Sumqayıtın Novruz növrağı var

Ölkəmizin iqtisadi xəritəsində xüsusi yeri, mədəni aurasında ayrıca mövqeyi olan Sumqayıt bu günlər ruh oxşayan bir bahar ovqatına bələnib. Günəşin zərrin şəfəqləri altında bərq vuran sular, tumurcaqlayan, çiçək açan ağaclar, park və xiyabanları təbəssümə qərq edən əlvan güllər şəhərə ayrı bir gənclik şövqü gətirib. Sumqayıt bu yazı da şən əhval-ruhiyyə ilə, zəfər müjdələri ilə qarşılayır.

Hər bayrama bir-birindən gözəl töhfələr hazırlamaq, qədim adətlərimizi yeni, müasir çalarda təqdim etmək Sumqayıtda ənənə şəklini alıb. Aylardan bəri yolunu gözlədiyimiz Novruzu qarşılama tədbirlərinə hələ ilk çərşənbələrdən başlanmışdı. Reklam tablolarında Bahar qızının şəkilləri, səməni, şəkərbura, paxlava hamının diqqətini cəlb edirdi. Çəmənlərdə mövsümi güllər əkilmişdi.

Həm ümumşəhər miqyasında, həm də ayrı-ayrı məhəllələrdə, küçələrdə, evlərdə, maarif, mədəniyyət və səhiyyə ocaqlarında çərşənbə günləri tonqallar yandırılır, sakinlər insanlar gecə yarıdan keçənədək şənlənirdi. Artıq bir neçə gün idi ki, Keçəl və Kosa qara zurnanın sədaları altında şəhəri dolanır, evlərin qonağı olur, məktəblərdə şagirdlərlə görüşüb məzəli, maraqlı söhbətlər aparırdılar. Şəhərin qonaqları üçün hazırlanmış boxçadan hədiyyələr də ayrılıb paylanırdı.

Martın 19-da isə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda böyük qələbəlik vardı. Yaşından asılı olmayaraq, hər kəs xalq gəzintisində iştirak edirdi. Burada əmək veteranları, gənc ailələr, idmançılar, mədəniyyət ustaları bir araya gəlmişdilər. Heydər Əliyev Mərkəzinin qarşısı isə daha izdihamlı idi. İnsanlar bura ­toplaşdıqca musiqi, təbrik sədaları yayılırdı. İnsanların çöhrələri bahar sevinci ilə işıqlanırdı.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri ulu öndərin möhtəşəm abidəsinin qarşısından hərəkətə gələrək yaxınlıqdakı Kimyaçılar sarayının qarşısına doğru getdilər. Buraya toplaşanlar qonaqları böyük həvəslə salamladılar. Bakı, Naxçıvan, Lənkəran, Şirvan, Şəki, Quba, Qarabağ ellərindən gəlmiş sazlı-sözlü özfəaliyyət ustaları, rəqqaslar meydanda dövrə vurdular. Sumqayıt Dövlət Dram Teatrı kollektivinin hazırladığı kompozisiya təqdim olindu, ulu Dədə Qorqud və qədim Oğuz elinin böyük sərkərdəsi Qazan xan bütün iştirakçılara bayram təbriklərini çatdırdılar. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov meydanın ortasındakı tonqalı alovlandırdı.

Şəhər bələdiyyəsinin, texniki və tibb kolleclərinin alaçıqları önündə sərgilənən bayram süfrələri, xonçalar, səmənilər göz oxşayırdı. İdmançıların nümunəvi çıxışları maraqla izləndi. Gənc boksçular, pəhləvanlar, gimnastlar, kəndirbazlar, qol idmanı ustaları öz məharətlərini göstərdilər. Daha sonra ayrılmış səhnədə insanlar Sumqayıtın görməli yerlərinin canlı maketini yaratdılar. Bir anlıq hamının gözü qarşısında ərsəyə gələn bulvar, şahmat məktəbi və şəhərin gerbi canlandı. Sarayın qarşısında qurulmuş çadırlara yön alan iştirakçılara tariximizin müxtəlif dövrlərini əks etdirən səhnələr, tarixi eksponatlar təqdim edildi. Şəhər rəhbərliyi istedadlı, gözəl-göyçək balaların çıxışlarını dinləyərək onlarla xatirə şəkilləri çəkdirdi. Burada aşıqların xoş avazı, faytonların taqqıltısı, atların kişnərtisi hamını valeh etdi. İştirakçılar sacda yenicə bişən lavaş, bükmə və qutablardan daddılar. Azərbaycan mətbəxinin çoxçeşidli təamları, Novruzun atributları olan paxlava və şəkərburanın müxtəlif növləri də maraqla qarşılandı. Xanımlar öz biş-düşlərini canlı şəkildə iştirakçılar qarşısında nümayiş etdirdilər.

Daha sonra iştirakçılar sarayın qarşısında canlı konsert proqramına tamaşa etdilər.

Axşam yandırılan bayram tonqalları əsrlərin o üzündən bəri gələn, xalq ruhundan qanadlanan mərasimi daha da rövnəqləndirdi. Şənliklər saatlarca davam etdi və atəşfəşanlıqla sona çatdı.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında