“Qarabağ” – əsl çempion!

İdman

Ağdam klubu Topaz Premyer Liqasının 24-cü turunda növbəti qələbəsini qazanaraq altıncı dəfə çempionluq zirvəsini fəth etmişdir. Üstəlik də, vaxtından əvvəl, finişə dörd tur qalmış!

Son illərin dəyişməz Azərbaycan çempionu indiki uğurunun ilk sevincini Sumqayıtdakı “Kapital Bank Arena”da yaşamışdır. Orada “Sumqayıt”la oyunun taleyini Dani Kintananın vurduğu yeganə qol həll etmişdir–1:0.

Sonuncu Çempionlar Liqası turnirində qrup mərhələsinə yüksələrək burada da ölkəmizi layiqincə təmsil etmiş Qurban Qurbanovun komandasına çempionluq həqiqətən, çox yaraşır.

Turun qalan oyunlarında “Keşlə” futbolçuları “Zirə”yə qalib gəlmiş–2:1, “Neftçi” pərəstişkarlarını “Qəbələ” üzərində qələbə ilə sevindirmiş–1:0, “Səbail” və “Kəpəz” isə meydanı hərəyə bir xalla tərk etmişlər–1:1.

Ötən turda “Qəbələ” (42 xal), “Sumqayıt” (39) və “Zirə”nin (35) uğursuzluğundan sonra “Neftçi” (34) onlara bir qədər də yaxınlaşmışdır. Hazırda gümüş və bürünc medallara “Qəbələ” ilə “Sumqayıt” daha yaxındırlar. Lakin finişə hələ dörd tur qalır və bu dörd klubun rəqabətində çox şey dəyişə bilər.

İyirmi beşinci turun görüşləri aprelin 27-29-da keçiriləcəkdir: “Zirə”–“Qarabağ”, “Keşlə”–“Neftçi”, “Qəbələ”–“Kəpəz”, “Sumqayıt”–“Səbail”.

 

Şəmkirdə sakitliyi Topalov “pozdu”

 

Vüqar Həşimovun xatirəsinə həsr edilmiş 5-ci beynəlxalq superturnirdə nəhayət, qələbələrin hesabı açılmışdır. Tamamilə “dinc” şəraitdə davam etmiş ilk üç turdan sonra dördüncü raundda sakitliyi Veselin Topalov “pozmuşdur”. Bolqarıstanlı qrossmeyster Şəhriyar Məmmədyarova qalib gəlmişdir.

Turun qalan oyunlarında Teymur Rəcəbov Maqnus Karlsenlə (Norveç), Rauf Məmmədov Radoslav Voytaşeklə (Polşa), Aniş Giri (Hollandiya) Din Lijenlə (Çin) və Sergey Karyakin (Rusiya) David Navara (Çexiya) ilə heç-heçəyə razılaşmışlar.

Dörd turdan sonra turnir cədvəlinə başçılıq edən Topalovun 2,5 xalı var. Səkkiz iştirakçı, o cümlədən Rəcəbov və Məmmədov 2, Məmmədyarov isə 1,5 xal toplamışlar.

Doqquz turdan ibarət turnirdə dünən beşinci turun görüşləri  keçirilmişdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında