Şriftin ölçüsü:
01.03.2011 04:11 | Oxunma sayı: 458
Fevralın 28-də "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin mərkəzi qərargahında Milli Məclisin deputatı Qənirə Paşayevanın və Birliyin idarə heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Həvva Məmmədovanın "Xocalı soyqırımı: şahidlərin dilindən" kitabı təqdim olunmuşdur.
İctimai birliyin rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirmişdir ki, kitabda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın Xocalı şəhərini işğal edərək orada yaşayan azərbaycanlılara qarşı törətdiyi soyqırımı barədə ətraflı məlumat öz əksini tapmışdır. Burada Xocalı soyqırımının şahidləri olmuş və təsadüf nəticəsində sağ qalmış, ailə üzvləri, yaxınları gözləri qarşısında qətlə yetirilmiş adamların, ermənilər tərəfindən əsir və girov götürülmüş, ağır işgəncələrə və əzablara məruz qalmış bir çox Xocalı sakininin xatirələri verilmişdir. Yeni nəşr Xocalı həqiqətlərinin dünyaya çatdırılması işinə böyük töhfədir. İcma rəhbəri müəlliflərə təşəkkür etmişdir.
Qənirə Paşayeva faciənin tarixinə qısa ekskurs etdikdən sonra vurğulamışdır ki, özünü azərbaycanlı sayan hər kəs Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağa borcludur. Deputat bu sahədə ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini xatırlatmış, həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın gördüyü böyük işləri - kitab nəşrini, sənədli filmlər çəkilişini, çoxsaylı tədbirləri yada salmış, fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyasının beynəlxalq aləmdə doğurduğu əks-sədadan danışmışdır. Məlumat vermişdir ki, kitabın türkcəsi də işıq üzü görmüşdür. Tezliklə ingilis və ərəb dillərində, sonra isə başqa dillərdə buraxılacaqdır. Bir neçə günə kitabın elektron variantı müxtəlif kitabxanaların saytında yerləşdiriləcəkdir. Natiq kitabın ərsəyə gəlməsində göstərdiyi köməyə görə Heydər Əliyev Fonduna, Milli Təhlükəsizlik və Xarici İşlər nazirliklərinə, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinə və digər qurumlara minnətdarlığını bildirmişdir.
Həvva Məmmədova kitab üzərində iş prosesindən söz açmışdır. Bildirilmişdir ki, dünyanın kar və kor olduğu indiki zamanda hər birimiz səsimizi ucaltmağa, erməni vəhşiliklərini sənədləşdirməyə borcluyuq.
H.Məmmədova Xocalı ilə bağlı arxiv yaradılmasını təklif etmişdir. Vurğulanmışdır ki, bu arxiv ermənilərin iç üzünü açmaq işinə böyük töhfə olardı.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova xatırlatmışdır ki, bu gün həm də Sumqayıt hadisələrinin 23 illiyidir. Qeyd etmişdir ki, millətin oyanıb öz faciələrinin tarixini araşdırması, günahkarları üzə çıxarmaq istəyi sevindirici haldır. Çox xalqlar müharibə ilə üzləşib. Ancaq bizim üzləşdiyimiz müharibənin fərqi ondadır ki, düşmən faşistlərdən də qəddardır. Xocalıda törədilən soyqırımıdır. Bütün beynəlxalq hüquqi sənədlər bunu sübut edir. Özü də biz erməni saxtakarlardan fərqli olaraq dünyaya həqiqi faktları yayırıq. Həqiqət isə budur ki, Azərbaycana təcavüz olunub, Xocalıda soyqırımı törədilib. Təəssüf ki, bunu hələ dünya ictimaiyyətinə dedirdə bilməmişik. Yada saldı ki, vaxtilə Avropa Şurasında müzakirələr zamanı Ermənistan prezidenti özünün Xocalıda olduğunu etiraf etmişdir. O, kitabın əhəmiyyətini qeyd etmiş və müəlliflərinə minnətdarlığını bildirmişdir.
Milli Məclisin deputatı Astan Şahverdiyev hər ilin ilk rübündə faciələrimizin ildönümünü qeyd etdiyimizi təəssüflə xatırlatmışdır. Qeyd etmişdir ki, ermənilər əsrlər boyu bizə qənim kəsilmişlər. Özü də həmişə özlərinə havadar tapıblar. Natiq bu gün Azərbaycan xalqının bir əlində qılınc, birində qələm olduğunu vurğulamış, münaqişənin həllində Azərbaycan Prezidentinin mövqeyini alqışlamış və kitabın müəlliflərinə təşəkkür etmişdir.
Milli Məclisin deputatı Sahib Alıyev demişdir ki, Qənirə xanımla Həvva xanımın gördükləri iş informasiya savaşında Azərbaycanın qələbəsinə böyük töhfədir. Axı bu gün ölkələr dünyaya real güclə yox, virtual güclə təsir edirlər. Dünyanı Xocalı həqiqətlərinə inandırmaq üçün bədii film çəkməyin vaxtı çatmışdır. Bundan ötrü faktoloji material kifayət qədərdir. Bu gün təqdim olunan kitab o materiallardan biridir.
Xocalı sakinləri, iki şəhid atası Səttar Ağayev, Milli Qəhrəman Tofiq Hüseynovun qızı Yasəmən Hüseynova o dəhşətli gecə ilə bağlı xatirələrini danışmış, çəkdikləri müsibətləri dünya ictimaiyyətinə çatdıranlara təşəkkür etmiş, Xocalıya qayıdıb bağlı qapıları açmaq, sönmüş işıqları yandırmaq arzularını dilə gətirmişlər.{nl}
AzərTAc
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.