“Şahin”lər hərbi-idman yarışlarına başladılar

Ölkənin gənclər və idman, müdafiə, təhsil, fövqəladə hallar, mədəniyyət və turizm nazirlikləri,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Respublika Veteranlar Təşkilatının birgə qərarı ilə təsdiq edilmiş əsasnaməyə uyğun olaraq, yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə “Şahin” hərbi-idman oyunlarının rayon mərhələsi başlanmışdır.  Xətai rayonunun 37 məktəbinin  yuxarı sinif şagirdləri arasında keçirilən bu yarışlara Heydər Əliyev adına Azərbaycan Dövlət Ali Hərbi Məktəbində start verilmişdir.

Hərbi orkestrın ifasında Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra Xətai Rayon İcra Hakimiyyəti başcısının müavini Jalə  Abdıyeva yarış iştirakçılarını salamlayaraq, ölkəmizin məktəbliləri arasında geniş yayılmasına, populyarlığına və pozitiv xarakterlərinə görə hərbi-idman oyunları Azərbaycan gənclərinin inkişafı, sağlam böyüməsi və ən əsası, hərbi-vətənpərvərlik ruhunda formalaşması üçün ideal vasitələrdən biridir.  Prezident İlham Əliyev  gənclərimizin məhz bu keyfiyyətlərini nəzərə alaraq deyir:  “Gənclərimiz peşəkar, bilikli, vətənpərvər olmalıdırlar. Peşəkar, bilikli olmaq üçün dövlət şərait yaratmalıdır, vətənpərvər olmaq üçün əlbəttə ki, dövlət təbliğatı aparılmalıdır. Ölkədə elə vəziyyət yaradılmalıdır ki, hər bir vətəndaş qürur hissi ilə deyə bilsin ki, o, bu ölkənin vətəndaşıdır. Bu gün biz bunu görürük”.

 J.Abdiyeva ölkədə həyata keçirilən dövlət gənclər siyasətindən, gənclərə yaradılan şəraitdən,  təhsil və idman sahələrində əldə edilən uğurlardan geniş söbət açaraq dedi: “Şahin” hərbi idman oyunlarının bir özəlliyi də ondadır ki, bu oyunlar məktəblilərdə intizamı, təşəbbüskarlığı, dözümlülüyü, təşkilatçılığı inkişaf etdirir və əla komanda ruhu tərbiyə edir. Bunlar isə torpaqlarımızın işğal altında olduğu indiki vaxtda bizə daha çox lazım olan keyfiyyətlərdir. İki il əvvəl Milli Ordumuzun aprel döyüşlərindəki zəfərinin bir səbəbi də məhz yeniyetmə gənclərimizin  məktəblərdə bu ruhda tərbiyə edilməsindən irəli gəlmişdir.

Yarış iştirakçılarına uğurlar arzulayan Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov qeyd etdi ki, Azərbaycan Ordusu müasir silahlarla və texnika ilə təmin edilmişdir və dünyanın ən güclü silahlı qüvvələrindən biridir. Burada iştirak edən yüzlərlə gənc, sabah xalqın və dövlətin əsas dayağı olan bu ordunun əsgəri və zabiti olacaq. Ona görə də məktəbli gənclərin təkcə fiziki cəhətdən deyil, hərbi texnikaya yiyələnmələri, mənəvi cəhətdən hazırlanmaları da onların qarşısında çox ciddi vəzifələr qoyur. “Şahin” hərbi idman oyunları bu baxımdan yeniyetmələrimiz, hərbi çağırış yaşına çatan gənclərimiz üçün bir sınaqdır.

Hərbi məktəbin rəisi, general-mayor Fizuli Salahov isə peşəkar zabit kimi "Şahin" hərbi-idman oyunlarının keçirilməsinin böyük əhəmiyyətini vurğulayaraq bildirdi ki, bu oyunlar hərbi xidmətə hazırlığın vacib bir mərhələsidir. Məhz belə tədbirlər ordumuza yetkin, vətənpərvərlik ruhunda tərbiyə olunmuş, hərbi peşələrin ümumi sirlərinə bələd olan əsgərlərin gəlməsinə şərait yaradır.

Çıxışlardan sonra general-mayor F.Salahov hərbi qaydada yarışlara başlamaq göstərişi verdi. Hərbi marşın sədaları altında komandalar nizami addımlarla tribunanın önündən keçdilər. Bu, iştirakçıların ilk imtahanı idi.

Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov məlumat verdi ki, yarışda rayonun 37 orta ümumtəhsil məktəbinin hər komandasının tərkibində 14 nəfər olmaqla, ümumilikdə 518 şagird iştirak edir. Komandalar yarışın 8 mərhələsi üzrə öz qüvvələrini sınayacaqlar. Yekunda ilk üç yeri qazanmış komanda Bakı şəhəri üzrə keçiriləcək yarışlara vəsiqə alacaq. Hakimlər heyətində idmançılarla yanaşı, hərbi zabitlər də təmsil olunurlar.

İlqar RÜSTƏMOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında