmayıb. Gərgin mübarizə gözlənilir.

 

Kevin Maqnussen, “Haas” komandasının pilotu:

–Bu il daha yaxşı bolidə sahibik. Tarazlıq əla vəziyyətdədir. Digər komandaların hazırlıqları haqqında məlumatımız olmadığı üçün Azərbaycan Qran Prisi haqqında proqnoz vermək çox çətindir.  Var gücümüzlə mübarizə aparacağıq.

Hal-hazırda Renault komandasıyla bərabər gücdə, McLaren komandasından isə bir qədər sürətli olduğumuzu düşünürəm. Trekinin yarısında ən güclü rəqibimiz Renault komandasıdır. Nəzərə alsaq ki, bolidlərimiz oxşardır, onları məğlub da edə bilərik.

Əsas məqsədimiz bu komandalara qarşı mübarizə aparmaqdır. Keçən il səkkizinci yerdə qərarlaşdıq, bu il nəticəmizi yaxşılaşdırmaq istəyirik. Mövsümün ortasında yaxşı mövqedə olsaq, hədəflərimizi də yenidən müəyyənləşdirəcəyik.

 

Gunter Ştayner, komandanın rəhbəri:

–Mövsümün ilk 3 yarışında rəqabətə davamlı olduğumuzu göstərdik. Hər yarışda təkərləri daha yaxşı tanıyırıq. Bu il planımız ötən ildəkindən fərqlidir.

Ötən il mövsümün əvvəlində bolidlə bağlı yeniliklər etməməyə qərar verdik. Bütün diqqətimizi bu ilki bolidlərə yönəltmişdik. Bu il isə daha çox yeniliklər etmək qərarına gəlmişik.

 

Serxio Peres, “Force India” komandasının pilotu:

–Ötən ilki yarış elə bil dünən olub. Azərbaycan Qran Prisi ilə bağlı xoş xatirələrim var. Bakı treki artıq böyük rəğbət oyadıb. Burada rəqabət olduqca qızğındır.

Bu mövsümün ilk yarışları mənim üçün o qədər də asan olmadı. Bəhreyndə müvəffəqiyyətsizliyə uğradım. Yarışda belə şeylər olur. Çin Qran Prisində çox məyus oldum. Yarışı birinci döngədə başa vurmalı oldum.

Bolidin tarazlığından artıq məmnunam. Əvvəlki vəziyyətimizə qayıdırıq. Bakı yarışının maraqlı olacağını düşünürəm. Əsas məsələ sürətli və tormozlama zamanı inamlı olmaq lazımdır. Şəhər treklərini, xüsusilə də Bakı trekini sevirəm.

 

Esteban Okon, “Force India” komandasının pilotu:

–Bakı treki şəhər trekləri üçün xarakterik olmayan uzun düz yola sahibdir. Ötən il Azərbaycan Qran Prisi azarkeşlərin ən sevimli yarışı oldu. Şəhər treklərindəki atmosferi çox sevirəm.

Keçən il Bakı yarışı yaddaqalan oldu. Qızğın mübarizə aparmağımıza baxmayaraq bəzi fürsətləri əldən verdik. Bu il keçən ilki kimi sürətli olacağımıza ümid edirəm.

Bakı trekində 3-4 bolid yan-yana mübarizə apara bilər. Bu, Formula 1 yarışlarında nadir baş verən haldır. Bakı xal qazanmağımız üçün əla şansdır. Yarışdan-yarışa bolid daha da təkmilləşir. Bu mövsüm bəzi yeni elementləri sınaqdan keçirmişik. Hələ ki, mövsümün ilk yarışlarıdır. Bolidin tam potensialını üzə çıxara bilsək, yarışı ön sıralarda başa vura biləcəyik.

 

Vicey Malya, komandanın rəhbəri:

–Azərbaycan Qran Prisi xal qazanmağımız üçün olduqca əhəmiyyətlidir. Əlverişsiz şəraitə görə mövsümün ilk yarışlarında nəticə gözlədiyimiz kimi olmadı.  

Bəhreyn və Çində birinci döngədə baş verən qəzalara görə rəqiblərimizdən geri qaldıq. Yarışın əvvəlində bu qədər mövqe itirirsinizsə, vəziyyəti öz xeyrinizə dəyişmək çətinləşir. 

Digər tərəfdən Avstraliya Qran Prisindən sonra bolidin performansını artırmışıq. Son iki yarışda nəticələrimizi yaxşılaşdırmışıq.

 

Niko Hülkenberq, “Renault” komandasının pilotu:

–Mövsümə yaxşı başlamışıq. Xal qazanmağımız vacibdir. Yüksələn xətt üzrə hərəkət etməli və rəqiblərimizi məğlub etmək üçün səylə çalışmalıyıq. 

 

Karlos Sayns, “Renault” komandasının pilotu:

–Ümumiyyətlə, mövsümün ilk üç yarışı komanda üçün uğurlu keçdi. Məqsədlərimizə çatmaq üçün komanda olaraq böyük səy göstəririk. Özüm haqqında isə onu deyə bilərəm ki, boliddə müxtəlik tənzimləmələri sınaqdan keçirdim və doğru yolda olduğumuza əminəm. Sükanı belə saxlamalı və bacardığımız qədər çox xalla geri qayıtmalıyıq.

 

Siril Abitebul, İcraçı direktor:

–Bakı bu mövsüm bizim üçün yeni mərhələnin başlanğıcı olacaq. Barselonada mühərrikə etdiyimiz dəyişikliklərdən sonra bolidin qanadlarına şassi yeniliklərimizi tətbiq edəcəyik. İnanırıq ki, bu dəyişikliklər performansımızı qoruyub saxlamağımıza imkan verəcək. Hər bir elementin işlədiyinə əmin olmalıyıq.

 

Brendon Hartli, “Toro Rosso” komandasının pilotu:

 –Karyeram ərzində dəfələrlə müxtəlif şəhər treklərində yarışmışam. Şəhər trekləri maraqlı döngələri ilə unikaldır. Burada səhv etmək yolverilməzdir. Digər sürücülər kimi mənim də ən çox xoşuma gələn cəhət elə budur.

Qala Divarlarının yanından keçən döngə mənə Manakonu xatırladır. Mövsümün dördüncü yarışını səbirsizliklə gözləyirəm. Simulyator və keçən yarışların videolarını izləməkdən əlavə treki daha yaxşı öyrənməyə çalışacağam.

Yeni treki öyrənərkən təcrübə öz sözünü deyir. Simulyatorun real trekə tam uyğun modelləşdirildiyini gözləyirsən, ancaq buna qəti əmin olmaq çətindir.

Ona görə də ötən yarışların videolarını izləmək faydalıdır. Cümə axşamı baş tutacaq trek gəzintimizi səbirsizliklə gözləyirəm.

 

Pyer Qasli, “Toro Rosso” komandasının pilotu:

–Bakı treki divarlarla əhatələndiyi üçün burada risk etmək ehtimalı iki dəfə və daha çox artır. Bundan başqa uzun düz yol bu trekin maraqlı xüsusiyyətlərindən biridir. Keçən ilki yarış yüksək sürəti ilə yadda qaldı. Bir pilot kimi bu, həm maraqlı, həm də risklidir.

Keçən il yarışı ehtiyat pilot kimi müşahidə edirdim. Mövsümün ən həyəcanverici yarışlarından birində mübarizə aparacağıma görə çox xoşbəxtəm. Qala Divarları ətrafındakı döngə isə zənnimcə, çempionatın ən dar döngəsidir. Burada həm çoxlu vaxt qazanmaq olar, həm də itirmək.

Dar döngədən keçəndə bolidin baryerdən cəmi bir neçə santimetr aralı olduğunu görürsən. Diqqəti bir araya toplamaq çətinləşir. Digər treklərdən fərqli olaraq, bir az gec dönsən, ot və toz deyil, birbaşa divarla üz-üzə gələcəksən. Bu da məğlubiyyət üçün kifayətdir!

Birinci döngədə əyləci sıxanda yüksək sürəti hiss edirsən. Formula 2 yarışını ikinci yerdə başa vurmuşdum. Sonuncu dövrəyədək qalibiyyət uğrunda mübarizə aparmaq əladır. Yarışa 18-ci yerdə start verməyimə baxmayaraq, onu 2-ci yerdə başa vurdum. Unudulmaz yarış idi!

Əfsanə BAYRAMQIZI,
“Xalq Qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında